Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3377/2023 30.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 671 nömrəli icarə müqaviləsi üzrə 42180 manat məbləğində vəsait dövlət büdcəsinin və mediasiya ilə bağlı ödənilmiş 200 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində ayrılmış torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2006cı il tarixli 671 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri və müqavilənin şərtləri pozulmuşdur. Hazırda cavabdehin dövlət büdcəsinə ödənilməli olan 671 nömrəli icarə müqaviləsi üzrə 42180 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqı borcunu dövlət büdcəsinə ödəməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni tələblə Cavabdehnə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, lakin həmin məhkəmə xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1794/2021 saylı qətnamə ilə qeyd edilən iddianın Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qaldırıla biləcəyini və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasını qeyd edərək, iddianı rədd etmişdir. Qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir (xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00586 nömrəli arayış əlavə olunur). Mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatorun bank hesabına ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarlarından verilən şikayətlər və məhkəməyə verilən iddia ərizələri üçün ödənilən rüsumdan azaddır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 0671 saylı icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamı, xx.xx.2005-ci il tarixli, 11865 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsiin şərq hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi bağlanır:
9. 1.İcarənin mahiyyəti və məqsədi
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə əsasında sahəsi 4000 kv.m. olan torpaq sahəsini, icarəçiyə 49 il müddətinə istifadəsinə verir. İcarəçi onu qəbul edir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir.
12. 2.İcarəyə verənin hüquqları və vəzifələri
13. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verənin hüquqları aşağıdakılardır: - icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
14. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəyəverənin vəzifələri aşağıdakılardır: - icarəyə verilə torpaq sahələrini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək.
15. 3.İcarəçinin hüquqları və vəzifələri
16. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçinin hüquqları aşağıdakılardır: - Torpaq sahəsindən icarə müqavilə ilə müəyyən edilmiş həddə istifadə etmək;
17. Müqavilənin 3.2-ci bəndinə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: - İcarəyə götürülmüş torpaqdan təyinatı üzrə istifadə etmək; - Torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək;
18. 7.Müqavilənin müddəti və icarə haqqı
19. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə 49 il müddətinə bağlanır.
20. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və icarəçi tərəfindən ödənilir.
21. Müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı 01 yanvar 2006-cı il tarixdən hesablanır.
22. Müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 2995,20 manat icarə haqqıödəməyi öhdəsinə götürür.
23. 9.Müqavilənin əlavə şərtləri
24. İcarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququ, müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir.
25. Cavabdeh MTK-nın şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2009-cu ildən xx.xx.2023-cü il tarixinə kimi ona 43179,20 manat məbləğində icarə haqqı hesablanmışdır. İcarə haqqı ödənişi cəmi 1000 manat təşkil etmişdir.
26. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarə haqlarının ödənilməsi ilə bağlı öhdəliyi cavabdehlə bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
34. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
35. 710.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
36. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
37. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun:
38. 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
39. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında həmin Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
40. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.
41. 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
42. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2006-cı il tarixdə icarə müqaviləsi bağlanmış, icarəçi xx.xx.2023-cü ilə qədər olan öhdəliklərini icra etməmiş, həmin dövrə qədər ödənilməli olan icarə haqlarını ödəməmiş, bu hal cavabdehin şəxsi hesab vərəqəsində də öz təsdiqini tapmışdır.
45. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 42180 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 42180 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
48. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat mediasiya xərci ödəmişdir.
49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdehndən 0671 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi üzrə 42180 (qırx iki min yüz səksən) manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova