Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3301/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli № 23/77 saylı icarə müqaviləsi üzrə 7503,5 manatı, xx.xx.2021-ci il tarixli № 23/90 saylı icarə müqaviləsi üzrə 7335,27 manatı, xx.xx.2021-ci il tarixli № 20/91 saylı xidmət müqaviləsi üzrə 9553,43 manatı - ümumilikdə 24.392,20 (iyirmi dörd min üç yüz doxsan iki manat iyirmi qəpik) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manatı və mediasiya xərclərinə görə 200 manat məbləğində pulun Cavabdehndən tutaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müasir ayaqaltı və betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarə verilməsinə dair icarə müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, № 20/91 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh xidmət haqqını ödəməyi, İddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Cavabdeh tərəf isə müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 24.392,20 manat borcla razı olduqlarını və qeyd edilən borc məbləğini ödəyəcəklərini bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli 23/77 saylı və xx.xx.2021-ci il tarixli № 23/90 saylı müasir ayaqaltı və betonaltı iskələ və dəmir dirəklər sistemlərinin icarəyə verilməsi müqavilələr, xx.xx.2021-ci il tarixdə isə 20/91 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tələbin qanuni əsası tapılarkən tərəflər arasında bağlanmış və işin faktiki əsasını təşkil edən müqavilələrin məzmuna diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin icarə müqaviləsi və xidmət müqaviləsi olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid və podrat müqaviləsinə dair normalar nəzərdən keçirilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə qeyd edir ki, hazıkı mübahisənin həlli baxımından ilk öncə icarə müqavilələri ilə bağlı hissəyə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23/77 saylı icarə müqaviləsi üzrə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 1.509,68 manat dəyərində, xx.xx.2021-ci il tarixli 3.705 manat dəyərində, xx.xx.2021-ci il tarixli 2.288,82 manat dəyərində malların icarə verilməsi haqqında aktlar imzalanmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixli № 23/90 saylı icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 2.662,5 manat dəyərində, xx.xx.2021-ci il tarixli 1.010 manat dəyərində, xx.xx.2021ci il tarixli 1.302 manat dəyərində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi əhatə edən dövr üçün 1.229,04 manat dəyərində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edən dövr üçün 859,85 manat dəyərində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edən dövr üçün 30 manat dəyərində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edən dövr üçün 241,88 manat dəyərində malların icarə verilməsi haqqında aktlar imzalanmışdır. Göründüyü kimi, cavabdeh tərəf xx.xx.2021-ci il tarixli 23/77 saylı icarə müqaviləsi üzrə cəmi 7.503,5 manat dəyərin malların ona icarəyə verilməsini aktla təsdiq etsə də, qeyd edilən mallara görə icarə haqqını ödəməmişdir. Həmçinin də, son məhkəmə baxışında bunu mübahisələndirməmiş və borcunu qəbul edərək, ödəyəcəklərini bildirmişdir. Digər xx.xx.2021-ci il tarixli № 23/90 saylı icarə müqaviləsi üzrə isə ümumilikdə aktlarla 7.335,27 manatlıq malların icarəyə verilməsini qəbul etsə də, qeyd edilən mallara görə icarə haqqını ödəməmişdir. Həmçinin də, bu müqavilə üzrə də, qeyd edilən halı mübahisələndirməmiş və borcunu qəbul edərək, ödəyəcəklərini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 10 mart 2021-ci il tarixli 23/77 saylı icarə müqaviləsi üzrə 7503 (yeddi min beş yüz üç) manat 50 (əlli) qəpik, xx.xx.2021-ci il tarixli № 23/90 saylı icarə müqaviləsi üzrə 7335 (yeddi min üç yüz otuz beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixli 20/91 saylı xidmət müqaviləsi üzrə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20/91 saylı xidmət müqaviləsi üzrə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli dəyəri 5.454 manat dəyərində, xx.xx.2021-ci il tarixinə kimi yerinə yetirilmiş işlərin dəyəri olaraq 2.000 manat, xx.xx.2021-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 6.000 manat (2-ci yarımstansiya Şuşa layihəsi), xx.xx.2021-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 6.000 manat (Şuşa rayonu layihəsində görülən işlər), xx.xx.2021-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 2168,62 manat, xx.xx.2021-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 47,50 manat, xx.xx.2022ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 105,63 manat, xx.xx.2022-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 1.228 manat, xx.xx.2022-ci il tarixinə kimi yerinə yetrilmiş işlərin dəyəri olaraq 601 manat dəyərində olan aktları təsdiq etməklə qeyd edilən işlərin görüldüyü qəbul etmişlər. Göründüyü kimi, cavabdeh tərəf ümumilikdə xx.xx.2021-ci il tarixli 20/91 saylı xidmət müqaviləsi üzrə 23.604,75 manat dəyərində olan işlərin qəbul edildiyini qəbul etmişdir. Qeyd edilən məbləğdən məhkəmədə iddia qaldırılan tarixədək xx.xx.2021-ci il tarixində 2000 manat, xx.xx.2021-ci il tarixində isə 5000 manat, iddia qaldırıldan sonra isə xx.xx.2022-ci il tarixində 711,38 manat, xx.xx.2022-ci il tarixində 3.388,62 manat və sonradan da 2.951,32 manat (iddiaçının özünün təqdim etdiyi maliyyə arayışından görünür) ödəniş etmişdir və qeyd edilən müqavilə üzrə cəmi 9553 (doqquz min beş yüz əlli üç) manat 43 (qırx üç) qəpik borcu qalmışdır. Bu müqavilə üzrə də, cavabdeh tərəf qeyd edilən borc məbləği ilə razı olduğunu bildirmiş və ödəyəcəklərini bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 20/91 saylı xidmət müqaviləsi üzrə 9553 (doqquz min beş yüz əlli üç) manat 43 (qırx üç) qəpik pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 210 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 14 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Məhkəmə iddianın mediasiya xərclərinə görə 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə arasında bağlanılmış 10 mart 2021ci il tarixli 23/77 saylı icarə müqaviləsi üzrə 7503 (yeddi min beş yüz üç) manat 50 (əlli) qəpik, xx.xx.2021-ci il tarixli № 23/90 saylı icarə müqaviləsi üzrə 7335 (yeddi min üç yüz otuz beş) manat 27 (iyirmi yeddi) qəpik, xx.xx.2021-ci il tarixli № 20/91 saylı xidmət müqaviləsi üzrə 9553 (doqquz min beş yüz əlli üç) manat 43 (qırx üç) qəpik, ümumilikdə 24.392 (iyirmi dörd min üç yüz doxsan iki) manat 20 (iyirmi) qəpik məbləğində pul “X5” tutularaq İddiaçı verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul “X5” tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul “X5” tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3301/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3301/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver