Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3367/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərracın etibarsızlığı, ipoteka predmetinə sərəncam verilməsi, subyektiv hüquq, etibarsız əqdlər üçün müddətlər, hüquqdan sui-istifadə: estoppel) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2, Üçüncü şəxs X8 iştirakları ilə İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan "xxxx" X14 Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" KB QSC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi və ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir: 2.1. iddiaçı ilə X13 arasında xx.xx.2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 25% olmaq şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2007-ci il tarixdə iddiaçı ilə X13 arasında ********** saylı ipoteka müqaviləsi bağlanmışdır. X8 şəxsi mülkiyyətində olan ünvan 1 yarımzirzəmisində yerləşən qeyriyaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir və hal-hazırda da ipoteka ilə yüklüdür. X8 hazırda iddiaçıya qalıq borcu mövcuddur. 2.2. X3 ilə Cavabdeh2 arasında xx.xx.2007-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən X5 Rafiq Allahverdi oğlundan xx.xx.2010-cu il tarixədək 20000 ABŞ dolları məbləğində borc almışdır. X4 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə beh müqaviləsi bağlanmış və 5 beş ay müddətinə 24330 manat məbləğində X5 Rafiq Allahverdi oğlundan beh almışdır. X13 ilə Cavabdeh2 arasında bağlanmış hər iki (borc və beh) müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 borc müqaviləsinə dair iddia tələbi üzrə cavabdeh X10 qarşı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2010-cu il tarixdə 2(008)-3341/10 saylı qətnamə və beh müqaviləsi üzrə iddia tələbi əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2010-cu il tarixdə 2(008)-641/10 saylı qətnamə çıxarmışdır. 2.3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(008)- 3341/10 saylı və xx.xx.2010-cu il tarixli 2(008)-641/10 saylı qətnamələrinin icra vərəqi üzrə borclu X10 məxsus olan ünvan 1 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi (bankda ipoteka ilə yüklü edilmiş) xx.xx.2018-ci il tarixli 327 saylı hərrac protokoluna əsasən Cavabdeh2 tərəfindən əldə olunmuşdur. Belə ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1228xx/xx-24099 saylı sifariş məktubu əsasında sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə “X9” MMC (hazırkı Cavabdeh1 MMC) hərrac keçirmiş və hərracın yekunları barədə 327 saylı protokol tərtib edilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə 327 saylı protokoluna əsasən iddiaçıda ipoteka ilə yüklü olan X10 məxsus ünvan 1 yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 71540 manat məbləğində təyin edilmiş və tələbkar Cavabdeh2 tərəfindən hərracdan alınmışdır. 2.4. İcra məmuru bankda yüklü olan əmlak barəsində icra hərəkətləri aparmış, əmlakın bankda yüklü olmasını bildiyi halda, əmlakın hərracda satılması barədə “X9” MMC-yə sifariş məktubu göndərmişdir. İcraçının hərəkətləri qanunsuzdur. Bu səbəbdən keçirilmiş hərrac etibarsızdır. Bankda yüklü edilmiş əmlak barəsində icra məmurunun müvafiq hərəkətləri aparması barədə isə iddiaçının məlumatı olmamışdır.
3. İddiada maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 269, 317.1, 416-cı maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5, 30, 31-ci maddələri, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsi göstərilmişdir.
4. Cavabdeh2 iddiaya etiraz təqdim edərək göstərmişdir ki, onun, icra qurumunun və hərrac təşkilatının X8 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü olmasından xəbəri olmamışdır. Qeyd edilən şəxslərdən hər hansı biri bu barədə məlumatlı olsa idi, həmin hərracın keçirilməsinin qarşısı alınardı. Cavabdeh2 qeyri-yaşayış sahəsini tam vicdanlı olaraq əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, vicdanlı əldə edənin mülkiyyət hüququ mülki qanunvericilik tərəfindən qorunur. Bundan başqa, iddiaçının iddia tələbində hərracın etibarsız hesab edilməsini tələb etməsi də iddia ərizəsinin qeyri-peşəkar hazırlanmasını göstərir. Belə ki, müqavilə qüvvəsinə malik olan, əqd sayılan hərracın nəticələrinə dair protokol mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, hərracın yekunlarına dair protokol müqavilə qüvvəsinə malik olmaqla əqd hesab edilir. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, qeyd edilən protokolun mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçının 2019-cu il tarixdən həmin hərracın nəticələrinə dair protokoldan xəbəri olmuşdur. Odur ki yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X13, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürüməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X6 və Nümayəndə iddianın məzmununa uyğun izahat (izah) verdilər və eyni zamanda göstərdilər ki, iddiaçı ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsi üzrə hərracın keçirilməsi prosesindən xəbərdar olmamış, bu barədə yalnız əmlakın əldə edənin adına qeydiyyata alınmasına dair Bakı İnzibati Məhkəməsində keçirilən proses zamanı məlumatlı olmuşdur. Eyni zamanda hərrac qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmiş, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 102 200 manat olmuş, sonra 30 faiz endirimlə 71540 manata satılmışdır.
8. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.
9. Üçüncü şəxs X13 məhkəmə iclaslarında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi və eyni zamanda göstərdi ki, qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmamış, mülkiyyətçi olduğu halda ona hərrac barədə hər hansı məlumat verilməmişdir.
10. Cavabdeh1 MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Üçüncü şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli 2(008)- 641/2010 nömrəli icra sənədinə əsasən X7 48 660 manat tutularaq Cavabdeh2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. – Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli 2(008)- 3341/2020 nömrəli icra sənədinə əsasən X7 19000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) tutularaq Cavabdeh2 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir; – Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-122894/6-10113 nömrəli məktubu ilə 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli icra sənədi üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi sifariş edilmiş, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli QXM/1155 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 102 200 manat müəyyən edilmişdir; – Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-1228xx/xx-24099 nömrəli sifarişi ilə Cavabdeh1 MMC-yə (əvvəlki “X9” MMC) 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli icra sənədi üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 102 200 manat müəyyən edilməklə satışının həyata keçirilməsi tapşırılmış, qeyri-yaşayış sahəsinin satışı üzrə Cavabdeh1 MMC tərəfindən 25 oktyabr 2018-ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, endirimli satış qiyməti 91980 manat (10%) müəyyən edilməklə birinci hərrac keçirilmiş, 16 noyabr 2018ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, 10% endirimli satış qiyməti 91980 manat, 20% endirimli satış qiyməti 81760 manat müəyyən edilməklə ikinci hərrac keçirilmiş, 03 dekabr 2018-ci il, saat 11:00-da ilkin satış qiyməti 102 200, 10% endirimli satış qiyməti 91980 manat, 20% endirimli satış qiyməti 81760 manat, 30% endirimli satış qiyməti 71540 manat müəyyən edilməklə üçüncü hərrac keçirilmiş, 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərracın yekunları barədə protokolla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 71540 manata Cavabdeh2 tərəfindən əldə edilmişdir; – Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2018-ci il tarixli xx/xx- 4476/18-37287 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinə məktub ünvanlayaraq, 15 mart 2010-cu il tarixli 2(008)-641/2010 nömrəli və 06 dekabr 2010-cu il tarixli 2(008)-3341/2020 nömrəli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 03 dekabr 2018ci il tarixli 327 nömrəli hərrac protokoluna əsasən Cavabdeh2 tərəfindən əldə edildiyini bildirmiş və sözügedən əmlakın Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişdir.
16. İddiaçı, iddiasının faktiki əsasına görə, 03 dekabr 2018-ci il tarixdən keçirilmiş hərrac zamanı xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın razılığı olmadan satıldığını bildirir və həmin hərracın etibarsız hesab olunmasını tələb edir. İddaçının nümayəndəsi isə əlavə olaraq hərrac zamanı əmlakın qiyməti ilə bağlı da qanunvericiliyin tələblərinin pozulduğunu bildirərək hərracın etibarsız hesab olunmasını xahiş edir.
17. Cavabdeh2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində hər hansı yüklülüyün olmaması barədə vicdanlı olduğunu, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin ötdüyünü və hərracın deyil, yalnız hərracın yekunları barədə protokolun əqd olmaqla etibarsızlığının irəli sürülə biləcəyini qeyd edərək iddianın rədd edilməsini tələb edir.
18. Üçüncü şəxs X1 hərrac barədə ona məlumat verilmədiyini və iddianın təmin edilməsini xahiş edir.
19. Cavabdeh1 MMC və üçüncü şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
20. Məhkəmə hazırkı mübahisənin həlli üçün aşağıdakı qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
22. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.
23. Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 01 iyul 2022-ci il tarixli Qərar).
24. Məhkəmə qeyd edir ki, göstərilən hüquq normasının mənasına görə ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər. Lakin adıçəkilən Qanunda istinad olunan yazılı razılığın məzmunu ilə bağlı hər hansı tələb irəli sürülməmişdir.
25. Bu mənada ipoteka qoyanın yazılı razılığı ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə məlumat əldə edildikdən sonra özgəninkiləşdirilən şəxsə bu barədə iradənin ifadə olunması məzmununa malik sənədlə də mümkündür.
26. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 29 may 2019cu il tarixli **********255 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehin xx.xx.2019cu il tarixli müraciətinə cavab olaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X9” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satıldığını bildirir, Azrbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən protokolun alıcının yeni mülkiyyətçi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrində daxil edilməsi üçün əsas hesab edilən sənəd olduğunu xatırladır. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış 21 noyabr 2019-cu il tarixli **********294 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli müraciətinə 29 may 2019-cu il tarixli məktubda qeyd olunan məzmunda cavab məktubu ünvanlamışdır.
27. Belə olan halda, iddiaçının ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X9” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 satıldığından məlumatlı olduğu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş yazılı razılığı ifadə etdiyi öz təsdiqini tapır. Hətta iddiaçı Cavabdeh2 qeyd edilən protokol əsasında yeni mülkiyyətçi hüququ əldə etdiyini, müvafiq prtokolun dövlət reyestrinə daxil edilməsinin mümkün olduğunu izah etmişdir.
28. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının 03 dekabr 2018-ci il tarixli 327 nömrəli hərracın yekun protokolundan, dolayısı ilə 03 dekabr 2018-ci il tarixdə keçirilmiş hərracdan məlumatsız olması və ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq verməməsi barədə arqumenləri əsassızdır.
29. Bundan başqa, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi hərrac zamanı əmlakın qiymətinin qanunsuz olaraq endirildiyini də bildmişdir.
30. Əvvəla, göstərilməlidir ki, məhkəmə tərəfindən qeyd edilən halın iddia tələbinin faktiki əsasını təşkil etmədiyi izah edilərək iddianın əsasının dəqiqləşdirilməsi barədə iddiaçıya təklif edilmiş, lakin sonuncu tərəfindən belə bir dəqiqləşmə aparılmamışdır.
31. Digər tərəfdən, iddiaçının hər hansı qeyd-şərt qoymadan özgəninkiləşdirilməsinə razılıq verdiyi ipoteka predmetinin satış qiyməti ilə bağlı mübahisə etməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.
32. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X9” MMC-nin 327 saylı xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən Cavabdeh2 adına özgəninkiləşdirilməsi iddiaçının ipoteka hüququna xitam vermir. Belə ki, ipoteka predmetinin bir ipoteka qoyandan digərinə özgəninkiləşdirilməsi zamanı qiymət ipoteka saxlayan kimi iddiaçı üçün hər hansı hüquq və ya vəzifə doğurmur. Bu isə iddiaçının hərracın qiyməti barədə mübahisə etməyə subyektiv hüququnun olmadığını göstərir.
33. Lakin hətta belə bir hüquq olsa idi belə, nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçıları mülki hüquq münasibətlərində vicdanla iştirak etməlidirlər.
34. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
36. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
37. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
38. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
39. Məhkəmə qeyd edir ki, iddiaçı əmlakın özgəninkiləşdirilməsinə razılıq veməsi, uzun müddət hər hansı etiraz etməməsi ilə şübhəsiz qəbul etdiyi halı hazırkı icraatda mübahisələndirməyə çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə etmişdir.
40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
41. Cavabdehin Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin ötdüyü ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə göstərir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Mübahisə edilən əqdlərdə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Göstərilənlərə əsasən, əhəmiyyətsiz və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir.
42. Hərracın deyil, yalnız hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinin irəli sürülə biləcəyi barədə dəlillərə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
44. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə əsasən qeyd edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərci (hazırkı halda dövlət rüsumu) də iddiaçıya aid edilir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova