Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3310/2021 17.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı müqaviləyə xitam verilməsi və borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında 01.10.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən 12186 (on iki min yüz səksən altı) manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu, 4950 (dörd min doqquz yüz əlli) manat gecikdirilmiş günlər üçün cərimə borcu, 281 (iki yüz səksən bir) manat elektrik borcu olmaqla, cəmi 17417 (on yeddi min dörd yüz on yeddi) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 01.10.2020-ci il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (bundan sonra “İcarəyə Verən”), Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower”-də əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (bundan sonra “İcarəçi”) icarəyə verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə 1-in 1.1-ci maddəsinə əsasən icarəyə verən Binanın 22-ci mərtəbəsində yerləşən 150 kv.m sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən icarəçi 01.10.2020-ci ildən 31.12.2020-ci ilədək 2800 manat, +18% ƏDV, 01.01.2021-ci ildən 31.03.2021-ci ilədək 3300 manat +18% ƏDV, 01.04.2021-ci ildən 30.09.2021-ci ilədək olan dövrdə isə 3750 manat aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq elektron hesab faktura təqdim olunan gündən 10 gün ərzində köçürmə yolu ilə ödənilməlidir. Hazırkı müqavilə üzrə cavabdehin 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin isə yanvar, fevral, mart ayı da daxil olmaqla, icarə haqqı borcu yaranmışdır. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin isə yanvar, fevral, mart ayları da daxil olmaqla, cəmi 5 ay olmaqla 12186 (on iki min yüz səksən altı) manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu, 4950 (dörd min doqquz yüz əlli) manat gecikdirilmiş günlər üçün cərimə borcu və 281 (iki yüz səksən bir) manat elektrik enerjisinə görə borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmayıb. Eyni zamanda 19 aprel 2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 5 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin məktubu əldə etmələrinə baxmayaraq, həmin tarixdən uzun müddət keçsə də, Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 33 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 150 gün üçün 4950 manat təşkil edir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırkı müqavilə üzrə Cavabdeh MMC-nin 281 (iki yüzsəksən bir) manat ödənilməmiş elektrik borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən icarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə icarəçiyə binanın istifadəsi texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.10.2020-ci il tarixli ofis icarəsi üzrə (2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar və fevral ayları üçün) cavabdehdən 10930 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu, 1093 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12053 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - 01.10.2020-ci il tarixli ofis icarəsinə dair müqaviləyə əsasən əsasən İddiaçı MMC Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower”-də əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. - 01.10.2020-ci il tarixli ofis icarəsinə dair müqaviləsinə Əlavə 1-ə əsasən icarəçi 01.10.2020-ci ildən 31.12.2020-ci ilədək 2800 manat, +18% ƏDV, 01.01.2021-ci ildən 31.03.2021-ci ilədək 3300 manat +18% ƏDV, 01.04.2021-ci ildən 30.09.2021-ci ilədək olan dövrdə isə 3750 manat aylıq icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC-nin 07.12.2021-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən 17.11.2020-ci il tarixdə 423,73 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC-nin 07.12.2021-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən 25.12.2020-ci il tarixdə 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC-nin 07.12.2021-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən 06.01.2021-ci il tarixdə 1500 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ƏDV ödənişi ilə bağlı çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 18.11.2020ci il tarixdə 76,27 manat, 07.01.2021-ci il tarixdə 270 manat, 09.02.2021-ci il tarixdə 3500 manat ƏDV ödənişi edilmişdir. - İddiaçı MMC tərəfndən Cavabdeh MMC-yə münasibətdə tərtib olunmuş cədvəldən görünür ki, tərəflər arasında ümumi dövriyyə 17700 manat olmuş, həmin məbləğdən cavabdeh tərəfdən 6770 manat ödənilmiş, qalıq borc 10930 manat təşkil etmişdir. - İddiaçı MMC 19.04.2021-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək borc məbləğinin 5 gün müddətində ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən icarə haqqı qismində 10930 manat əsas borcun iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və 10930 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini gecikdirilmiş günlər üzrə hesablanmış 1093 manat cərimə borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 2 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10930 (on min doqquz yüz otuz) manat (ƏDV daxil) məbləğində icarə haqqı borcu, 300 (üç yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat olmaqla, cəmi 11258 (on bir min iki yüz əlli səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 2 (iki) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3310/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3310/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver