Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-33/2021 24.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38422,40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 14 sentyabr 2018-ci il tarixində cavabdeh fərdi sahibkar (VÖEN **********) Cavabdeh ilə müxtəlif ərazilərdə yerləşən 3 iaşə obyektinə dair subicarə müqavilələri bağlanmış. Cavabdeh ilə aramızda bağlanmış 14 sentyabr 2018-ci il tarixli subicarə müqavilələrinə əsasən 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70 m2 olan iaşə obyekti 9 ay yarım müddətinə aylıq icarə haqqı 1000 manata; 2. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 130 m2 olan iaşə obyekti 9 ay yarımmüddətinə aylıq icarə haqqı 2500 manata; 3. ünvan 3 ünvanında yerləşən, ümumisahəsi 150 m2 olan iaşə obyekti 9 ay yarım müddətinə aylıq icarə haqqı 2000 manata subicarəyə verilmişdir. Başqa sözlə cavabdeh tərəfindən hər 3 iaşə obyektinə görə ümumilikdə aylıq 5500 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməli idi. Subicarə müqavilələri əsasında 14 sentyabr 2018-ci il tarixindən iaşə obyektlərindən istifadə edən Cavabdeh 7 ay yarımdan artıq icarə müddəti dövrünə görə ümumilikdə 41250 manat icarə haqqı ödəməli idi. Lakin buna baxmayaraq cavabdeh tərəfindən bu günədək ümumilikdə 10554,90 manat məbləğində icarə haqqı ödənilmiş, 8328,70 manat məbləğində isə göstərilmiş xidmətlərə qarşı icarə haqqı ilə əvəzləşdirmə aparılmışdır. Başqa sözlə cavabdeh tərəfindən ödənilməli 41250 manat məbləğində icarə haqqı əvəzinə ümumilikdə 18883,60 manat məbləğində ödəniş həyata keçirilmiş, bu günə isə icarə haqqına görə 22366,40 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əlavə olaraq bildirmək istəyirəm ki, icarəyə verilmiş obyektlərdən istifadə edildiyi dövr ərzində kommunal xidmətlərin haqqı da cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də cavabdehin elektrik sərfiyyatına görə 3831 manat, su sərfiyyatına görə isə 1225 manat ümumilikdə 5056 manat məbləğində borcu yaranmışdır. Subicarə müqavilələrinin şərtlərinə əsasən cavabdeh tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verildikdə o, müqavilə müddətinin sonunadək icarə haqqını ödəyəcəyinə dair öhdəlik də götürmüşdür. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən subicarə müqavilələrinə əsasən 2019-cu ilin may və iyun aylarına görə də icarə haqqı ödənilməlidir. Qeyd edilən aylara (may və iyun) görə icarə haqqının məbləği isə ümumilikdə 11000 manat təşkil edir. Beləliklə də Cavabdeh subicarə müqavilələrinə əsasən gecikdirilmiş icarə haqqına görə 22366,40 manat, müqavilə müddətinin sonunadək ödənilməli icarə haqqına görə 11000 manat, elektrik və su sərfiyyatına görə 5056 manat, ümumilikdə 38422,40 manat məbləğində borcu vardır. Yaranmış mübahisənin məhkəmədənkar həlli üçün tərəfimdən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndələri ilə dəfələrlə danışıqlar aparılmış, çoxsaylı güzəşt təklifləri edilmiş, lakin cavabdeh tərəfindən öhdəliyin icrasından imtina edilmişdir. Son olaraq cavabdehə bildiriş göndərilərək borc məbləğinin ödənilməsi tələb edilmiş, bunun üçün müddət təyin edilmiş, borcun ödənilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verərək iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Bildirişi aldıqdan sonra da cavabdeh tərəfindən öhdəliklər yenə də icra edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İlkin iddia üzrə cavabdeh X1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35000 manat maddi, 25000 manat mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq zor tətbiq etməklə obyekdən çıxarıldıqlarını və 2 aydan artıq oraya buraxılmadıqlarını, 50000 manatdan artıq avadanlıqların orada götürülməsinə icazə verilmədiyini, qida məhsulların xarab olduğunu və qida satışı ilə məşğul olan şirkətlərə külli miqdarda borc qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, vəkili Vəkil ilkin iddianı müdafiə etdiyini, ilkin iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, tələb olunan 38422,40 manat vəsaitin 33366,39 manatı icarə haqqı borcudur, bu həm 24 aprel 2019-cu il tarixədək olan ödənilməmiş 21449,73 manat, həmdə həmin tarixdən müqavilənin bitmə tarixinə qalan 11916,66 manat məbləğində borcdur, həmçinin cavabdehin elektrik sərfiyyatına görə 3831 manat, su sərfiyyatına görə isə 1225 manat ümumilikdə 5056 manat məbləğində borcu qalmışdır. Bununla yanaşı vəkil izahatında Cavabdeh müqavilə müddəti bitməmiş qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etdiyini bildirmişdir. Vəkil qarşılıqlı iddianı isə qismən qəbul edərək izahatında cavabdehin tələb etdiyi və siyahıya alınmış əşyaların əvəzində cavabdehə 13065 manat məbləğində vəsaitin ödənilməsinə razı olduqlarını, cavabdehin 04.08.2021-ci il tarixdə ərizədə göstərdiyi əşyaların olmadığını, ayaq üstü qida qəbulu üçün nəzərdə tutulan divara vurulmuş rəfin geri qaytarılmasına etiraz etmədiklərini bildirərək iddia tələbinin digər hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X4 ilkin iddia tələbini qismən qəbul edərək suya görə 1225 manat deyil, 400 manat, elektrik enerjisinə görə 3831 manat deyil, 800 manat borcun olduğunu, cavabdehin öz istəyi olmadan iddiaçının tələbi ilə 24 aprel 2019-cu il tarixdə icarə sahəsindən çıxarıldığını, icarə haqqı tələbi hissəsində isə iddianın rədd edilməsini xahiş etmişdir. X4 qarşılıqlı iddianı müdafiə etdiyini, icarəyə götürülən sahədə qalan və iddiaçı tərəfindən siyahıya alınan əşyaların 13065 manat məbləğində qiymətləndirilməsindən razı olduğunu, lakin bununla yanaşı siyahıda olmayan lakin orada qalan və məhkəməyə təqdim edilən 04.08.2021-ci il tarixdə ərizədə göstərilən müxtəlif əşyaların geri qaytarılmasını və yeməkxananın quraşdırılması, təmir işləri ilə bağlı xərclərin, həmçinin maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 sentyabr 2018-ci il tarixli subicarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyəverən) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 150 m2-dən ibarət olan qeyriyaşayış sahəsini aylıq icarə haqqı 2000 manat olmaqla 30.06.2019-cu il tarixədək icarəçi - Cavabdeh icarəyə vermişdir. 14 sentyabr 2018-ci il tarixli subicarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyəverən) Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 130 m2-dən ibarət olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 2500 manat olmaqla 30.06.2019-cu il tarixədək icarəçi - Cavabdeh icarəyə vermişdir. 14 sentyabr 2018-ci il tarixli subicarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyəverən) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 70 m2-dən ibarət olan qeyriyaşayış sahəsini aylıq icarə haqqı 1000 manat olmaqla 30.06.2019-cu il tarixədək icarəçi - Cavabdeh icarəyə vermişdir. 15 fevral 2021-ci il tarixli, 10/2428-9/3706-9/3710 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh 24.04.2019-cu il tarixədək 21449,73 manat, həmin tarixdən 30.06.2019-cu il tarixədək 11916,66 manat borcu vardır. Aparılmış tədqiqatın dəyəri 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1, 445.2.2, 445.7, 448.1, 448.2, 448.4, 700.1, 700.2-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndi). Məhkəmədə baxışında müəyyən edilmişdir ki, 14 sentyabr 2018-ci il tarixində İddiaçı (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 3 iaşə obyektinə dair 30 iyun 2019-cu ilədək hər ay cəmi 5500 manat məbləğində icarə haqqının ödənilməsi şərti ilə subicarə müqavilələri bağlanmışdır. Cavabdeh 24 aprel 2019-cu il tarixdə iddiaçının tələbi ilə icarəyə götürdüyü iaşə obyektlərindən çıxarıldığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, həmçinin müqavilənin xitamı ilə bağlı heç bir hərəkət etməmiş və məhdudiyyətləəlahiyyətli orqanlara və ya məhkəməyə müraciət etməmiş, bununla yanaşı həmin tarixədək yaranmış 21449,73 manat borcun ödənilməsi ilə bağlı sənəd təqdim etməmişdir. Bu isə, o deməkdir ki, 24 aprel 2019-cu il tarixədək Cavabdeh 21449,73 manat borcu yaranmış, həmçinin həmin tarixdən sonra sonuncu yuxadıda qeyd olunan hərəkətləri etmədiyindən, onun müqavilənin müddətinin bitdiyi 30 iyun 2019-cu il tarixədək 11916,66 manat məbləğində borcun yarandığı müəyyən edilir (ekspert rəyi). Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin 30 iyun 2019-cu il tarixədək, yəni müqavilənin qüvvədə olma müddətədək cəmi 33366,39 (21449,73+11916,66) manat məbləğində icarə haqqı borcu yarandığına görə iddiaçının tələbi həmin hissəd əsaslı olduğundan təmin edilməlidir. Sözügedən tələblə yanaşı iddiaçı elektrik sərfiyyatına görə 3831 manat, su sərfiyyatına görə isə 1225 manat ümumilikdə 5056 manat məbləğində borc tələb etsə də, bununla bağlı məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, cavabdehin nümayəndəsi isə elektrik sərfiyyatına görə 800 manat, su sərfiyyatına görə isə 400 manat olduğunu bildirdiyinə görə məhkəmə hesab edir ki iddiaçının tələbi cavabdehin qəbul etdiyi həcmdə təmin edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin yalnız 89,96% təmin olunduğuna görə Cavabdeh 26,98 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər iaşə obyektində qalan və siyahıya alınmış əşyaların dəyəri barəsində 13065 manat məbləğində razılaşdığına görə iddia maddi ziyan tələbi hissədə 13065 manat həcmində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı ayaq üstü qida qəbulu üçün nəzərdə tutulan divara vurulmuş rəf də geri qaytarılmalıdır. Lakin bununla yanaşı 04.08.2021-ci il tarixdə Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədə tələb olunan siyahıda göstərilməyən əşyalar və əlavə digər xərclər, həmçinin mənəvi zərərlə bağlı tələblər təmin edilə bilməz ona görə ki, Cavabdeh bununla bağlı sübut təqdim etməmişdir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin yalnız 26,13% təmin olunduğuna görə İddiaçı 7,83 manat məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 33366,39 manat məbləğində icarə haqqı borcu, elektrik sərfiyyatına görə 800 manat, su sərfiyyatına görə 400 manat cəmi 34566,39 manat və dövlət rüsumu kimi ödənilmiş 26,98 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi ziyan kimi 13065 manat və dövlət rüsumu kimi ödənilmiş 7,83 manat məbləğində pul, həmçinin ayaq üstü qida qəbulu üçün nəzərdə tutulan divara vurulmuş rəf alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, hər iki tərəfin tələbi qismən təmin olunduğuna görə məhkəmə ekspertizasının xərci olan 150 manat məbləğində pulun 75 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 33366,39 manat məbləğində icarə haqqı borcu, elektrik sərfiyyatına görə 800 manat, su sərfiyyatına görə 400 manat cəmi 34566,39 manat və dövlət rüsumu kimi ödənilmiş 26,98 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı maddi ziyan kimi 13065 manat və dövlət rüsumu kimi ödənilmiş 7,83 manat məbləğində pul, həmçinin ayaq üstü qida qəbulu üçün nəzərdə tutulan divara vurulmuş rəf alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Məhkəmə ekspertizasının xərci olan 150 manat məbləğində pulun 75 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-33/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-33/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver