Məhkəmə qərarları › İş №e-2-2(113)-3366/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3366/2024

28.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3366/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X8” Şirkətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ-yə və Cavabdeh1 MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ-nin nümayəndəsi X6in, müstəqi l tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ-yə və Cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X22” QSC, Sumqayıt şəhəri İcra İdarəsi, AR Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) qarşı xx.xx.2023-cü il tarixli, 0280/23 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Baki Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı xx.xx.2022-ci il hökmünə əsasən, ünvan 1 ünvanında yerləşən “X23 X20” MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmişdir və Azərbaycan Respublikasının dövlət nəfinə alınması və həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınması hökm edilmişdir. Həmin hissədə hökm qanuni qüvvəsini almışdır.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4882/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi "xxxx" Şirkəti ilə maraqlı şəxs “X23 X20” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilmişdir. Barışıq sazişindən müəyyən edilir ki, "xxxx" Şirkəti (İkinci Tərəf kimi) ilə “X23 X20” Məhdud Məsuliyyətli Cəmiyyəti (Birinci Tərəf kimi) arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 iyun 2022-ci il tarixli sazişin bağlandığı tarixə X1 ümumi borcu 1 716 778,68 ABŞ dolları təşkil edir və sazişin qüvvəyə minməsindən sonra X17 Tərəfə borc məbləğini sazişdə əks olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. X18 Tərəfə tələbetmə hüququnun xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə keçməsi barədə məlumat verir. Tələbin ötürülməsi haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X14 tərəfə qarşı olan tələbləri "xxxx" MMC-yə keçmişdir və X1 ümumi borcu 1 716 778,68 ABŞ dolları "xxxx" MMC-yə ödənilməlidir. Həmin qətnamədə məhkəmə barışıq sazişində təsbit olunan - tələbetmə hüququnun xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə keçməsi və ümumi borcun "xxxx" MMC-yə ödənilməli olması barədə müddəaları nəzərə alaraq ərizəçinin hazırkı ərizə ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasına qiymət verərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilən 29 iyun 2022-ci il tarixli hüquqların ötürülməsi müqaviləsinin Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi "xxxx" Şirkəti "xxxx" MMC-yə “X23 X20” MMC-yə (Sumqayıt, Azərbaycan, VÖEN: **********) qarşı "xxxx" Şirkəti və “X23 X20” MMC arasında imzalanan xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə təsdiq edilmiş BNFFC-MUL-01, BNFFC-MUL-04, BNFFC-MUL-05 saylı müqavilələrindən irəli gələn 1 716 778,68 ABŞ dolları məbləğində tələb hüququnu güzəşt edir (1-ci bənd). "xxxx" MMC “X23 X20” MMC-dən vəsaitləri əldə etdikdən sonra 10 gün ərzində 1 716 778,68 ABŞ dollarını "xxxx" Şirkəti tərəfindən təyin edilmiş quruma (şəxsə) və ya "xxxx" Şirkətinə ödəyəcək (2-ci bənd). Odur ki, 29 iyun 2022-ci il tarixli müqavilənin adı “hüquqların ötürülməsi müqaviləsi” kimi qeyd olunsa da, müqavilənin məzmuna nəzər saldıqda aydın olur ki, hüquqlar ötürülməmiş, tapşırıq müqaviləsi ilə bağlı müddəalar əks olunmuşdur. Tapşırığın məzmunu isə “X23 X20” MMC tərəfindən ödənilən vəsaiti "xxxx" MMC-nin qəbul edərək "xxxx" Şirkəti tərəfindən təyin edilmiş quruma (şəxsə) və ya "xxxx" Şirkətinə ödənilməsindən ibarət olmuşdur. Odur ki, hazırkı ərizə ilə çıxış etməyə "xxxx" Şirkətinin subyektiv hüququ var.

3. Cavabdeh1 Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0280/23 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən “X23 X20” MMC-yə məxsus avadanlıqların və onların tərkib elementlərinin xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 23.877.000 manat məbləğində müəyyən edilmişdir.

4. Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac komissiyasının xx.xx.2023-cü il tarixli 11/01 nömrəli protokolundan görünür ki, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X13 təşkilatçılığı ilə tam dəyəri 25.890.000 manat olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən əmlakın ilkin hərrac dəyəri 23.301.000 manat müəyyən edilməklə hərraca çıxarılmış (hərracın tarixi xx.xx.2023-cü il saat 11:00-da) və “X22” QSC tərəfindən 23.301.000 manat məbləğə alınmışdır. Hərrac komissiyasının protokolundan müəyyən edilir ki, protokol imzalandığı andan müqavilə qüvvəsinə malik olmaqla, qalibin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatınının aparılması üçün əsasdır. Protokol komissiyanın sədri, üzvləri, hərrac təşkilatının imzası, eləcə də qalibin imzası və möhürü ilə təsdiq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı "xxxx" Şirkəti cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti “X3” PHŞ-yə, Sumqayıt şəhəri İcra İdarəsinə və Cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X22” QSC olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli 0280/23 saylı ekspert rəyinin (hesabatın) ləğv edilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti X3 X21 tərəfindən “X23 X20” MMC-nin ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə (avadanlıqları ilə birlikdə) dair verilmiş müvafiq hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, ünvan 1 ünvanında yerləşən “X23 X20” MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmişdir və Azərbaycan Respublikasının dövlət nəfinə alınmışdır. Həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınmışdır. Məhkəmə hökmü çıxararkən, digər kreditorların, o cümlədən, “X23 X20” MMC-nin ən böyük kreditorlarından biri olan Mulroney Trading Limited” Şirkətinin marağları nəzərə almamışdır. Halbuki, kreditorlar barəsində məlumat müvafiq qurumlara və daha sonra Sumqayıt şəhəri İcra İdarəsinə də təqdim edilmişdir. Bu hökm əsasında Məhkəmə müvafiq icra vərəqəsi çıxarmışdır. Həmin iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Hərraclarin Təşkili X15 Şəxsi tərəfindən verilmiş 02 oktyabr 2023-ci il tarixində əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabata əsasən “X23 X20” MMC-nin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi,ev 1 ünvanında yerləşən Əmlak kompleksi (avadanlıqları ilə birlikdə) 25.890.000 manat qiymətinə hərraca çıxarılmışdır. Qiymətləndirmə Cavabdeh1 tərəfindən həyata keçirilmişdir və bu zaman əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi daşınar və daşınmaz əmlakların (əmlak komleksinin) bu günkü bazar dəyərini azaltmaqla, həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən aşağı şəkildə qiymətləndirilmiş, qiymətləndirmə barədə hesabat qiymətləndirmə standartları, normalarına zidd olaraq tərtib edilmiş, qiymətləndirilmiş daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlakın xüsusi əhəmiyyətə malik olması, unikallığı baxımdan araşdırılmamışdır. Bundan əlavə əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, həmin rəydə, ümumiyyətlə, əmlakın qiymətləndirilməsinə dair hansı tədqiqatın aparıldığı, o cümlədən, hansı metod, üsul və vasitələrdən istifadə olunmaqla obyektin bazar qiymətinin təyin edildiyi müəyyən edilmir. Olduqca mücərrəd bir rəy hazırlanmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərindən görünür ki, əmlakın qiymətləndirilməsi barədə ekspert rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Rəydən göründüyü kimi, qiymətləndirici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamış, onun tələblərinə müvafiq əsaslandırılma aparılmadan mübahisəli obyektin qiyməti təyin edilmişdir ki, bu da son nəticədə mövcud mübahisənin yaranmasına gətirib çıxarmışdır. Bundan sonra, qeyd olunan yanlış qiymətləndirmə rəyi əsasında hərrac keçirilmişdir. Keçirilmiş hərraca əsasən, “X23 X20” MMC-nin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi,ev 1 ünvanında yerləşən Əmlak kompleksinin (avadanlıqları ilə birlikdə) satılması ilə bağlı hərracının nəticələri haqqında protokol tərtib edilmişdir . Qeyd olunan Protokola onlara təqdim edilməmişdir. Onlarda olan məlumata görə keçirilmiş hərracda istinad edilən əmlak 25890000 manat qiymətinə satılıb. Hərracın keçirilməsi zamanı və ondan öncə əmlakın qiymətləndirilməsi zamanı Mulroney Trading Limited şirkətinin marağları nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-4882/2023 saylı və xx.xx.2023-cü il tarixli və artıq hüquqi qüvvəsini almış qətnaməsi aşağıdakı məzmunda qəbul edilmişdir: "xxxx" Şirkəti (İkinci Tərəf kimi) ilə “X23 X20” Məhdud Məsuliyyətli Cəmiyyəti (Birinci Tərəf kimi) arasında 29 iyun 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: – Tərəflər razılaşırlar ki, X1 borcunun bir hissəsi X2 borcunun əvəzləşdirilməsi yolu ilə silinir. Yuxarıda göstərilənlərə əsasən, borcun məbləği aşağıdakı kimi qəbul edilir: Birinci tərəfin (X23 X20 MMC) İkinci Tərəf qarşısında olan borcu 1 060 482,43 USD və 623 212,40 EUR.İkinci tərəfin (Mulroney Trading Limited) Birinci tərəf (X23 X20 MMC) qarşısında olan borcu - 0 USD və 0 EUR. Tərəflər borc məbləğinin ABŞ dolları ilə vahidləşdirilməsi barədə razılığa gəliblər. Bu Sazişin bağlandığı tarixə X1 ümumi borcu 1 716 778,68 ABŞ dolları təşkiledir. Bu Sazişin qüvvəyə minməsindən sonra X17 Tərəfə borc məbləğiniaşağıda əks olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir: 1. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 200 000,00 USD; 2. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 220 000,00 USD; 3. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 300 000,00 USD; 4. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 320 000,00 USD; 5. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 330 000,00 USD; 6. xx.xx.2022-ci il tarixindən gec olmayaraq – 346 778,68 USD. Ödənişlər yuxarıda əks olunmuş cədvələ uyğun icra edildikdə, X14 Tərəfə əlavə pul ödəməsi tələbi olmayacaq. Ödənişlər qrafikə uyğun icra edilmədikdə, X17 Tərəfə gecikdirilmiş məbləğ üzrə illik Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş faiz (“corridor ceiling”) ödəməyə borcludur. X18 Tərəfə tələbetmə hüququnun xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə keçməsi barədə məlumat verir. Tələbin ötürülməsi haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X14 tərəfə qarşı olan tələbləri "xxxx" MMC-yə keçmişdir və X1 ümumi borcu 1 716 778,68 ABŞ dolları"xxxx" MMC-yə ödənilməlidir. Birinci Tərəf, aşağıdakı rekvizitlərdən istifadə edərək, "xxxx" QSC-dəki bank hesabına borcu ödəməklə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür: ООО «Техпроминвест» ИНН ********** ОГРН **********639 Счет ******************** в АО "Райффайзенбанк", Корр.счет ********************, БИК ********* Birinci Tərəf ödənişi rus rublu ilə etməyi öhdəsinə götürür, ABŞ dollarında olan məbləğlərin rubla çevrilməsi vəsaitlərin yuxarıda qeyd olunan hesabına daxil olduğu tarixə X11 məzənnəsi ilə qəbul edilir. İkinci tərəfin tələbi ilə bank rekvizitləri və/və ya ödəniş valyutası dəyişdirilə bilər. İkinci tərəfin dəyişiklik edildiyi gündən 5 gün ərzində ödəniş detallarında hər hansı dəyişiklik barədə Birinci Tərəfə məlumat verməlidir. Bildiriş Elektron ünvan epoçt ünvanına göndərilməlidir. – Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 415 və 416-cı maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7 və 10-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə, 1.6 və 2.8-ci bəndlərinə istinad etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin başlığının dəyişdirilməsini, yəni iş üzrə iddiaçının "xxxx" Şirkəti, cavabdehlərin Əmlak Məsələləri Dövlət Xidməti “X3” PHŞ və Cavabdeh1 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin Sumqayıt şəhəri İcra İdarəsi, “X22” QSC və AR Ədliyyə Nazirliyi kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ-nin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.

12. İddiaçı, digər cavabdeh və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin üçüncü şəxs “X22” QSC-nin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iclasda üzrlü səbəbdən iştirak edə bilmədiklərindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.

13. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən, işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X22” QSC nümayəndəsi və vəkili isə iddia tələbini qəbul etmədiklərini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin: -203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: -203.3.6. müsadirə. -212-ci maddəsinə görə müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. -415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. -416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

18. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR qanununun 10.4-cü maddəsinə görə qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur.

19. AR MPM-in: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -443.0-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; -443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;

20. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Kipr Respublikasında təsis edilmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

23. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ və Cavabdeh1 MMC AR-də təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslərdir. Eyni zamanda iddiaçının mübahisələndirdiyi hərrac protokolu AR-də keçirilmiş hərracın nəticəsi olaraq tərtib edilmiş və müqavilə qüvvəsinə malik həmin protokolun bütün tərəfləri (alıcı və satıcı) AR hüquqi şəxsləridir. Mübahisəli qiymətləndirmə rəyi də AR-də təsis edilmiş və faliyyət göstərən qiymətləndirici şirkət tərəfindən verilmişdir.

24. Odur ki, hazırkı halda iş üzrə cavabdehlər AR-də təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslər olduğundan və iddia tələbləri AR hüquqi şəxsləri arasında bağlanmış və tam şəkildə AR-də həyata keçirilməli olan müqavilə (hərrac protokolu) ilə bağlı olduğundan MPM-in 443.0.1 və 443.0.7-ci maddələrinin tələbinə əsasən AR Məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.

25. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq qeyd edildiyi kimi mübahisəli hərrac protokolu AR-də keçirilmiş hərracın nəticəsi olaraq tərtib edildiyindən, hərracda bağlanan müqavilənin tərəfləri AR hüquqi şəxsləri olmaqla müqavilə tam şəkildə həyata keçirilməli olduğundan həmin müqavilə özlüyündə bir neçə ölkənin hüquq qaydası ilə bağlı olan xarici elementli müqavilə deyildir. Eynilə qiymətləndirmə rəyi AR hüquqi şəxsinin sifarişi ilə AR qiymətləndirmə şirkəti tərəfindən verilmişdir. Odur ki, həmin hərrac protokolunun etibarsız hesab edilməsi və qiymətləndirmə rəyinin ləğv edilməsi tələblərinə AR qanunvericiliyinin tətbiq edilməli olması açıq-aşkardır.

27. Tələbin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Baki Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı xx.xx.2022-ci il hökmünə əsasən, “X23 X20” MMC-nin ünvan 1 ünvanında yerləşən əmlak kompleksi avadanlıqları ilə birlikdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak hesab edilməklə həmin əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və həmin əmlakın dövlət nəfinə alınması hökm edilmişdir. Hökmün icrası mərhələsində sözügedən əmlak Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi ilə Cavabdeh1 Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən qiymətləndirilmiş və qiymətləndirici şirkətin xx.xx.2023-cü il tarixli, 0280/23 nömrəli ekspert rəyinə əsasən həmin əmlakın bazar dəyəri 23.877.000 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti “X3” X21 tərəfindən dövlət nəfinə alınmış əmlakın satışının təşkil edilməsi məqsədilə hərrac keçirilmiş və xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac komissiyasının xx.xx.2023-cü il tarixli 11/01 nömrəli protokolundan tam dəyəri 25.890.000 manat olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) ilkin hərrac qiyməti 23.301.000 manat müəyyən edilməklə hərraca çıxarılmış (hərracın tarixi xx.xx.2023-cü il saat 11:00-da) və “X22” QSC-yə 23.301.000 manat məbləğə satılmışdır.

28. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4882/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Şirkətinin “X23 X20” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilmişdir. Məhkəmə qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişindən isə müəyyən edilir ki, barışıq sazişinin tərəfləri sazişin bağlandığı tarixə “X23 X20” MMC-nin hazırki iş üzrə iddiaçı "xxxx" Şirkətinə ümumi borcunun 1.716.778,68 ABŞ dolları təşkil etməsi və həmin borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.

29. Hazırda iddiaçı "xxxx" Şirkəti “X23 X20” MMC-nin onlara 1.716.778,68 ABŞ dolları borcunun olduğunu, lakin “X23 X20” MMC-nin adına qeydiyyatda olmuş əmlak kompleksinin hərracdan satılması zamanı onların mənafelərinin nəzərə alınmadığını, əmlak kompleksinin bazar dəyərindən aşağı qiymətə qiymətləndirilməklə hərracdan satıldığını əsas göstərərək əmlakın qiymətləndirilməsinə dair qiymətləndirmə rəyinin ləğv edilməsi və hərracın protokolunun etibarsız hesab edilməsini xahiş edir.

30. Məhkəmə ilk növbədə "xxxx" Şirkətinin yuxarıda göstərilən qiymətləndirmə rəyini və hərracın protokolunu mübahisələndirməyə dair subyektiv hüququnun olub-olmamasına münasibət bildirilməsini zəruri sayır.

31. Belə ki, MPM-in 4.1-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

33. Hazırkı halda işin yuxarıda göstərilən hallarından da göründüyü kimi mülkiyyət hüququ “X23 X20” MMC-nin adına qeydiyyatda olmuş əmlak kompleksinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə xüsusi müsadirə tətbiq edilmiş, yəni həmin əmlak məcburi və əvəzsiz qaydada dövlət nəfinə alınmış, bununla da “X23 X20” MMC-nin sözügedən əmlak üzərində mülkiyyət hüququna Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən xüsusi müsadirə nəticəsində xitam verilmişdir.

34. Digər tərəfdən o da qeyd edilməlidir ki, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsini tənzimləyən cinayət və cəzaların icrası qanunvericiliyinin normalarından (Cinayət Məcəlləsinin 99-3-cü maddəsi və CPM-in 132.1.2-ci maddəsi) da göründüyü kimi sözügedən tədbir tətbiq edilərkən yalnız cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak hesabına ödənilməli olması nəzərdə tutulur. İddiaçı “X9” Şirkəti isə müvafiq cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb edilməmiş, həmin cinayət işi çərçivəsində mülki iddia irəli sürməmişdir, əksinə iş materialları ilə öz təsdiqini tapır ki, X23 X20” MMC-nin iddiaçıya borcu mülki müqavilələr əsasında yaranmışdır, yəni cinayət nəticəsində dəymiş ziyan deyil.

35. Göründüyü kimi iddiaçı “X10” Şirkəti müqavilələr üzrə yaranmış borcun “X23 X20” MMC adına olmuş və xüsusi müsadirə nəticəsində dövlət nəfinə alınmış əmlak hesabına ödənilməsini tələb edə bilməz.

36. Belə olan halda isə mübahisəli əmlak kompleksinin qiymətləndirilməsi, eləcə də açıq hərracdan satılması iddiaçının qanunla qorunan hüquqlarına və maraqlarına toxunamadığından iddiaçı qiymətlədirmə rəyinin həqiqiliyini və hərracinin nəticələRinin etibarlılığını mübahisləndirməyə dair subyektiv hüquqa da malik deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia iddiaçınnı iddianı qaldırmağa dair subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı “X10” Şirkətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti X3 PHŞ-nə və Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar