Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3319/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğvi, torpaq sahəsinin boşaldılması, icarə müqaviləsi, icarə haqqı borcunun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2025-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 196116,25 manat (yüz doxsan altı min yüz on altı manat iyirmi beş qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla, icarəçinin xx.xx.2025-ci il tarixinə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 196116,25 manat (yüz doxsan altı min yüz on altı manat iyirmi beş qəpik) məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-21381/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 216122,38 manat (iki yüz on altı min yüz iyirmi iki manat otuz səkkiz qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində Cavabdeh arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383,3 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir; 1.2-ci bəndinə əsasən torpaq sahəsi sahibkarlıq məqsədi üçün verilir. Qeyd olunan istifadə məqsədləri yekundur və tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər; 1.3-cü bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz; 1.4-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil; 2.1-ci bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək; icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək; torpaq sahəsində müvafiq razılıq olmadan tikilmiş bina və ya qurğuların sökülməsini icarəçidən tələb etmək; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və uzadılması barədə təklif vermək; icarəyə verilmiş torpaq sahəsinin qorunması və mühafizəsi barədə icarəçidən məlumat almaq; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsini tələb etmək; icarəyə verilən torpaq sahəsini icarəçiyə təhvil vermək icarəyəverənin hüquq və vəzifələridir; 2.2-ci bəndinə əsasən torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; mövcud tikinti norma və qaydalara uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq; icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq; icarə haqqını vaxtında və tam həcmdə ödəmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, rabitə, elektrik enerjisi, su, qaz, kanalizasiya və digər kommunikasiya sistemlərini qoruyub saxlamaq; torpaq sahəsində monitorinqin keçirilməsi üçün şərait yaratmaq; qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək icarəçinin hüquq və vəzifələridir; 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 103365.0 manat; aylıq icarə haqqı 8613.75 manat; Qeyd: xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə icarə haqqı borcu – 4018,66 manat təşkil edir; 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir; 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır; 4.1-ci bəndinə əsasən Bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir; 4.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir; 5.2-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu müddətdə icarəyə verənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparıldığı halda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına bilər; 5.3cü bəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilməklə dövlətə geri qaytarılır və icarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə icarəyəverən tərəfindən məhkəmə qarşısında iddia qaldırılması üçün tədbirlər görülür; 7.1-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər; 7.2-ci bəndinə əsasən aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə.
9. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin xx.xx.2025-ci il tarixinə 196116,25 manat məbləğində icarə haqqı borcu mövcuddur.
10. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin xx.xx.2025-ci il tarixinə 216122,38 manat məbləğində icarə haqqı borcu mövcuddur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-120/2025 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış Müqavilənin 3.1-ci bəndinin dəyişdirilərək illik icarə haqqının 2553,32 manat müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 5 iyul 2024-cü il tarixli e-2- 2(113)-3145/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Daha sonra qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-938/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və sözügedən qərarla kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-938/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş və AR MMnin 423-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası icarə müqaviləsində nəzərdə tutulur. 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
15. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqını vaxtında və tam həcmdə ödəmək barədə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və icarə haqqı borcu yaranmışdır. Buna görə də, hazırda iddiaçı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
18. İddia tələbinin bir hissəsini Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi təşkil edir.
19. Qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (AR MM 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (AR MM 423.2).
20. İddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilərək, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb və müqavilənin ləğv edilməsinin təklif edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir.
21. Bundan başqa, müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən icarə haqqı olaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş edilmişdir.
22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi ləğv edilməli və Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir.
23. İddia tələbinin digər hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 216122,38 (iki yüz on altı min yüz iyirmi iki manat otuz səkkiz qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsindən ibarətdir.
24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, icarəçinin qanundan və müqavilədən irəli gələn müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 216122,38 manat (iki yüz on altı min yüz iyirmi iki manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.
25. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı iddianın qiyməti 216122,38 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 506,12 manat (beş yüz altı manat on iki qəpik) təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə, həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi ləğv edilsin, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1248/1197 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 216122,38 manat (iki yüz on altı min yüz iyirmi iki manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh 506,12 manat (beş yüz altı manat on iki qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova