Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3284/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli sərəncamına əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7828 saylı “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqaviləyə görə icarəyəverən (iddiaçı) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 53 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 72,27 kv.m torpaq sahəsi icarəçiyə (cavabdehə) icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir.
2. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə əsasən, torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd edilən sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz; 2.2. 2.1-ci bəndinə əsasən, icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur; 2.3. 2.2-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir; 2.4. 3.1-ci bəndinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 2160 manat, aylıq icarə haqqı 180 manat müəyyən edilir; 2.5. 3.2-ci bəndinə əsasən, icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ARİN ƏMDX-nin AR X2 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir; 2.6. 4.1-ci bəndinə əsasən, Bu müqavilə üzrə icarə müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilir; 2.7. 4.2-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq shəsini istifadə etdiyini nəzərə alaraq müqavilə həmin müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda).
3. İddiaçı tərəfindən cavabdehin adına tərtib edilmiş şəxi hesab vərəqində onun xx.xx.2025-ci il tarixə 1647,1 manat icarə haqqı borcunun olması qeyd olunmuşdur MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı sonradan dəqiqləşdirməklə, xx.xx.2024-cü il tarixli, 7828 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 1640,1 manat məbləğində pulun cavabdehdən tutularaq onun (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 7828 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 53 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 72,27 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 1640,1 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarəhaqqını ödəməkdən imtina etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin işirakı olmadan baxılmasını qərara almışdır.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi).
10. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 217.1-ci maddəsi).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPMin 218.3-cü maddəsi).
12. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir (MPM-in 222.2-ci maddəsi) TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
17. 706.1 və 710.1-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
18. 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
19. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin doqquzuncu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
21. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
28. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
29. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7828 saylı hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə öhdəlik münasibətləri təşkil edir. Mübahisəli hüquq münasibətində icarəyə verən müqavilə ilə razılaşdırılmış icarəyə verilmiş torpaq sahəsini müvəqqəti istifadə edilməsi üçün icarəçiyə təhvil verərək həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. Cavabdeh müqavilə ilə icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyini götürsə də, öhdəliyini lazımınca icra etməmiş və icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır. Belə ki, tərəflər qeyd edilən müqavilə ilə torpaq sahəsinin illik icarə haqqını 2160 manat, aylıq icarə haqqını 180 manat məbləğində müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş cavabdehin adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 60 manat məbləğində həyata keçirilmiş, xx.xx.2025-ci il tarixə isə onun 1647,10 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı icarə haqqı üzrə yaranmış borcun ödənilməsinə dair tələb irəli sürməkdə haqlıdır.
30. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixə icarə haqqı olaraq 1647,10 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 7828 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə ödənilməli olan 1647,1 (min altı yüz qırx yeddi manat on qəpik) manat pul məbləği tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı