Məhkəmə qərarları › İş №e-2-2(113)-3379/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3379/2023

10.08.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3379/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 Ağaşı oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 28172.7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 40 (qırx) manat məbləğində vəsaitin cavabdehdən xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1 ünvanında yerləşən, "xxxx" açıq səhmdar cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172.7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadədə olan əraziyə birləşdirilməklə həmin ərazidə "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Bildiririk ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 45 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı Rezin Məmulatları zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.2004-cü il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh iddiaya etiraz etmiş, etiraz onunla əsaslandırılmışıdır ki, etiraza əlavə olaraq təqdim edilən sənədlər və idiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında ciddi uyğunsuzluqlar var. İddiaçının iddia tələblərinin əsasını təşkil edən sənədlərdən biri olaraq, ASC-nin emissiya prospektindən çıxarışdır. Emissiya prospekti iki orijinal nüsxə olaraq tərtib edilməklə, biri iddiaçıda, digəri cavabdehdədir. İddiaçı tərəfindən təqdim edilən emissiya prospektindən cıxarışda (məlumat) torpaq sahəsi 28172,7 kv.m. kimi göstərildiyi halda, digər nüsxədə həmin səhifədə ölçü 35000 kv.m. kimi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən həmin sənəddə ölçünün sonradan düzəliş edilməsini aşkar müəyyən etmək mümkündür. Bu səbəbdən emissiya prospektinin hər iki nüsxəsinin məhkəmə baxışına təqdim edilməsi obyektiv araşdırma üçün zəruridir. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla bağlı, texniki pasportun tərtib edilməsi üçün əsas hər bir halda verilmiş ərizə olmalı idi. Belə bir müraciət olmamışdır. Eyni zamanda texniki pasport yoxdur və həmin sənədin ümumiyyətlə mövcudluğu yenilikdir. Bu baxımdan həmin sənədin verilmə əsaslarının da məhkəməyə təqdim edilməsini də ədalətli araşdırma üçün vacibdir. Əlavə olaraq, bəhs edilən torpaq sahəsi ilkin olaraq Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 2/16 saylı, 15 aprel 1980-ci il tarixli qərarına əsasən ayrılmışdır ki, həmin qərarda müəssisənin faktiki istifadəsində olmuş torpaq sahəsinin həmin müəssisəyə təhkim edilməsi qərara alınmış, torpaq ölçüsü göstərilməmişdir. Həmin qərar da məhkəməyə təqdim edilir. Qərarda konkret ölçü göstərilməsə də digər dəlillərin də məcmu tətbiqi ilə torpaq sahəsinin məhz indiki faktiki ölçülərə uyğun ayrılmış olmasını sübut edilə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin “Qeyd” hissəsində deyilir ki, Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. 25-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsində dövlət mülkiyyətində olan 28.172,7 kv.m torpaq sahəsinin 0.50 ha hissəsində "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyini qeyd etsə də, 28.172,7 kv.m torpaq sahəsinin “"xxxx" ASC-yə icarəyə verilməsi barədə müqavilə təqdim etməmişdir, bu isə o deməkdir ki, tərəflərin arasında müqavilə münasibətləri yaranmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, dövlət orqanları kommersiya mübahisələrində subyekt qismində məhdud çərçivədə iştirak edə bilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da dövlət orqanlarının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə hansı hallarda kommersiya işi üzrə subyekt qismində iştirak edə bilməsi göstərilmiş, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə isə subyekt qismində çıxış etməsinin mümkün olmadığı qeyd olunmuşdur. Hazırkı iş üzrə ƏMDX ilə "xxxx" ASC arasında mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdikləri mülki hüquqi əqd bağlanmamışdır. Bu isə hazırkı iş üzrə iddiaçı qismində çıxış edən dövlət orqanının müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə subyekt qismində iştirak etməsi əsasının olmadığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi iddiaçı dövlət orqanı olmaqla, tərəflərin arasında müqavilə münasibətləri yaranmamış və buna görə məhkəmə hesab edir ki, “dövlət mülkiyyətində torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi” tələbi tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir və hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya mübahisəsi ilə bağlı iş kimi deyil, mülki iş kimi ümumi məhkəmədə baxılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 3-cü mədən küçəsidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi hesab olunmadığından və cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar