Məhkəmə qərarları › İş №e-2-2(113)-338/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-338/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-338/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə2 qarşı “pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən və Nümayəndə2 birgə qaydada onun xeyrinə 16368.6 manat məbləğində əsas borcun, 3014.7 manat məbləğində faiz borcunun, 4001.03 manat məbləğində cərimə borcunun, cəmi 23384.33 manat borcun və 161 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Nümayəndə2 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 17% olmaqla 50000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Nümayəndə2 məxsus olan ünvan 1 cavabdeh Nümayəndə2 ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Borclu ilə aramızda bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 428.4, 442, 445.2.1, 449.4, 465.2 472.1, 472.2 və 501-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək ipoteka predmetinin ilkin satış qiymətinin müqavilə üzrə 78000 manat müəyyən olunmasına etiraz etməmiş, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən, iddia tələbində qeyd edilən 16368,6 manat məbləğində əsas borcu, ekspert rəyində qeyd edilən faiz məbləği qəbul etdiyini, lakin cəriməni qəbul etmədiyini bildirmişdir. Həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsinə və ilkin satış qiymətinin müqavilə üzrə 78000 manat müəyyən edilməsinə etiraz etməmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 MMC (Kredit alan) ilə İddiaçı ASC (Bank) arasında bağlanmış xx.xx.2020-ci il tarixli L041/2020/15 saylı “Kredit limitinin ayrılması haqqında” müqaviləyə əsasən Bank Kredit alana 84 ay müddətinə illik maksimum 30% ilə 100000 manat məbləğində krеdit limiti ayırır, Kredit alan isə bu Müqavilə və Kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit müqavilələri (kredit sazii və standart kredit şərtləri) ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan “Ödəniş cədvəli”nə əsasən qaytarmağı öhdəsinə götürür. Kredit limiti çərçivəsində verilən kreditlərin məqsədi, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər “Krеdit müqavilələri” ilə müəyyən оlunur. Cavabdeh1 MMC (borclu) və Nümayəndə2 (zamin) ilə İddiaçı ASC (bank) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 17% olmaqla 50000 manat məbləğində krеdit verməyi, borclu isə müəyyən olunmuş qaydada ödəniş cədvəlinə uyğun olaraq krediti qaytarmağı, zamin isə borclu ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli **********873 nömrəli ödəniş tapşırığına əsasən 14165,08 xx.xx.2022-ci il tarixli **********954 nömrəli ödəniş tapşırığına əsasən 35833,92 manat kredit İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 21 yanvar 2022-ci il tarixli KE/67257/84/1 saylı Kredit Müqaviləsinə Əlavə N°1 ödəniş cədvəlindən görünür ki, cavabdeh RSM-TRANS" MMC tərəfindən 24 ay müddətinə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 2472,11 manat, sonuncu ay, xx.xx.2024-cü il tarixində 2483,69 manat aylıq ödənişlər ödənilməlidir. İddiaçı ASC (İpoteka saxlayan) ilə Nümayəndə2 (İpoteka qoyan) və Cavabdeh1 MMC (borcalan) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İpoteka qoyan öz mülkiyyətində olan Bakı şəh, Suraxanı ray, Yeni Günəşli qəs, V y/s, ev 27, 37 nömrəli mənzili xx.xx.2020-ci il tarixli, L041/2020/15 nömrəli “Kredit limitinin ayrılması haqqında” müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 78000 manat müəyyən edilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 27, mənzil 37 xüsusi mülkiyyət hüququ ilə Nümayəndə2 məxsusdur. **********45-05101-093026 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 27, mənzil 37 xx.xx.2020-ci il tarixli, L041/2020/15 nömrəli “Kredit limitinin ayrılması haqqında” müqavilə üzrə 84 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin yüklülük ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə reyestrdə qeydə alınmışdır. 22 və 23 oktyabr 2020-ci il tarixli ərizələrdən görünür ki, ipoteka qoyan Nümayəndə2 arvadı X11, həmin ünvanda qeydiyyatda olan X2, X5, X3, X4, X7 və X8 xx.xx.2019-cu il tarixində Bakı şəhəri 37 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Nümayəndə2 məxsus Bakı şəh, Suraxanı ray, Yeni Günəşli qəs, V y/s, ev 27, m.37 yerləşən, 60.62 kv.m ümumi sahədən ibarət olan mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilməsinə, gələcəkdə tutmanın həmin əmlaka yönəldilməsinə razı olduqlarını bildirmişlər və bu halda Bankın ilk tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürmüşlər. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə 16368.6 manat əsas, 3014.7 manat faiz və 4001.03 manat məbləğində cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 161 manat məbləğində dövlət rüsumu ödəmişdir. 849 İB nömrəli, xx.xx.2024-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görünür ki, İddiaçı ASC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə Nümayəndə2 xəbərdar etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 849 İB nömrəli, xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəh, Suraxanı ray, Yeni Günəşli qəs, V y/s, ev 27, 37 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra olunması üçün pretenziya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7514 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, KE/67257/84/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə banka olan əsas borcu 22470,67 manat, faiz borcu 2245,49 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KE/67257/84/1 saylı kredit sazişi üzrə təqdim edilən hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə borcu müəyyən edilməmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki,”...iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir...” Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2020-ci il tarixli L041/2020/15 saylı “Kredit limitinin ayrılması haqqında” müqaviləyə əsasən 84 ay müddətinə illik maksimum 30% ilə 100000 manat məbləğində krеdit limiti ayrılmış, daha sonra xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 17% olmaqla 50000 manat məbləğində krеdit verilmiş, Nümayəndə2 da həmin sazişi zamin olaraq imzalayaraq borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin İddiaçı ASC ilə Nümayəndə2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli L041/2020/15 saylı “Kredit limitinin ayrılması haqqında” müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi Nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 27, 37 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 50000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyərək hər ay ödənilməli olan aylıq ödənişləri ödəməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, nəticədə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərdən kredit sazişi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, KE/67257/84/1 saylı kredit sazişi üzrə ekspert rəyi ilə əsas borcun məbləği iddia ərizəsində tələb edilən əsas borcun məbləğindən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini və cavabdehin iddia tələbi üzrə əsas borc məbləğini qəbul etiyini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc həmin kredit sazişi üzrə iddia tələbinə uyğun, 16368,6 manat məbləğində tutulmalıdır. Həmçinin məhkəmə cavabdehlərdən tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 3014,7 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizası nəticəsində kredit razılaşmasının müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə faiz borcu 2245,49 manat hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, iddiaçının isə kredit müqaviləsi bitdikdən sonra maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə kimi faiz borcu hesabladığını nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu kredit razılaşmasının müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə hesablanmış 2245,49 manat məbləğində müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı 4001,03 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmış və ödənişlər 1 ildən artıqdır gecikdirilmişdir. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, həmçinin ekspert rəyinə əsasən hesabdan çıxarışdan cərimə borcunun müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı tələbin cavabdeh Nümayəndə2 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. İpoteka predmeti olan, ünvan 1 ünvanındakı əmlak açıq hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ilkin satış qiyməti müəyyən edildiyindən və tərəflər həmin ilkin satış qiyməti ilə razı olduqlarından ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə uyğun 78000 manat müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ünvan 1 ünvanındakı əmlaka yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti 78000 manat müəyyən olunmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin borcu iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 161 manat dövlət rüsumunun 150 manatının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 180 manat məbləğində hissəsi cavabdеhlər Cavabdeh1 MMC və Nümayəndə2 müştərək qaydada, 20 manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 MMC və Nümayəndə2 birgə qaydada 16368,6 manat əsas, 2245,49 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 19114 (on doqquz min yüz on dörd) manat 9 (doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manatının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 27, 37 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, həmin əmlakın ilkin satış qiyməti 78000 (yetmiş səkkiz min) manat müəyyən edilsin, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehlərin borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 180 (yüz səksən) manatı cavabdеhlər Cavabdeh1 MMC və Nümayəndə2 müştərək qaydada, 20 (iyirmi) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar