Məhkəmə qərarları › İş №e-2-2(113)-3306/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3306/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3306/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər X4 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər X4 və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər X5 və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 və X5 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 625 ünvanında yerləşən 349.7 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 9869 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2024cü il tarixli, 9869 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 2.218,58 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 və X5 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 625 ünvanında yerləşən 349.7 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 9869 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə əsasən cavabdehlər öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdehlər tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh1 və X5 (icarəçi) arasında xx.xx.2024-cü il tarixli, 9869 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 625 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 349.7 kv.m torpaq sahəsi icarəyə verilmişdir.

11. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 3.840 manat, aylıq icarə haqqı 320 manat hesablanır.

12. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixə cavabdehdən 2.218,58 manat məbləğində borcun tutulmasını məhkəmədən xahiş edir.

13. İş materiallarına əlavə olunmuş şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh1 və X3 xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödəməli olduğu məbləğ 2.218,58 manat təşkil edir.

14. Belə olan halda Məhkəmə hesab edir ki, 2.218,58 manat məbləğində icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Bundan başqa Məhkəmə, hesab edir ki, qeyd edilmiş icarə müqaviləsinin şərtləri Cavabdeh1 və X5 tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh1 və X5 (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 9869 nömrəli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

16. Həmçinin məhkəmə hesab edir ki, icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 625 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 349.7 kv.m torpaq sahəsi X5 və Cavabdeh1 tərəfindən boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir.

17. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinə uyğun olaraq rüsum məbləği 42,18 manat təşkil edir, lakin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü bəndinə əsasən (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar) dövlət rüsumu ödəməkdən azaddır.

18. Ona görə də, məhkəmə Mülki Prosessual Məcəllənin 119.2-ci bəndini əsas tutaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 42,18 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və X1 tutularaq dövlət büdcəsinə ödənməlidir.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 625 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 349.7 kv.m torpaq sahəsi X5 və Cavabdeh1 tərəfindən boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qaytarılsın. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.218 (iki min iki yüz on səkkiz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul müştərək qaydada X5 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat 18 (qəpik) məbləğində pul müştərək qaydada X5 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar