Məhkəmə qərarları › İş №e-2-2(113)-3311/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3311/2021

13.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3311/2021 13.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil olmaqla 8216,28 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan 16 iyul 2018 il tarixli AM-160718-1 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən sifariş etdilmiş avadanlıqların texniki xidməti yerinə yetirməlidir. Həmin müqavilənin 4.1-ci bəndində göstərilən xidmətlərə görə müvafiq ödənişin aparılması nəzərdə tutulmuşdur. Qeyd olunan müqaviləyə əsasən cavabdehə göstərilmiş xidmətlərin müqabilində bir neçə qaimələr cavabdeh tərəfindən ödənilmiş olsa da, cavabdehin ünvanına göndərilmiş seriya EAAX 218760JV» -li 17.07.2019 tarixli, seriya EAAY 640602 JV«-li 19.08.2019 tarixli və seriya EBAC 166771 Xs-li 07.11.2019 tarixli elektron qaimələrdən müvafiq olaraq 4042,68 manat, (qaimənin ümumi məbləği 10656,14 manat), 2400,85 manat və 1772,75 manat (cəmi 8216,28 manat) borcun yaranması müəyyən edilir. Lakin həmin elektron qaimələrin cavabdehə göndərilməsinə baxmayaraq artıq uzun müddətdir ki, cavabdehə göstərilmiş xidmət haqqı onun tərəfindən ödənilmir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16.07.2018-ci il tarixli AM-160718-1 saylı texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə müqaviləyə əsasən sifarişçi (cavabdeh) sifariş verir, icraçı (iddiaçı) isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə avadanlıqların texniki xidmətini yerinə yetirmək öhdəliyini öz üzərinə görürür. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi icraçının xidmət haqqını vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş forması bank köçürməsi yolu ilə hesab təqdim edildiyi gündən etibarən 30 bank günü ərzində həyata keçirilir. Görülmüş iş üçün akt bağlanacaqdır. 23.10.2019-cu il tarixli, 12.10.2019-cu il tarixli, 02.08.2019-cu il tarixli, 05.08.2019-cu il tarixli, 29.06.2019-cu il və 10.07.2019-cu il tarixli aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi texnikalara baxış keçirilmiş və onların təmiri ilə bağlı xidmətlər göstərilmişdir. 30.10.2019-cu il tarixli hesab fakturaya və EBAC 166771 seriyalı, 07.11.2019 tarixli elektron qaiməyə əsasən ümumilikdə 1772,75 manat, 07.08.2019-cu il tarixli hesab fakturaya və EAAY 640602 seriyalı, 19.08.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 2400,85 manat, 16.07.2019-cu il tarixli hesab fakturaya və EAAX 218760 seriyalı, 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 10656,14 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması əks olunmuşdur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubdan görünür ki, tərəflər arasında bağlanmış 16.07.2018-ci il tarixli AM-160718 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfinən cavabdehə göstərilmiş xidmətlərin müqavilində yaranmış 8216,28 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 16.07.2018-ci il tarixli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8216,28 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8216,28 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8216,28 manat (səkkiz min iki yüz on altı manat iyirmi səkkiz qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar