Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3306/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdeh “xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx/xx/2020-ci il tarixə qeyd olunan borc (163012,63 manat) məbləğindən dövlət büdcəsinə ödənilməmiş 159712,63 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 167654,53 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 249,34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 171000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan “xxxx" ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2020-ci il tarixə yaranan 163012,63 manat borcuna görə 171000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2020-ci il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx/xx/2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 159712,63 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 167654,53 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 249,34 manat məbləğində borcu qalmışdır. Cavabdeh “xxxx" ASC xx.xx.2020-ci il tarixdə məhkəmə ərizə ilə müraciət edərək, “xxxx" ASC-nin qeyri neft sektoruna aid olan istehsal müəssisəsi olmaqla məişət soyuducularının istehsalı və satışı ilə məşğul olduğunu, son zamanlar dünyada baş verən hadisələr, maliyyə böhranı, eyni zamanda cari ilin əvvəlindən başlayan pandemiya səbəbindən xüsusi karantin rejiminin tətbiqi və digər məsələlərlə əlaqədar müəssisədə ciddi maliyyə probleminin yarandığını, həmçinin istehsal olunan məhsula tələbat mövsümi xarakter daşıdığını, yəni, əsasən məhsul satışı may-sentyabr aylarında həyata keçirildiyini, iddiaçının açıq hərraca çıxartmaq üçün siyahıya aldığı avadanlıqlar istehsal üçün gündəlik istifadə edilən işlək avadanlıqlar olduğunu, müəssisə hazırda ciddi maliyyə çətinliyi ilə üzüzə qalması səbəbindən əmək haqlarının ödənilməsi, müəssisədən xəsarətə görə müavinət alanların müavinətinin verilməsi və mal-materiala görə olan kreditor borcların ödənilməsində ləngiləmələr yarandığını bildirərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərraca çıxarılması barədə qətnamənin əvəzinə mövcüd borcun 5 il müddətinə bərabər hissələrlə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixli ərizələri ilə eyni məzmunlu izahat verərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərraca çıxarılması barədə qətnamənin əvəzinə mövcüd borcun 5 il müddətinə bərabər hissələrlə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx/xx/2020-ci il tarixli **********1 nömrəli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər N. 4 ünvanında yerləşən “xxxx" ASC-yə məxsus ümumi dəyəri 171000 manat məbləğində olan daşınar əmlaklar siyahıya alınmış və məsul saxlanmaya verilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh “xxxx" ASC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də “xxxx" ASC-nin dövlət büdcəsinə ödənilməmiş 159712,63 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 167654,53 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 249,34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 171000 manat dəyərində daşınar əmlaklar siyahıya alınmışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh “xxxx" ASC vergiləri tam həcmdə və vaxtında ödəmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx" ASC-nin xx/xx/2020-ci il tarixə qeyd olunan borc (163012,63 manat) məbləğindən dövlət büdcəsinə ödənilməmiş 159712,63 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 167654,53 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 249,34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 171000 manat məbləğində siyahıya alınmış əmlaklar ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh “xxxx" ASC-dən 10 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3306/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3306/2020
24.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver