Məhkəmə qərarları › İş №e-2-2(113)-3350/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3350/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3350/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh XXXX qızına qarşı “icarə müqaviləsi üzrə pulun tutulması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, iradənin ifadə üsulları, icarə obyektinin qaytarılmasının gecikdirilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh XXXX qızının iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh XXXX qızına qarşı “icarə müqaviləsi üzrə pulun tutulması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh XXXX qızına qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 28 ünvanında yerləşən 159.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsi üzrə 5012,63 manat məbləğində pulun iddiaçının (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 28 ünvanında yerləşən 159.2 kv.m qeyriyaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 5012,63 manat icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2024-cü il tarixli 3-21-3/2-2817/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinə və s. istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Cavabdeh XXXX qızı məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, maddi problemlərlə bağlı icarə haqqını tam ödəyə bilməmişdir. 07 iyun 2024-cü il tarixdə icarə müqaviləsinin ləğvi barədə iddiaçıya notarial qaydada təsdiqlənmiş ərizə ünvanlamış, həmin tarixdən sonra da icarə obyektindən istifadəyə qismən davam etmiş, lakin 21 iyun 2024-cü il tarixdə icarə obyektinə daxil olması məhdudlaşdırılmışdır. Əşyaları orada olduğundan icarə obyektinin açarı ondadır, lakin kommunal borcunun olmasını əsas gətirərək əşyaları obyektdən çıxarmağa məhdudiyyət yaradırlar.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsinin üzrə ləğv edilməsi, pulun tutulması və icarə obyektinin qaytarılması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 28 ünvanında yerləşən üç mərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 159,2 kv.m olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə cavabdehə icarəyə verməyi, cavabdeh isə sahəni qəbul edib aylıq 1393 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, icarə obyekti cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

11. İddiaçı xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və 5012,63 manat icarə haqqının tutulmasını tələb edir.

12. Cavabdeh iddiaya etiraz edərək, maddi çətinliklərlə bağlı icarə haqqını vaxtıvaxtında ödəyə bilmədiyini, 07 iyun 2024-cü il tarixdə iddiaçıya notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq icarə müqaviləsinin ləğvini tələb etdiyini, 21 iyun 2024-cü il tarixdən etibarən icarə obyektinə daxil ola bilmədiyini, hazırda da əşyalarının orada qaldığını bildirir.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

17. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

18. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi icarə münasibətlərinə vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Hazırkı tələb üzrə iddianın faktiki əsası qismində xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsinin 8.1-ci bəndinə və icarə haqqının ödənilmədiyinə istinad olunur.

20. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

21. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsinin 8.1-ci bəndinə əsasən, icarə haqqı iki ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.

22. Məhkəmə şəxsi hesab vərəqəsinə əsasən qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən (xx.xx.2024-cü il) cavabdehin xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 3467,23 manat məbləğində icarə haqqı borcu olmuş, bu isə mövcud aylıq icarə haqqı borcunun iki mislindən çox olmuşdur.

23. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, icarə münasibətlərində icarəyə verəninin icarə obyektinin ləğv edilməsi və icarə obyektinin boşaldılması barədə iddia tələbinin ifadə olunduğu iddia ərizəsinin cavabdehə çatdırılması (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, icarəyə verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

24. Beləliklə, məhkəmə hesab edir ki, icarə obyektinin ləğv edilməsi və icarə obyektinin boşaldılması barədə iddia ərizəsinin cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixli 4125 nömrəli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

25. Məhkəmə icarə haqqının tutulması tələbi ilə bağlı isə qeyd edir ki, icarə müddətində icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi, icarə münasibətlərində xitam verildikdən sonra icarə obyekti qaytarılanadək icarə haqqının ödənilməsi tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 705-ci və 697.2-ci maddələri çıxış edir.

26. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər.

27. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

28. Məhkəməyə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 5012,63 manat təşkil edir.

29. Məhkəmə icarə obyektinin 21 iyun 2024-cü il tarixə qaytarılmadığının işin mübahisəsiz halı olduğunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü bəndində təsbit edilmiş mülki məhkəmə icraatının “ne ultra petita” prinsipini nəzərə alaraq hesab edir ki, 2024-cü ilin iyun ayınadək (iyun ayının ilk 9 günü də daxil olmaqla) 5012,63 manat məbləğində icarə haqqı cavabdeh XXXX qızından tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməlidir.

30. Məhkəmə cavabdehin icarə obyektindən çıxarılması tələbinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

31. Tərəflər arasındakı icarə münasibətlərinə xx.xx.2024-cü il tarixdən xitam verildiyini nəzərə alan məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 4125 nömrəli icarə müqaviləsi ləğv edilmiş hesab edilməli, icarə obyekti boşaldılaraq iddiaçıya təhvil verilməli, 5012,63 manat məbləğində pul cavabdeh XXXX qızından tutularaq iddiaçının hesabına köçürülməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü bəndinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. Hazırkı iş üzrə iddiaçı büdcə təşkilatı olmaqla iddia ərizəsi üzrə dövlət rüsumu ödəməkdən azaddır.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (5012,63 manat) uyğun ödənilməli dövlət rüsumu 70,13 manat təşkil edir.

39. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, dövlət rüsumunun əvəzi olaraq 70,13 manat məbləğində pul cavabdeh XXXX qızından tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə XXXX qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 28 ünvanında yerləşən 159.2 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 4125 nömrəli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. İcarə obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 28 (registr № ***-*******1-002) ünvanında 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 159.2 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə XXXX qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 4125 nömrəli icarə müqaviləsi üzrə 5012 (beş min on iki) manat 63 (altmış üç) qəpik məbləğində pul cavabdeh XXXX qızından tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN - **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) köçürülsün. Dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat 13 (on üç) qəpik məbləğində pul XXXX qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar