Məhkəmə qərarları › İş №e-2-2(113)-3340/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3340/2025

03.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3340/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X3 Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən ona akt əsasında hesablanmış 3807 manat borcun **********00020 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, İddiaçınə məxsus qeyri yaşayış sahəsi müqavilə əsasında **********00020 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2024-cü ilin yanvar ayına qədər tərəflər arasında hərhansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlı vaxtında ödənilmişdir. 2024-cü ildə isə cavabdehlə aralarında mübahisə yaranmışdır. Belə ki, sonradan onlara məlum olduğu kimi cavabdeh təşkilat tərəfindən 3807 manat məbləğində sayğac göstəricisindən əlavə akt əsasında borc hesablanmışdır. Akt nə zaman və kim tərəfindən tərtib edildiyindən məlumatsız olmuşlar. Sözügedən aktla bağlı iddiaçı tərəfindən cavabdeh təşkilata şifahi müraciət edildikdə bildiriblər ki, güya akt qaz sayğacının mövcud qaz işlədicilərinin saatlıq qaz sərfinə uyğun olmadığı üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesablarına işlənmişdir. Belə bir halın məntiqsiz olduğu və tam qanunsuz olduğu bildirilib. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən istifadələrində olan mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərin maksimal sərfiyyatı 24.1 m3/saatdır. Buna görədə iddiaçıya 3807 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh təşkilatın “dəymiş ziyan” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Daha sonra qaz sayğacının quraşdırılmasına dair 05071003 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan da göründüyü kimi qaz sayğacı quraşdırılarkən həmin qaz işlədiciləri mövcud olmuşdur. Belə ki, sayğacın quraşdırılma aktında “İstismarda olan cihazların növü və sayı” bölümündə radiator sobası 4 ədəd qeyd edilmişdir. Dəymiş ziyanın hesablanması aktında isə mənə demək olar ki həmin cihazlara görə yəni 3 ədəd isitmə sobasına və 1 ədəd PQ2 yə görə cərimə hesablanmışdır. Göründüyü kimi cavabdeh təşkilat eyni cihazlara görə ilk olaraq qaz sayğacı quraşdırır və sonradan əsassız olaraq onlara əlavə borc hesablayırlar. İddiaçı tərəf bu gündə həmin cihazlar və qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Əgər hər hansı qanunsuzluğa yol versəydilər təbii ki ya yenə cərimə olunacaqdılar ya da qazın verilməsi cavabdeh təşkilat tərəfindən dayandırılacaqdı. Ama göründüyü kimi bunların heç biri olmamış və dəymiş ziyan aktı tərtib edildikdən sonra bir ildən artıq müddətdir ki onlar təbii qazdan istifadə edir. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktdan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi lakin tam qanunsuz tərzdə iddiçıya ümumilikdə 3807 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. İddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi müsbət nəticə əldə edilməmişdir. Cavabdeh İB tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. İddia tələbinin maddi hüquqi əsası kimi “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, “Qaz təchizatı haqqında” Qanunun 3.5-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 5.2-ci bəndlərinə istinad etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının istismarında olan qaz sayğacı müəssisənin maksimal sərfiyyatına uyğun olmadığı üçün İstehsalat Birliyinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” barədə akt tərtib olunmuşdur. Həmin akta əsasən hesabatdan kənarda qalmış qaz xərci müəyyən olunaraq istehlakçının qaz hesabına işlənmişdir. İstehsalat Birliyi tərəfindən tələb olunan məbləğ təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesabatdan kənarda qalmış qazın dəyərini təşkil edir. Hesab edirlər ki, iddiaçı tərəfindən məbləğ tam ödənilməlidir. Qaz sayğacı layihəyə uyğun quraşdırılmış, akta əsasən 4 ədəd soba olmuşdur. Quraşdırılan ərəfədə olan cihazlarla indiki müəyyən olunan cihazlar fərqli də ola bilər. Buna görə də hesab edirlər ki, hər bir halda tərtib olunmuş akt əsaslıdır. 4 ədəd istilik sobasının qaz plitəsi olub-olmadığını qeyd edilən aktın tərtib olunmasından kifayət qədər uzun müddət keçdiyi üçün fikir bildirə bilməmişlər. Əlavə sərfiyyat olduğunu müəyyən etdikdən sonra bununla bağlı heç bir tədbir görülməmiş, sayğac dəyişdirilməmişdir. Pozuntu aşkara çıxdıqdan sonra iddiaçı tərəf barəsində cinayət və ya inzibati məsuliyyət barədə müvafiq orqanlara müraciət edilməmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü tarixli 05071003 saylı akta əsasən, qaz sayğacı quraşdırılmış və abonentə təhvil verilmişdir. Həmin vaxt istismarda 4 ədəd radiator sobası olduğu qeyd edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY2420T1877 saylı çıxarışından görünür ki, Cavabdeh İB nümayəndələri (Qəhrəmanov Rasim İmrаn oğlu) tərəfindən İddiaçınə məxsus qeyri-yaşayış sahəsində müqavilə şərtlərinə əməl olunması ilə bağlı xx.xx.2024-cü il-xx.xx.2024-cü tarixlərində yoxlama keçirilməsi qeydiyyata alınmışdır. Cavabdeh İB-nin 16 yanvar 2024-cü il tarixli yoxlama aktından görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçınə məxsus obyektdə olan sayğaca xx.xx.2024-cü il tarixində baxış keçirilmiş, baxışın nəticələrinə əsasən mövcud sayğacın maksimal qaz ölçmə həddi müəssisədə quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfiyyatından aşağı olması qeyd edilmişdir. 26 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ünvan 2 ünvanında yerləşən (istehlakçı İddiaçı) qeyri-yaşayış sahəsində "Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun оlаrаq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/sааt olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 24.1 m3/saat olmuş və dəymiş ziyan 15228 kub metr (24.1-10=14.1x12x90=15228) hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən istehlakçıya məxsus obyektdə olan mövcud sayğacın maksimal qaz ölçmə həddi müəssisədə quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfiyyatından az olması baxış keçirilən zaman aşkar olunmuş və sərfiyyata uyğun sayğac quraşdırılması, dəymiş ziyanın hesablanıb ödənilməsi tələbi qoyulmuşdur. İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2025-ci il tarixli borcun silinməsi tələbi barədə pretenziya məktubları ünvanlanaraq 3807 manat borcun abonent hesabından 3 gün müddətində silinməsinə dair göstəriş verilməsi xahiş edilmiş, əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçınə 2024-cü ilin yanvar ayında aktlar üzrə 3807 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 59 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü tarixli 05071003 saylı akta əsasən, iddiaçının əmlakına Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmış və təhvil verilmiş, həmin aktda “İstismarda olan cihazların növü və sayı” qrafasında radiator sobası 4 ədəd qeyd edilmişdir. Bundan sonra sayğaca xx.xx.2024-cü il tarixində baxış keçirilmiş, baxışın nəticələrinə əsasən mövcud sayğacın maksimal qaz ölçmə həddi müəssisədə quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfiyyatından aşağı olması qeyd edilmişdir. Buna görə də mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/sааt olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 24.1 m3/saat olduğu üçün 15228 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki cavabdeh təbii inhisar subyekti olaraq qaz şəbəkəsinə qoşulan hər bir abonentlə müqavilə bağladıqdan sonra həmin sahədə istifadə olunan qaz qurğularının sərfiyyatına uyğun layihəyə əsasən qaz sayğacı quraşdırır. Quraşdırılacaq sayğacın maksimal ölçmə həddini də, təbii ki, qaz paylayıcı olan cavabdeh müəyyənləşdirir. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırkı mübahisədə də iddiaçıya quraşdırılan qaz sayğacının maksimal ölçmə həddinin aşağı olması iddiaçının deyil, cavabdehin təqsirindən olmuşdur. Belə ki, iddiaçı öz istəyinə və seçiminə uyğun olaraq deyil, məhz cavabdehin layihəsinə uyğun olaraq qaz sayğacı quraşdırır. Həmçinin məkhəmə iclasında cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə sayğac qoşulduğu zaman olan qaz qurğularının xx.xx.2024-cü il tarixdə yoxlama zamanı olan qurğulardan fərqli olduğunu təsdiq etməmiş və bu günə kimi qaz sayğacının iddiaçının istifadəsində olduğunu, tədbir görülərək əvəzlənmədiyini bildirmişdir. Göründüyü kimi cavabdehin əməkdaşları iddiaçının obyektində istifadə olunan qaz qurğularının sərfiyyatını bildikləri halda, düzgün hesablama aparmayaraq aşağı həcmli sayğac quraşdırmışlar və hətta, sonradan həmin sayğacın maksimal ölçmə həddinin aşağı olduğunu müəyyən etdikdən sonra da həmin sayğacı yuxarı həcmli sayğacla əvəz etməmişlər. Bu isə sübut edir ki, qaz sayğacının maksimal ölçmə həddinin aşağı olması iddiaçının təqsiri üzündən olmamış, cavabdehin əməkdaşları qaz sayğacını quraşdırarkən layihəni düzgün verməmişlər. Bütün bu hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 3807 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azəriqaz İB tərəfindən İddiaçınə hesablanmış 3807 (üç min səkkiz yüz yeddi) manat borc **********00020 nömrəli abonent kodundan silinsin. Ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi cavabdeh Azəriqaz İBdən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar