Məhkəmə qərarları › İş №e-2-2(113)-333/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-333/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-333/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 50.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,50%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% olmaqla razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında 20 sentyabr 2022-ci il tarixli, Z/15425/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22/1 saylı kredit verilməsinə dair razılaşmaya əsasən kreditor borc alana biznes məqsədli ilə 12000 manat məbləğində kredit verir, kreditin müddəti 36 ay, kreditin aylıq faiz dərəcəsi 1,83%, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% təşkil edir. Həmin razılaşmanın 12-ci bəndinə əsasən razılaşma xx.xx.2022-ci il tarixli, 6- MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir bə həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.

4. 6-MCR-1-1113-22/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla) ödəyəcək əsas məbləğ 12000 manat, faizin məbləği 4.498,22 manat, cəmi ödəniləcək məbləğ 16.498,22 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.

5. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 11.519,05 manat, faiz borcu 1.306,65 manat, cərimə borcu 166,81 manat olmaqla cəmi borc 12.992,51 manat təşkil edir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli, KBD-3510 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2022ci il tarixli, 6-MCR-1-1113-22/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9682 saylı ekspert rəyinə əsasən Cavabdeh2 hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22/1 nömrəli krеditi müqaviləsinin şərtlərinə əsasən xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə Cavabdeh2 İddiaçı ASC-yə ödənilməli əsas borcu 11.519,05 manat, faiz borcu 1.030,67 manat olmaqla cəmi borc 12.549,72 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı ASC cavabdehlər “Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11.519,05 manat əsas borc, 1.306,65 manat faiz borcu və 41,70 manat cərimə borcu olmaqla, cəmi 12.992,51 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mxd” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən aylıq 1.83% olmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin mayın 26-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11.519,05 manat əsas borc, 1.306,65 manat faiz borcu və 166,81 manat cərimə borcu olmaqla cəmi 12.992,51 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 166,81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 41,70 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

12.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasında Cavabdeh1 izahatında Lamiənin bankdan pul götürəndə ona zamin durmasını xahiş etdiyini, onun da razılaşdığını, lakin Lamiənin onun etibarından sui istifadə etdiyini, onda olan məlumata görə Lamiənin hazırda ölkə xaricində, Türkiyədə qaldığını bildirdi.

15. İş üzrə digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

20. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022ci il tarixli, 6-MCR-1-1113-22/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 12.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

24. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) əsas borcunun 11.519,05 manat və faiz borcunun 1.030,67 manat məbləğində olması müəyyən edilmişdir.

25. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

26. Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir.

27. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı "xxxx" ASC mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək olan müddət (maliyyə arayışında göstərilən günə) üçün hesablanmış faiz borcunun borcalandan tutulmasını tələb edir.

28. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubunu ünvanlayaraq borcalanın mübahisəli kredit müqaviləsi üzrə öhdəlikləri pozması ilə əlaqədar həmin müqavilə üzrə əsas və faiz borcunun vaxtından əvvəl icra edilməsini tələb etmiş, bununla da müqavilənin ləğv edilməsi barədə iradəsini qarşı tərəfə bildirmişdir. Göründüyü kimi mübahisəli müqaviləyə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək müqavilə üzrə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.

29. Odur ki, mübahisəli müqavilə üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən edilməli, mübahisəli kredit müqaviləsi üzrə tutulacaq faiz borcu 1.030,67 manat manat məbləğində (yəni xx.xx.2023-cü il tarixidək olan müddət üçün ekspert rəyində müəyyən edilmiş faiz borcu məbləğində) müəyyən edilməlidir.

30. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 41,70 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

31. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

32. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (zamin) arasında 20 sentyabr 2022-ci il tarixli, Z/15425/22 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh1 kredit alan Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

33. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 6-MCR-1-1113-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.

35. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 128,98 manat təşkil edir.

36. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 6- MCR-1-1113-22/1 saylı kredit müqaviləsi üzrə 11.519,05 manat məbləğində əsas borc, 1.030,67 manat məbləğində faiz borcu, 41,70 manat məbləğində dəbbə pulu, ümumilikdə 12.591,42 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar