Məhkəmə qərarları › İş №e-2-2(113)-3335/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3335/2023

29.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3335/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Nümayəndə2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nümayəndə2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 77.464,30 manat məbləğində pul vəsaitinin, həmin məbləğin 48.802 manat məbləğində faizlərinin, ümumilikdə 126.266 (bir yüz iyirmi altı min iki yüz altmış altı) manat məbləğin və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzində 416 manat məbləğinin iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 MMC-nin direktoru təyin edilərkən Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 ilə razılaşmışdılar ki, MMC mənfəətlə işəməyə başladıqdan sonra əldə olunan xalis mənfəətin 80/20 nisbətində, yəni 80 % Cavabdeh2, 20 % isə iddiaçının payı olaraq bölünəcək. Bu səbəbdən direktor işlədiyi müddətdə Cavabdeh1 MMC-yə 77.464,30 (yetmiş yeddimin dörd yüzaltmış dörd manat otuz qəpik) manat məbləğində investisiya yatırmışdır. Həmin məbləğ Cavabdeh1 MMC-də müxtəlif növ xərclərin ödənilməsinə sərf edildi. 2019-cu ilin payız aylarında Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək "xxxx" MMC-nin müstəqil auditoru tərəfindən aparılmış audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə istinad edərək iddiaçının Cavabdeh1 MMC-nin direktoru işlədiyi müddətdə MMC-də 495.315,13 (dörd yüz doxsan beş min üç yüz on beş manat on üç qəpik) manat məbləğində mal və pul vəsaitini mənimsədiyini iddia etdi. Cavabdeh2 ərizəsi əsasında Bakı şəhər Prokurorluğunda araşdırma aparıldığı müddətdə iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən Cavabdeh1 MMC üzrə auditor yoxlaması aparıldı və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktı və rəyi tərtib edildi. Həmin auditor aktı və rəyi iddiaçı tərəfindən Bakı şəhər Prokurorluğuna təqdim edildi. Sözügedən auditor aktı və rəyi ilə təsdiq edildi ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 (yetmiş yeddimin dörd yüzaltmış dörd manat otuz qəpik) manat vəsait xərclənmişdir. Bundan sonra sözügedən araşdırma üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edildi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin araşdırmaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/1021 saylı ekspertiza rəyi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edilmiş olduğu, bununla da həqiqətən də direktor işlədiyi müddətdə iddiaçı tərəfindən Cavabdeh1 MMC-də müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 (yetmiş yeddimin dörd yüzaltmış dörd manat otuz qəpik) manat məbləğində öz vəsaitini xərclənmiş olduğu təsdiqini tapdı. Sonradan toplanmış materiallar araşdırmanın aparılması üçün Bakı şəhər Yasamal rayon Prokurorluğuna göndərildi. Material üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edildi və təkrar məhkəmə-mühasibatlıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli rəy ilə də Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktının və rəyinin düzgün tərtib edilmiş olduğu təsdiqini bir daha tapdı. Nəhayət, Yasamal rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X2 «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 fevral 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edildi. Beləliklə, iddiaçının direktor işlədiyi müddətdə Cavabdeh1 MMCdə müxtəlif növ xərcləri ödəmək məqsədilə 77.464,30 (yetmiş yeddi min dörd yüz altmış dörd manat otuz qəpik) manat məbləğində ona məxsus vəsaitin xərcləndiyi faktı Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor aktı və rəyi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1021 saylı ilkin ekspertiza rəyi, habelə xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyi ilə təsdiq olundu.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia Mülki Məcəllənin 739-cu maddəsinin tələbləri nəzərə alınmaqla araşdırılmalıdır. Belə ki, iddiaçı tərəf onun tərəfindən hüquqi şəxsə 77.464,30 manat pulun verildiyini bildirərək, qeyd edilmiş pulun tutulmasını xahiş edir.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda Cavabdeh1 MMC-nin direktoru Nümayəndə2dur.

9. Məhkəmə ilk növbədə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməlidir.

10. Belə ki, iddiaçı tərəfin özü də, tələb etdiyi pulun Cavabdeh2 deyil, məhz Cavabdeh1 MMC-nin müxtəlif xərclərinin ödənilməsi üçün hüquqi şəxsə verildyini qeyd edir.

11. Hazırda iddiaçı tərəf Cavabdeh1 MMC-yə müxtəlif növ xərcləri ödəmək məqsədi ilə 77.764,30 manat pul verdiyini bildirərək, qeyd edilmiş pulun geri qaytarılmasını xahiş edir.

12. İddiaçı tərəf iddiasını təsdiq edən sübut olaraq xx.xx.2020-ciil tarixli 20/04 saylı sərbəst auditor X4 tərəfindən verilmiş mənfi auditor rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1021 saylı ekspertiza rəyinə, habelə xx.xx.2021-ci il tarixli 9/5295 nömrəli təkrar ekseprtiza rəyinə istinad edir.

13. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı mənfi auditor rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin xx.xx.2017-xx.xx.2019-cu il tarixədək olan dövrə debitor və kreditorlar əməliyyatlarının təqdim olunmuş sənədlər əsasında audit yoxlaması aparılmış və MMC-nin sabiq təsisçi Səidə Əliyevaya 22.889.21 manat məbləğində, direktor Nümayəndə2 isə 77.464,30 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir.

14. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə izahatında, iddianı qəbul etmədiyini, audit rəyi ilə ümumiyyətlə razı olmadıqlarını, rəyin direktorun izahatı və digər şəxslərin ifadəsi əsasında tərtib olunduğunu, 2017-ci ildə şirkətin təsisçisinin Cavabdeh2 deyil, onun həyata yoldaşı olduğunu, Nümayəndə2 hal-hazırda da şirkətin qanuni təmsilçisi olduğunu, iddiaçının tələbini yalnız mütəxəssis rəyinə istinad edərək əsaslandırdığını, şirkətin balansına pul köçürülmüşdüsə, köçürmənin bank hesabına və ya kassa mədaxil formasında həyata keçirilməsini təsdiq edən heç bir sənədin olmadığını, Nümayəndə2 tərəfindən MMC-yə nə də, Cavabdeh2 hər hansı bir pul vəsaitinin verilmədiyini bildirir. Həmçinin də, Cavabdeh1 MMC-nin xx.xx.2017-xx.xx.2019 dövrü əhatə edən hesabdan çıxarışı işə əlavə edərək, Cavabdeh1 MMC-nin bank hesabına xx.xx.2017-ci il tarixdə Cavabdeh2 tərəfindən 58.848,60 ABŞ dolları (100.089,7 manat), xx.xx.2017-ci il tarixdə X9 tərəfindən 5.000 manat, xx.xx.2017-ci il tarixdə X9 tərəfindən 35,490 manat, xx.xx.2017-ci il tarixdə X7 tərəfindən 80.000 manat, xx.xx.2017-ci il tarixdə həmin şəxs tərəfindən 13.500 manat məbləğində pul mədaxil edilmişdir.

15. Məhkəmə qeyd edir ki, iş materiallarından da, göründüyü kimi xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor rəyi xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə edir. Ona görə də, cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda əks olunmuş xx.xx.2017-ci il tarixdə Cavabdeh2 tərəfindən 58.848,60 ABŞ dolları (100.089,7 manat), xx.xx.2017-ci il tarixdə X9 tərəfindən 5.000 manat, xx.xx.2017-ci il tarixdə X9 tərəfindən 35,490 manat pulun hesaba mədaxil edilməsi rəydə öz əksini tapmamışdır.

16. Məhkəmə iclasında iddiaçı tərəfindən tələb edilən pulun hansı formada MMCyə verilməsi soruşulmuş, iddia tərəf də, pulun rəsmiləşmə olmadan edildiyini bildirmişdir.

17. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor rəyinə nəzər yetirərək qeyd edir ki, qeyd edilmiş rəydə MMC-nin hansı sənədə əsasən Nümayəndə2 77.474,30 manat borcunun qalması nəticəsinə gəlməsi də, aydın deyildir.

18. xx.xx.2020-ci il tarixli 20/04 saylı auditor rəyinin 54-cü səhifəsindən görünür ki, “pulların kassadan təsisçiyə verilməsi, təsisçidən pulun kassaya mədaxil olmasına dair sənədləşdirmə aparılmamışdır. Bu səbəbdən də, tərəflər arasında ziddiyyət əmələ gəlmişdir. Ziddiyətləri aradan qaldırmaq məsədi ilə cəmiyyətin direktoru Nümayəndə2, mühasib X5, satış təmsilçisi X6, X3 və X1 izahatlar alınmışdır. Alınmış izahatlarda pulların kassadan götürülməsi,xərclənilməsi, malların və pulların təsisçiyə verilməsi və digər xərcləri faktiki olaraq xərcləndiyini təsdiq etmişlər.”

19. Göründüyü kimi, sərbəst auditor Musayev Adıgözəl hər hansı bir sənədə deyil, ancaq verilmiş olan izahatlara əsasən qeyd olunan nəticəyə gəlmişdir.

20. Həmçinin qeyd olunmuş audit rəyinin 5-ci səhifəsindən görünür ki, iddiaçı Nümayəndə2 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cü il tarixədək cəmiyyətin kassir vəzifəsini də, icra etmişdir. Qeyd olunan halı həmçinin də, məhkəmə iclasında iştirak edən tərəflər təsdiq etmişlər.

21. Məhkəmə hesab edir ki, Nümayəndə2 tərəfindən Cavabdeh1 MMC-nin xərclərinin ödənilməsi üçün tələb edilən pulun verilməsi inandırıcı deyildir.

22. Belə ki, cəmiyyətin direktoru və yuxarıda qeyd edilmiş tarixlərdə kassiri vəzifəsini icra etmiş Cavabdeh2 əgər hüquqi şəxsin xərclərini ödəmək məqsədi ilə hüquqi şəxsə pul vermişdirsə, nəyə görə vermiş olduğu məbləği bank hesabı vasitəsi ilə və yaxud cəmiyyətin kassasında rəsmi mədaxil qəbzi tərtib etmədən etməsi də, aydın deyildir.

23. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cəmiyyətin hesabına pul vəsaitləri yalnız əvvəlki təsisçilər tərəfindən bank vasitəsi ilə köçürülmüşdür.

24. Bundan başqa, məhkəmə qeyd edir ki, audit rəyinin 14-cü səhifəsində qeyd olunmuşdur ki, Nümayəndə2 cəmiyyətdə müxtəlif növ xərcləri ödəmək məqsədi ilə 77.464.30 manat məbləğində pul xərcləmişdir.

25. Ancaq həmin pulun hansı dövrdə edilməsi nə iş materialları, nə də, qeyd edilmiş audit rəyində öz əksini tapmamışdır.

26. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçı tərəf audit rəyində qeyd edilmiş 77.464.30 pulun, nəyə görə həmin auditor rəyində öz əksini tapmayan hüquqi şəxsə bank hesabı vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 tərəfindən mədaxil edilmiş 58.848,60 ABŞ dolları (100.089,7 manat), xx.xx.2017-ci il tarixdə X9 tərəfindən mədaxil edilmiş 5.000 manat, xx.xx.2017-ci il tarixdə X9 tərəfindən mədaxil edilmiş 35,490 manat pul deyil də, hər hansı bir rəsmi sənəd olmadan Nümayəndə2 vermiş olduğu pul olması halını təsdiq edə bilməmişdir.

27. Auditor xidməti haqqında qanunun 2-ci maddəsinə əsasən audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

28. Həmin qanunun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

29. Qanunun da, tələblərindən göründüyü kimi, audit rəyi müəssisənin maliyyə vəziyyətinə dair sənəddir. Ona görə də, müəssisədə olan pulun, hər hansı bir rəsmi sənəd olmadan pulun məhz kimə aid olmasını, indiki halda auditin keçirilməsinin sifarişçisi olan Nümayəndə2 tərəfindən hansı tarixdə belə verilməsi məlum olmayan pulun ona aid olması ilə bağlı audit rəyi hazırda mötəbər sübut kimi qəbul edilə bilməz.

30. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəf Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 MMC-yə 77.464,30 manat pulun verilməsini sübut edə bilməmişdir və iddia qeyd olunan hissədə əsassızdır. Bu baxımdan da, iddianın digər hissəsi yəni həmin məbləğə hesablanmış olan 48.802 manat pulun tutulması tələbi də, təmin edilə bilməz.

31. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Nümayəndə2 Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar