Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3365/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 4884/24 nömrəli, xx.xx.2024-cü il tarixli “alqısatqı müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilənin predmeti olan qəlibin dəyərini təşkil edən 4956 manat məbləğində pulun, 69,56 manat dövlət rüsumunun, hüquqi xidmətlə bağlı 800 manat, vəkilə çəkilmiş xərclə bağlı 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Almaniya şirkəti ilə bağlanmış müqavilə əsasında tort üzərində alovu imitasiya edən fəvvarə tipli şamlar satın almış, lakin nəqliyyat xərclərinə qənaət etmək məqsədilə həmin məhsulları xüsusi plastik altlıq (fiksator) olmadan sifariş etməyi qərara almışdır. Altlıqların istehsalını isə Azərbaycanda sifariş edərək, məhsulun yerli qablaşdırılmasını həyata keçirməyi planlaşdırmışdır. İddiaçı plastik altlıqların hazırlanması ilə bağlı Cavabdeh MMC ilə danışıqlar aparmış və tərəflər həm qəlibin hazırlanma dəyəri, həm də altlıqların istehsal qiyməti barədə ilkin razılığa gəlmişlər. Müzakirələr nəticəsində əvvəlcə qəlibin hazırlanması, daha sonra isə altlıqların istehsalına başlanılması planlaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4884/24M nömrəli müqavilədə yalnız qəlibin istehsalı öz əksini tapmış, altlıqların istehsalına dair müqavilənin isə qəlib hazır olduqdan sonra ayrıca bağlanması nəzərdə tutulmuşdur. Müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır: maddə 1.1. müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Maddə 1.2. malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır. Maddə 2.1. malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Maddə 3.2, 3.2.1, 3.2.2, 3.2.3. Malı müqavilə ilə müəyyən edilmiş qaydada alıcının mülkiyyətinə vermək; alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək; malın keyfiyyətli, sifarişə uyğun miqdarda və çeşiddə olmasını təmin etmək satıcının vəzifələri kimi müəyyən edilir. Maddə 3.3, 3.3.1. əgər satıcı satılmış malı “Alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək. Maddə 3.4, 3.4.1, 3.4.3. Pul məbləğini (malın qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödədikdən sonra malı qəbul etmək; malı almamışdan və qəbul etməmişdən əvvəl onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmaq, alacağı malı yoxlamaq alıcının vəzifələri kimi müəyyən edilir. Maddə 4.1. satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir. Maddə 4.3. mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. Maddə 10.1. Bu müqavilə tərəflər arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək bağlanır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdar etməzsə, müqavilə tərəflər arasında hər il aha bir il müddətinə uzadılmış hesab edilir. Maddə 10.10. Qaytarma: satılan mallar heç bir dəyişiklik edilmədiyi hallarda (kəsilmə, əyirmə, istifadə edilmə və s.) 14 gün müddətində lazımi sənədləşmə edildikdən sonra qaytarıla bilər. 14 gün müddətindən sonra heç bir dəyişiklik edilməmiş metal məhsullarının satılması üçün müştəriyə müştərinin tələbi olduğu təqdirdə Cavabdeh şirkətinin şərtlərinə uyğun köməklik göstərilə bilər. Belə ki, məhsulun qaytarma zamanı bazar qiyməti satış qiymətindən aşağı olarsa qaytarma bazar qiymətinə uyğun həyata keçiriləcək. Əks halda, faktura qiymətinə uyğun qiymətlə qaytarılma ediləcəkdir. xx.xx.2024-cü il tarixli 4884/24M nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli “X1”na əsasən, satıcı tərəfindən icra ediləcək kənar sifarişlərə (təmir və restavrasiya xidməti) görə ödəniş məbləği 4956 manat (ƏDV daxil) olaraq razılaşdırılmışdır. Bundan əlavə, protokolda qeyd edilmişdir ki, “Satıcı bu Əlavə (X1) ilə nəzərdə tutulmuş malı ödəniş həyata keçirildikdən sonra 5 (beş) təqvim günündən gec olmayaraq tam həcmdə (miqdarda) alıcıya təhvil verməyi öz öhdəsinə götürür.” Bu səbəbdən tərəflər razılaşmışdır ki, ilkin ödəniş məbləğin 50%-ni təşkil edəcək, qalan hissə isə mal hazır olduqdan sonra ödəniləcəkdir. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdeh MMC-yə 4956 manatın 2478 manatını ödəmişdir. Cavabdeh MMC sifarişi müzakirələr zamanı razılaşdırılmış müddətdən 2 ay gec olsa da, 2024-cü ilin iyun ayında tamamlamış və qəlib vasitəsilə hazırlanmış plastik altlıqların nümunələrini iddiaçıya təqdim etmişdir. Bununla da qəlibin tam hazır olduğu qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən, bundan sonra tərəflər qalan məbləğin ödənişini icra etməli və qəlibin təhvil-təslim prosesini həyata keçirməli idilər. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 4884/24M nömrəli müqavilənin əsas məqsədi gələcəkdə həmin qəlibdən istifadə etməklə plastik altlıqların istehsalı olmuşdur. Bu məqsədlə tərəflər sifarişin ikinci mərhələsinə – altlıqların istehsalına dair müzakirələrə başlamışlar. Lakin danışıqlar zamanı məlum olmuşdur ki, öncədən təklif olunan qiymət sonrakı mərhələdə müzakirə edilən qiymətdən qat-qat fərqlənir. Bu fərqin əsas səbəbi, iddiaçıya ilkin görüşlər zamanı təqdim edilmiş altlığın qiymətinin düzgün formatda göstərilməməsi və bunun nəticəsində yanlış anlaşılma yaranması olmuşdur. Bu, ya qəsdən edilən səhv, ya da cavabdeh MMC-nin əməkdaşının qeyri-peşəkarlığı nəticəsində baş verə bilərdi. Əvvəlcədən razılaşdırılmış qiymət heç bir rəsmi sənəddə təsbit olunmamış, yalnız messencer yazışmalarında əks olunmuşdur. Nəticədə məlum olmuşdur ki, 600 kq ümumi çəkidə olan ******* ədəd plastik fiksatorun ümumi istehsal dəyəri 59000 manat (ƏDV daxil) təşkil edir ki, bu da əvvəlcədən təqdim olunmuş qiymətdən bir neçə dəfə yüksəkdir. Sifarişi yüksək qiymət səbəbindən yerləşdirmək mümkün olmadığı üçün cavabdeh MMC-nin əməkdaşı endirim təklifi irəli sürmüşdür. Lakin endirilmiş qiymətin real bazar dəyərini əks etdirmədiyi müəyyən edilmiş və bu barədə əlavə müzakirələr aparılmışdır. Nəticədə tərəflər aşağıdakı razılığa gəlmişlər: Hazırlanmış qəlib cavabdeh MMC-nin tərkibində qalır. İddiaçı tərəfindən avans kimi ödənilmiş 2478 manat cavabdeh MMC-də saxlanılır. · Ödənilməmiş qalan 2478 manat isə iddiaçı tərəfindən MMC-yə ödənilməyəcəkdir. Bu razılaşma tərəflər arasında yekun qərar olaraq qəbul edilmişdir. Lakin sonradan Cavabdeh MMC əldə olunmuş razılaşmanı pozaraq, İddiaçı qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və 2478 manat əsas borc, 495 manat dəbbə pulu və 50 manat dövlət rüsumunun onun Cavabdeh MMC-nin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Sözügedən iddia ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsində 2-2(113)-6312/2024 nömrəli kommersiya işi başlanılmış və məhkəmə, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, İddiaçı 2478 manat əsas borc, 100 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2608 manat məbləğin "xxxx" MMC-yə ödənilməsi qət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, İddiaçı məhkəmə qətnaməsini uyğun olaraq, 2608 manat məbləği xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-yə dəmişdir. Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə 2025-002 №-li bildiriş ünvanlayaraq göstərmişdir ki, “... xx.xx.2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6312/2024 saylı işi üzrə qəbul edilmiş qətnaməyə uyğun olaraq, mən, xx.xx.2025-ci il tarixində əsas borc məbləği, dəbbə pulu və dövlət rüsumu daxil olmaqla, ümumilikdə 2608 manat məbləğində borcumu tam şəkildə ödəmişəm. Ödənişi təsdiq edən sənədin surəti bu məktuba əlavə edilir. xx.xx.2024-cü il tarixdə aramızda bağlanmış 4884/24M nömrəli alqısatqı müqavilənin 10.10-cu bəndinə əsasən, malın qaytarılması müvafiq rəsmilləşdirmədən sonra 14 (on dörd) gün ərzində mümkün hesab edilir. Bunula əlaqədar, alınmış malın təhvil-təslim aktının imzalanması və qaytarılması üçün zəruri sənədlərin eyni anda hazırlanması məqsədilə uyğun tarix, vaxt və yerin müəyyən edilməsini Sizdən xahiş edirəm. Bu prosedur gələcəkdə qeyd olunan müqavilənin 10.10-cu bəndində nəzərdə tutulmuş istisnalarla bağlı hər hansı fikir ayrılığının qarşısını almağa xidmət edəcəkdir. Diqqətinizə çatdırıram ki, bu məktubun sizə təqdim edilməsindən etibarən 5 (beş) iş günü ərzində cavab təqdim etmədiyiniz halda, məsələni qanunvericiliklə müəyyən olunmuş qaydada həll etmək üçün məhkəmə orqanlarına müraciət etmək hüququmu özümə saxlayıram”. Hazırkı iddiaya əlavə olunmuş poçt sənədlərindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli məktubu Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh MMC, ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba cavab vermədiyi üçün İddiaçı xx.xx.2025-ci il tarixdə 2025-006 №-li məktubla MMC-yə müraciət edərək, aşağıdakı məsələlərin təmin olunmasını xahiş etmişdir: Məktubun Cavabdeh MMC-yə təqdim edilməsindən sonra 5 iş günü ərzində onunla (iddiaçı ilə) yazılı şəkildə əlaqə saxlanılması; Malın təhvil-təslim aktının imzalanacağı və ardınca qaytarılma proseduru üçün tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsi üçün uyğun tarix, vaxt və yerin razılaşdırılması; Müqavilənin şərtlərinə əməl olunaraq, qaytarılma prosedurunun vaxtında başa çatdırılmasını təmin etmək üçün konkret tədbirlərin görülməsi. İddiaçı sözügedən məktubunun xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada təqdim olunması hazırkı iddia ərizəsinə əlavə olunmuş SX045399588AZ№-li “xəbərnamə” ilə təsdiq edilir. Cavabdeh MMC, İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarını cavablandırmadığı üçün iddiaçı xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə MMCyə üçüncü dəfə müraciət edərək əvvəlki məktublarının cavablandırılmasını xahiş etmişdir. Yalnız bundan sonra Cavabdeh MMC, İddiaçı əvvəlki müraciətlərinə ümumi şəkildə xx.xx.2025-ci il tarixli, 001848 №-li məktubla cavab vermişdir. MMC həmin məktubda bildirmişdir ki, “...qaytarma ilə əlaqədar müddət ötürüldüyündən və qanunla, o cümlədən müqavilə ilə nəzərdə tutulan əsaslar mövcud olmadığından və mallar “İndividual” sifariş əsasında hazırlandığından müraciətinizin həyata keçirilməsi mümkündüzdür”. Cavabdehin alıcıya verdiyi cavabdan açıq şəkildə görünür ki, cavabdeh tərəf yalnız malın təhviltəslimindən sonra geri qaytarılmasını qəbul etməməkdə israr etmir, həm də ümumiyyətlə malın təhvil verilməsi üçün konkret tarix təyin etməkdən yayınmışdır. Vacib faktı qeyd etmək lazımdır ki, Cavabdeh MMC İddiaçıa ünvanlanan pretenziya məktubunu göndərməzdən və daha sonra Bakı Kommersiya Məhkəməsinə qarşı iddia qaldırmazdan əvvəl, plastik altlıqların istehsalı üçün planlaşdırılan sifariş artıq pozulmuşdur. Bunun nəticəsində İddiaçı qablaşdırma prosesi ilə bağlı əlavə itkilərin qarşısını almaq məqsədilə lazım olan plastik altlıqları Çindən sifariş etməyə məcbur olmuşdur. Bu məhsullar yalnız 26 sentyabr 2024-cü il tarixində əldə edilmiş və bu fakt hazırki iddia ərizəsinə əlavə edilən **********2577 nömrəli X6 ilə təsdiq edilir. Çindən gətirilən ******* ədəd plastik altlığın ümumi dəyəri, ƏDV, nəqliyyat və gömrük rüsumları da daxil olmaqla, 11.620,69 manat təşkil etmişdir. Bu fakt bir daha sübut edir ki, Cavabdeh MMC tərəfindən alıcıya təklif edilən qiymət həddindən artıq şişirdilmiş və bazar dəyərindən 5 dəfə yüksək olmuşdur. Göründüyü kimi, İddiaçı müqavilə çərçivəsində bütün öhdəliklərini tam yerinə yetirmiş, məhkəmə qərarlarını icra etmiş və üzərinə düşən bütün maliyyə öhdəliklərini tam ödəmışdir. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, vaxtında sifariş olunan qəlibi iddiaçıya təhvil verməmişdir. İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilənin predmeti olan qəlibin onun tərəfindən ödənilmiş dəyərinin ona qaytarılması barədə Cavabdeh MMC-yə məktub ünvanlamışdır. Həmin məktuba bu günədək cavab verilməmişdir. Qeyd olunan məsələ tərəflər arasında həllini tapmadığına, habelə Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməkdən əsassız şəkildə imtina etdiyinə görə, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.İmaməliyev iddia tələbini qismən, müqavilənin ləğv edilməsi hissəsində qəbul etdiklərini nəzərə alıaraq, həmin hissədə iddianın təmin edilməsini, qalan hissədə iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının xüsusi sifarişi əsasında hazırlanmış qəlibin razılaşdırılmış dəyərinin yarısı avans olaraq iddiaçı tərəfindən ödənilmiş, qalan yarısı isə qəlib hazır edildikdən sonra cavabdehin təqdim etdiyi hesab faktura üzrə 5 gün ərzində ödənilməli olduğu halda ödənilməmiş, bu səbəbdən məhkəməyə iddia ərizəsi verilmiş, iddia tələbi təmin edilmiş, qalıq borcun sifarişçidən tutulması qət edilmiş, qətnamə borclu iddiaçı tərəfindən tam şəkildə icra edilmişdir. Həmin qəlib hazırda MMC-dədir, iddiaçı həmin qəlibin götürülməsi üçün MMC-yə gəlməmiş, hazırkı iddia ərizəsi verilməzdən əvvəl MMC-yə məktubla müraciət edərək eyni gündə qəlibin həm təhvil verilməsinin, həmçinin geri qaytarılmasının rəsmiləşdirilməsini onlardan tələb etmişdir. Qəlib iddiaçının xüsusi sifarişi əsasında hazırlanmışdır, bu səbəbdən iddiaçının geri qaytarma ilə bağlı təklifi tərəflərindən rədd edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli alqı-satqı müqaviləsininin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür.
7. Müqavilənin 4.1-ci bəndinə görə satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir.
8. Müqavilənin 4.3-cü bəndinə görə mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən malın dəyəri alıcı tərəfindən satıcının təqdim etdiyi hesab fakturaya əsasən 100 faiz avans şəklində qabaqcadan ödənilir.
10. Müqavilənin 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 %-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir.
11. Müqavilənin 10.1-ci bəndinə görə bu müqavilə tərəflər arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək bağlanır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdar etməzsə, müqavilə tərəflər arasında hər il daha bir il müddətinə uzadılmış hesab edilir.
12. Müqavilənin 10.2-ci bəndinə görə tərəflərdən biri digər tərəfi 30 (otuz) gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar etməklə müqaviləyə birətərfli qaydada xitam vermək hüququna malikdir. Tərəflər birətərfli qaydada müqaviləyə xitam verilməsi hüququndan istifadə etdiyi təqdirdə, tərəflər arasında alqı-satqı müqaviləsinin yekunu üzrə son haqq-hesab tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiqlənən müvafiq aktla rəsmiləşdirilir.
13. Müqavilənin 10.10-cu bəndinə görə qaytarma: satılan mallar heç bir dəyişiklik edilmədiyi hallarda (kəsilmə, əyirmə, istifadə edilmə və s.) 14 gün müddətində lazımi sənədləşmə edildikdən sonra qaytarıla bilər. 14 gün müddətindən sonra heç bir dəyişiklik edilməmiş metal məhsullarının satılması üçün müştəriyə müştərinin tələbi olduğu təqdirdə Cavabdeh şirkətinin şərtlərinə uyğun köməklik göstərilə bilər. Belə ki, məhsulun qaytarma zamanı bazar qiyməti satış qiymətindən aşağı olarsa qaytarma bazar qiymətinə uyğun həyata keçiriləcək. Əks halda, faktura qiymətinə uyğun qiymətlə qaytarılma ediləcəkdir.
14. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən iddiaçı tərəfindən icra ediləcək işin - kənar sifarişlər (təmir və restavrasiya xidməti) dəyərinin 4956 manat olması razılaşdırılmışdır.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli HF010939 nörməli 4956 manat məbləğində hesab-faktura təqdim olunmuşdur.
16. xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehə 2608 manat ödəniş edilmişdir.
17. 12.02.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehə 378 manat ədv ödənişi edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6312/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 2478 manat əsas borc, 100 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 2608 (iki min altı yüz səkkiz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci ildə 378 manat, 100 manat və 30 manat vəsait ödənilmişdir.
20. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Məhkəmə iddia tələbini birinci - xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi hissəsində əsaslı hesab edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
23. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
24. Cavabdehin nümayəndələri məhkəmə iclasında müqavilənin ləğv edilməsinə etiraz etmədiklərini bildirmişlər.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ləğv edilməlidir.
26. Məhkəmə iddia tələbini ikinci, 4956 manat pulun tutulması hissəsində əsassız hesab edir.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən iddiaçının sifarişi əsasında bir ədəd qəlibin cavabdeh tərəfindən hazırlanması razılaşdırılmışdır. Həmin qəlib iddiaçının sifarişi əsasında cavabdeh tərəfindən hazırlanmış, dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Həmin qəlibdə hər hansı qüsur və nöqsanın olmaması tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi zamanı öz təsdiqini tapmışdır.
28. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 10.10-cu bəndinə əsasən həmin qəlibin dəyərinin cavabdeh tərəfindən qaytarılmalı olduğunu bildirir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
31. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
32. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
33. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
34. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
36. Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının sifarişi əsasında cavabdeh tərəfindən hazırlanmış və hər hansı qüsuru olmayan məmulat üzrə ödənilmiş vəsaitin geri tələb edilməsi Mülki Məcəllənin yuxarıda sadalanan normalarına uyğun olmadığından iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc və 800 manat hüquqi yardımın göstərilməsinə görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc qismən, 200 manat hissədə cavabdehə aid edilməli, qalan 920 manat xərc iddiaçının özünə aid edilməlidir.
39. Belə ki, xx.xx.2025-ci il tarixli, EM-1821VK-15812/25 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosuna 320 manat, xx.xx.2025-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə görə "xxxx" MMC-yə 800 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 19,56 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4884/24M saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 50 manat dövlət rüsumu, 200 manat hüquqi yardıma görə xərc, ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 19,56 (on doqquz manat əlli altı qəpik) dövlət rüsumu, 920 (doqquz yüz iyirmi) manat hüquqi yardıma görə vəsait İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova