Məhkəmə qərarları › İş №e-2-2(113)-3298/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3298/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3298/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, ilkin müqavilə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən AT/Prestij 01-0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə), AT/Prestij 01-0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) və AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən 9000 (doqquz min) manat pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 110 (bir yüz on) manat pul məbləğinin, ümumilikdə 9110 (doqquz min yüz on) manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında “Qeyriyaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) imzalanmışdır. AT/Prestij 01-0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 2 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimiçıxış edən İddiaçı şirkətə 3.000 (üç min) manat pul ödəmişdir. AT/Prestij 01-0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 3 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimi çıxış edən İddiaçı şirkətə 3000 (üç min) manat pul ödəmişdir. AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)-nın 2.3-cü maddəsinə əsasən adıçəkilən müqavilədə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 4 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan obyektin yerinin təyin edilməsi və öhdəliklərin icrasına təminat olaraq sahibkar kimi çıxış edən İddiaçı şirkətə 3000 (üç min) manat pul ödəmişdir. Beləliklə, İddiaçı tərəfindən "xxxx" MMC-yə 9000 (doqquz min) manat pul ödəmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) cavadeh tərəfindən icra olunmamışdır. xx.xx.2024-cü il tarixdə pretenziya ilə cavabdeh "xxxx" MMC-yə müraciət olunmuş və 10 gün ərzində üzərlərinə düşən 9000 (doqquz min) manat pul öhdəliyin icrası tələb edilmiş, müddətin bitməsinə baxmayaraq onlar 9000 (doqquz min) manat pul məbləğini iddiaçıya qaytarmamışlar. Adı çəkilən müqavilələr birtərəfli qaydada, İddiaçı tərəfindən icra edilməsinə baxmayaraq cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd edilən halı əsas gətirərək cavabdeh tərəfindən 9000 (doqquz min) manat pul məbləği İddiaçı geri ödənilməlidir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilələr bağlanan gün 9000 manat pulu direktorun özünə nağd qaydada ödəmiş, lakin ödəniş barədə ona hər hansı sənəd verilməmiş, müqavilələrin imzalanmasının ödənişi təsdiq edən sənəd olması bildirilmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilələr MMC-nin əvvəlki rəhbərliyinin dövründə bağlanmış, 2023-cü ilin mart ayında rəhbərlik dəyişmiş, iddiaçı onlara yaxınlaşıb ödənişi geri istədikdə ona ərizə yazması tövsiyə edilmiş, iddiaçının müraciəti üzrə araşdırma apardıqda onun tərəfindən ödəniş edilməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Ödəniş edildiyi təqdirdə bu barədə qəbz və sairə olmalı idi. İddiaçı MMC-nin direktor müavinin səs yazısını onun razılığı və xəbəri olmadan qeydə almışdır. Bundan əlavə, pul həmin şəxsə ödənilmədiyi halda, direktor müavini iddiaçının həqiqətən də pulu ödəməsini təsdiq edə bilməzdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (sahibkar) və cavabdeh (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0303 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 3 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini öhdəsinə götürür, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

8. İddiaçı (sahibkar) və cavabdeh (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0304 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 4 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini öhdəsinə götürür, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

10. İddiaçı (sahibkar) və cavabdeh (şirkət) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AT/Prestij 01-0302 nömrəli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən şirkət gələcəkdə Bakı şəhəri, Qaradağ rayonu, Löbatan-Xocasən yolu 57 (sağ tərəf) ünvanında inşa ediləcək tikinti materialları mərkəzinin tikintisi başa çatdıqdan sonra sol sıra 1, korpus 3, mağaza 2 ünvanında yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 51.5 m olan sahəni sahibkara icarə müqaviləsi ilə istifadəyə verəcəyini öhdəsinə götürür, sahibkar isə həmin obyekti müqavilə ilə qeyri-yaşayış sahəsi hazır olduqdan sonra icarəyə götürəcəyini və bunun təminatı olaraq bu müqavilə ilə müəyyən edilmiş maddi vəsaiti ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.5-ci bəndinə görə sahibkar gələcəkdə icarə müqaviləsinin bağlanmasndan yayınarsa, yəni icarə müqaviləsini obyekt hazır olduğu gündən 10 gün ərzində imzalamazsa, bu müqavilə qüvvədən düşmüş hesab ediləcək və və şirkət sahibkarın adına qeyd edilmiş obyekti qeyri-şərtsiz üçüncü şəxsə vermək hüququna malik olacaq.

12. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

19. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

20. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə üç ilkin müqavilə bağlanmışdır.

22. İddiaçı həmin müqavilələrin hər biri üzrə iddiaçıya 3000 manat olmaqla, ümumilikdə 9000 manat ödənildiyini iddia edir.

23. Cavabdeh iddiaya qarşı etirazında ona həmin müqavilələr üzrə iddiaçının hər hansı vəsait ödəmədiyini bildirir.

24. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

25. Məhkəmə qeyd edir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Buna görə də iddiasının əsası kimi istinad etdiyi bu halı, yəni 9000 manat pulun ödənilməsini iddiaçı sübut etməlidir.

28. İddiaçı həmin vəsaitin ödənilməsini təsdiq edən hər hansı yazılı sübut təqdim edə bilmir.

29. Əvəzində iddiaçı şahid ifadəsi təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.

30. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsinə göstərdi ki, iddiaçını 2020-ci ildən tanıyır, demək olar ki, şərikidir. Özünün əsas işi torpaq-tikinti işləridir. Cavabdeh şirkəti tanıyır. Səməd adlı şəxsə üç mağaza ilə bağlı yaxınlaşmışdı. O çılçıraq işi ilə məşğul olacaqdı. Müqavilələrin hamısı Aynurə xanımın adına idi. Üç mağazanı icarəyə götürmüşlər. Lökbatan ərazisində ofisə yaxınlaşmışlar. Səməd adlı şəxsi orada görmüşlər. O, özünü rəhbər kimi təqdim etmişdir. İlk öncə qəbul bölməsində onları qəbul etmişdi. O zaman gözləmədə 20 nəfər adam da var idi. Hər mağaza üçün 3000 manat olmaqla ümumi 9000 manat ödəniş etmişlər. Mağazaya gedənə qədər mağazanın icarə haqqının 3000 manat olmasını bilmirdilər. Orada onlara məbləğ bildirilmiş, onlar isə razılaşmışlar. Onlar ofisə gedəndə orada tikinti-təmir işləri aparılırdı. Səməd bəy onlara əyani olaraq tikilməkdə olan obyektlərin yerini göstərərək, onlara veriləcəyini bildirdi. Daha sonra o, iddiaçı ilə birlikdə maşına əyləşmiş, Aynurə xanım 9000 manat pulu maşında onun yanında saymış, özü tək ödəniş etməyə getmişdir. Aynurə xanım özü otaqda pulu Səməd bəyə vermiş, o, həmin vaxt maşında iddiaçını gözləmişdir. Aynurə xanım pulu əlbəəl verdikdə onun yanında olmamışdır. Aynurə xanımın pulu götürüb hara getdiyini bilmir, pulu Səməd bəyə verib-verməməsini görməmişdir. İddiaçı daha sonra özü gəlib, müqavilə göstərdi, dedi ki, “pulu verdim müqaviləni aldım”. Bu hadisələrin hansı tarixdə olmasını xatırlamır, 3-4 il öncə yaz-yaz ayları idi. Müqavilədə möhür olub-olmamasını görməmişdir. Bundan 3 il sonra ofisə getdikdən sonra Aynurə dedi ki, Səməd orada yoxdur, orada Bəhruz adlı şəxsin olduğunu bildirdi. Obyektin başqa şəxsə icarəyə verildiyini öyrənmişlər. Bundan sonra pulu geri istəmişlər. Bəhruz müəllimin yanında bir dəfə, keçən il olmuşlar. Həmin ofisdə onları qəbul etdmişdir. Onu daha əvvəl görməmişdir. O bildirdi ki, “siz pulu mənə verməmisiniz” lakin müqavilənin onlara aid olduğunu bildirdi. Əlavə olaraq “biz artıq müqavilə bağlayanda pul almırıq” deyə bildirdi. Aynurə xanımdan cavabdeh pul almaqlarını dandıqları üçün iddiaçı onların səsini yazmışdır. Səsyazı qeydə alındığını Bəhruz müəllimə bildirmişlər. Açıq deməsələr də, stolun üstündə telefon olmasını görürdü. Aynurə xanımın telefonu ilə səsyazı qeydə alınırdı. Bəhruz müəllim ilk əvvəl pulun verilməsini qəbul etmirdi. Səməd bəyin dövründə məsələnin olduğunu bildirmişdi. Araz müəllimi tanımır. Orada onlara heç bir ərizə yazdırmadılar. Onlara dedilər ki, “başqa obyekt verək, lakin pulu qaytara bilmərik”. Bəhruz müəllim səsi yazmaqla bağlı onlara razılıq, icazə verməmişdir. Ancaq danışıq əsnasında telefonu görəndə bildirdilər ki, səsi yazırlar. Onlar səsi yazdıqdan sonra çıxıb getmişlər. Oradan çıxdıqdan sonra Niyazi bəyin yanına yaxınlaşmamışlar. Niyazini hazırda ilk dəfədir görür.

31. Şahid ona ünvanlanmış suallara cavab olaraq pulun ödənilməsinin şahidi olmadığını, iddiaçı vəsaiti ödəyən zaman yanında olmadığını, 9000 manat pulun ödənilməsinin ona iddiaçının özünün dediyini bildirmişdir.

32. Bundan əlavə, şahid məhkəməyə müqavilələrin hansı tarixdə bağlanması, pulun hansı tarixdə və kimə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişdir.

33. Beləliklə də cavabdehin təqdim etdiyi şahidin ifadəsi kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadə 9000 manat pulun ödənilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

34. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

35. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səsyazmanı ümumiyyətlə sübut qismində qəbul etmir.

36. Belə ki, həmin səsyazma iddiaçı tərəfindən ona məxsus telefon vasitəsilə cavabdehin direktor müavini vəzifəsində işləyən Bəhruz Həsənov adlı şəxsin xəbəri və razılığı olmadan qeydə alınmışdır.

37. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə əsasən ... Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

39. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

40. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

41. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

42. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 110 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş 110 (bir yüz on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar