Məhkəmə qərarları › İş №e-2-2(113)-3359/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3359/2021

23.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3359/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X2 Publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X8 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X2 Publik hüquqi şəxsinin cavabdehlər X5 və X9 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X2 Publik hüquqi şəxsi cavabdehlər X5 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X6 müştərək qaydada “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 260.400 (iki yüz altmış min dörd yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X14 X2 tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qum-çınqıl yatağında 25 oktyabr 2018-ci il tarixli 01111 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə X1 ayrılmış 27 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Belə ki, həmin əraziyə baxış keçirilən zaman xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq, ona ayrılmış sahəni subicarə əsasında X9 icarə vermişdir. Məlum olduğu kimi, “Yerin təki haqqında” Qanunun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə işləri aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X16” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı X11 tərəfindən sub-icarə əsasında ona ayrılmış sahədən kənarda 74.400 kub.m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 6-7 metr müəyyən edilmişdir. 09 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq, X10 012/20 nömrəli 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay müddətinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X10 27 may 2021-ci il tarixli 61 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 74.400 kub.m qum-çınqıl qarışığı * 5 manat *0.7 = 260 400 manat ümumilikdə 260.400 (iki yüz altmış min dörd yüz) manat məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X2 Publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən edilmiş halları ondan ibarətdir ki, 05.10.2018-ci il tarixdə 01111 saylı Dağ-mədən ayırması aktı ilə “Tərtərçay” qum çınqıl yatağında ayrılmış 27 ha torpaq sahəsində qum-çınqıl hasilatının aparılması X5 5 il müddətinə icazə verilmişdir. İddiaçının nümayəndələri tərəfindən 09.09.2020-ci il tarixdə Bərdə rayonu, Tərtər çayının sahilində yerləşən X5 qum çınqıl hasil edilməsi üçün ayrılmış 27 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı hasilat işlərinin X11 tərəfindən aparıldığı qeyd edilmişdir və bu barədə 63313 saylı akt tərtib edilmişdir. Qeyd edilən sahənin X9 verilməsi səbəbindən və yerin təkindən istifadə qaydalarını pozduğu üçün X10 012/20 nömrəli 9 dekabr 2020-ci il tarixli Qərarı ilə yerin təkintəndən istifadəyə dair icazə 3 ay müddətinə dayandırılmış, 27 may 2021-ci il tarixli 61 nömrəli qərarı ilə isə X5 verilmiş yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) ləğv edilmişdir. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, X7 ona ayrılmış 27 ha sahəni X9 vermiş, X11 isə qeyd olunan sahədə 23.01.2019-cu il tarixdə fəaliyyətə başlamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbində X4 qum-çınqıl hasil edilməsi üçün ona ayrılmış 27 ha torpaq sahəsinin X9 verdiyini, X8 isə qeyd edilən torpaq sahəsindən kənarda 74.400 kub.m qum-çınqıl hasil edildiyini bildirərək 260.400 (iki yüz altmış min dörd yüz) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi X5 ayrılmış torpaq sahəsindən kənarda olan torpaq sahəsində aparılan hasilat işləri ilə bağlıdır. Məhkəmə hazırki işin həlli baxımından ilk növbədə qeyd edir ki, işdə müəyyən edilməli olan əsas məqam cavabdehlərin təqsirli və hüquqazidd hərəkətinin törətmələri və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, hazırki işdən də göründüyü kimi, X7 yerin təkindən istifadə qaydalarını pozduğu və ona ayrılmış torpaq sahəsini X9 verdiyi üçün ona verilmiş dağ-mədən aktı ləğv edilmişdir. Vurulmuş zərər isə ona ayrılmış torpaq sahəsindən kənarda 74.400 kub.m qum-çınqıl hasil edilməsi ilə bağlıdır. Belə olduğu halda kənarda aparılmış hasilat işlərinin məhz X7 və X11 tərəfindən aparılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehlərin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi və digər cavabdeh X11 izahatlarında, ancaq qeyd edilən 27 ha torpaq sahəsindən 2018-2019-cu illərdə cəmi 35.000 kub.m hasilat işlərinin aparıldığını və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə 5 GK formalı hesabat verildiyini və müvafiq ödəmələrin edildiyini bildirərək, kənarda aparıldığı istinad olunan 74.400 kub.m hasilatın onlar tərəfindən aparılmadığını bildirmişlər. İddiaçı tərəf isə kənarda aparıldığı istinad olunan hasilat işlərinin məhz cavabdehlər tərəfindən aparıldığını sübuta yetirə bilməmiş, ancaq 09.09.2020-ci il tarixdə tərtib edilmiş akta istinad etmişdir. Həmin aktın məzmunundan isə görünür ki, yoxlama zamanı hasilat işlərinin X5 ayrılmış 27 ha torpaq sahəsinin hüdudları daxilində 3 ayrı sahədə yerinə yetirildiyi və 3-cü istismar sahəsinin "xxxx" ASC-yə ayrılmış karxana sahəsi ilə sərhəd olduğundan qeyd edilən hansilat işlərinin kim tərəfində aparılmasının müəyyən edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş 09.09.2020-ci il tarixli yoxlama aktında iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən X5 ayrılmış 27 ha torpaq sahəsindən kənarda aparılmış 74.400 kub.m hasilat işlərinin aparılması ilə bağlı hər hansı bir qeyd yoxdur. Hazırda da, iddiaçı tərəf kənarda aparılmış hasilat işlərinin cavabdehlər tərəfindən aparıldığını sübuta yetirə bilmədiyindən, dəymiş ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bundan başqa həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan aktdan görünür ki, cavabdehlər barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X2 Publik hüquqi şəxsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar