Məhkəmə qərarları › İş №e-2-2(113)-3383/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3383/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3383/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı2, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı2 Cavabdeh qarşı “kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli ƏİX 28695696 seriya və nömrəli girov bileti əsasında götürülən kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2025-ci il tarixli ƏİX 28695696 seriya və nömrəli girov bileti əsasında 3,6%, aylıq ödəniş 1823,66 manat olmaqla 60 ay müddətinə 100 000 manat lombard krediti götürmüşdür. Belə ki, ilk əvvəl iddiaçı "xxxx" ASC-dən qızıl girovu qoymaqla kredit götürmüş, hər ay vaxtlıvaxtında kreditini ödəmişdir. Cavabdehin Şəki şəhərində olan işçisi Ehtiramla söhbət edərkən sonuncu iddiaçıya "xxxx" ASC-dən götürdüyü kreditdən daha sərfəli (daha aşağı faizlə) lombard krediti verə biləcəyini təklif etmişdir. İddiaçı cavabdehin işçisinə halhazırda "xxxx" ASC-də 28116,08 manat kredit borcu qaldığını bildirmiş, sonuncu 100 000 manat kredit verə biləcəyini, 60 ay olmaqla, aylıq ödənişin 1823,66 manat olduğunu bildirmişdir. İddiaçı razılaşma əsasında verilməli olan 100 000 manatdan "xxxx" ASC-yə olan borc məbləğini cavabdehin əməkdaşının iştirakı ilə bağlayaraq, girov predmetlərini bankdan götürmüş və cavabdehin lombardında ƏİX 28695696 seriya və nömrəli girov bileti rəsmiləşdirməklə qızıllarını girov qoymuş və geri qalan pul ona təhvil verilmişdir. Girov bileti ilə götürülən kredit üzrə xx.xx.2025-ci il tarixində 150276 nömrəli qəbzlə 1824 manat ilk ödəniş edilmiş, növbəti – mart ayının ödənişi üçün iddiaçı lombarda yaxınlaşsa da, cavabdehin əməkdaşları aylıq ödənişi qəbul etməkdən imtina etmiş, imtina səbəbi kimi bildirmişlər ki, kredit verilərkən aylıq ödəniş məbləğlərində və müddətində səhvə yol verilib, buna görə girov biletinin geri qaytarılması və yeni şərtlər qeyd edilməklə kredit veriləcəkdir. Halbuki iddiaçı cavabdehin təklifi onu qane etdiyi üçün "xxxx" ASC-də olan krediti bağlamağa razı olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəf ödənişləri qəbul etməkdən imtina etmişdir. Aylıq ödənişin qəbul edilməsi üçün iddiaçı cavabdeh tərəfə rəsmi məktubla və “e-taxes.gov.az” internet saytında VÖEN kabineti vasitəsilə müraciət edərək aylıq ödənişin qəbul edilməsini tələb etmişdir. Eyni zamanda cavabdehin hərəkətlərində dələduzluq cinayətinin əlamətlərinin olmasını düşündüyü üçün iddiaçı Şəki Rayon Prokurorluğuna müraciət etmişdir. Bu zaman hər iki tərəf dəvət edilmiş, qarşı tərəfə ödənişin qəbul edilməsi şifahi şəkildə bildirilsə də, cavabdeh tərəf yenə də öhdəliyini yerinə yetirməyərək ödənişin qəbul edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı Şəki Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə müraciət edərək verilmiş kredit üzrə aylıq ödənişlərin notariusun depozitinə qəbul edilməsini xahiş etmiş, lakin notariat ofisi müraciəti cavabsız qoymuşdur. “Girov bileti” əsasında verilmiş kredit üzrə iki aylıq ödəniş həyata keçirilmədiyi halda, lombard həmin əşyanı (qızılları) açıq hərracdan realizə edə (sata) bilər. Lombardın məqsədi məhz iddiaçıya məxsus qızılları dəyərdəyməzə satmaqdır. İddiaçı krediti götürən kimi pulu tikintiyə yatırmış, cavabdeh bundan məlumatlı olmuşdur. Bu səbəbdən qızıllar satışa çıxarılarsa, iddiaçının maddi imkanı olmadığından 350 000 manat dəyərində olan qızıl ucuz qiymətə satılacaq. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 302.7, 532, 532.3-ci və s. maddələri göstərilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili iddianın məzmununa uyğun izahlar verdi və iddia tələbinə məhkəmədə baxılmalı olmasını bildirdi, cavabehin nümayəndəsi və vəkili isə iddiaya etiraz etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində 261.0 və 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. Məhkəmə ilk növbədə qeyd edir ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir. Məhz Azərbaycan Respublikasının məhkəmələrində mülki məhkəmə icraatının qaydasını tənzimləyən normativ hüquqi aktlardan Mülki Prosessual Məcəllədə qeyd olunan hüququn həyata keçirilməsi ilə bağlı mülki icraatın vəzifələri və müdafiə üçün məhkəməyə müraciət etmək hüququ təsbit olunaraq əsasları tənzimlənmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan normaları qarşılıqlı təhlil etdikdə aydın olur ki, məhkəmə müdafiəsi hüququ fiziki və hüquqi şəxslərin məhz Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin qorunması, təmin edilməsini özündə ehtiva edir və məhkəmə icraatının vəzifəsi də qeyd olunan hüquq və mənafelərin məhkəmədə təsdiq olunmasından ibarətdir. Yəni məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız normativ hüquqi aktlardan irəli gələn və müstəqil realizə imkanı mümkün olmayan hüquq və mənafelərin müdafiəsi həyata keçirilə bilər. Deməli, məhkəmə müdafiəsi hüququndan istifadə etmək istəyən şəxs ilk növbədə əsaslandırmalıdır ki, pozulduğunu iddia etdiyi hüquq və mənafeyi qanunvericilik sisteminə daxil olan hansı normativ hüquqi akta əsaslanır. Başqa sözlə desək, şəxs hansı obyektiv hüquqa (normativ hüquqi aktda təsbit olunan) əsaslanan subyektiv hüququnun (pozulmuş və təsdiq edilməli hüquq) pozulduğunu iddia etdiyini əsaslandırmalıdır. Yalnız bundan sonra qeyd olunan hüquqdan istifadə edərək hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin hüquq və mənafelərin müstəqil realizə imkanı mümkün olmasın. Belə ki, obyektiv hüquq ictimai münasibətləri nizamlayan, mümkün və lazımi davranış qaydalarını müəyyən edən hüquq normalarının məcmusu olmaqla qeyd olunan ictimai münasibətlərin iştirakçısı olan şəxslərin hüquq və azadlıqlarının cəmini özündə birləşdirir. İctimai münasibətlərin iştirakçısı olan şəxslər dövlətin məcburetmə qüvvəsindən, o cümlədən məhkəmədən obyektiv hüquqla təsbit olunan hüquq, azadlıqlarının və mənafelərinin müdafiəsini tələb edə, bu məqsədlə tanınan prosessual hüquqlarından istifadə edə bilərlər. Obyektiv hüquqla tanınmayan hüquq və azadlığın müdafiəsindən, yəni mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Mülki qanunvericilikdə isə kreditoru icraya məcburetmə institutu nəzərdə tutulmamışdır. Bu isə ondan irəli gəlir ki, bir qayda olaraq icranı qəbul etmək kreditor üçün öhdəlik deyil, əksinə icranı tələb etmək kreditorun hüququdur. Elə borc müqaviləsinə anlayış verən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən də borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditor tərəfindən öhdəliyin icrası kimi təklif edilmiş hərəkətin qəbul edilməməsi halında mülki qanunvericilikdə borclu üçün bir sıra hüquqlar təsbit edilmişdir. Məsələn, Mülki Məcəllənin 446-cı maddəsinə əsasən, icranın gecikdirildiyi dövrlər üçün borclu faiz ödəməli deyil; icranın gecikdirilməsi zamanı borclu adi ehtiyatsızlığa görə məsuliyyət daşımır; gecikdirmə zamanı əşyanın təsadüfən korlanması və ya məhv olması riski kreditorun üzərinə düşür və s. Eyni zamanda öhdəliyin icrasında maraqlı olan borclu depozitə qoyma nəticəsində öhdəliyinin icrasının xitamına nail ola bilir. Mülki Məcəllənin “öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi” adlanan 27-ci fəslinin 2-ci paraqrafı məhz bu məsələlərin tənzimə yönəlmişdir. Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən, əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir. Göründüyü kimi, pul öhdəliyinin icrası zamanı kreditorun icranın qəbulunu yubandırması, lakin borclunun icrada maraqlı olması halında, sonuncu tərəfindən həmin məbləğ öhdəliyin icra edildiyi yerdəki notariusun depozit hesabına qoyulur, depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş verir. Bundan sonra notarius predmetin saxlanmağa qəbul edildiyi barədə kreditora məlumat verir və predmeti qəbul etməyi ondan tələb edir, notarius icra predmetini üç ilədək müddətə saxlayır. Əgər həmin müddət ərzində kreditor predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi tələb olunur. Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır. Bu mənada mülki qanunvericilikdə kreditoru icraya məcburetmə növündə borcluya verilmiş obyektiv hüquq mövcud deyildir. Həmçinin, iddiaçı müdafiəsini tələb etdiyi hüququnu müstəqil realizə imkanına malikdir. Bu səbəbdən də belə bir tələbə məhkəmədə baxıla bilməz. Digər tərəfdən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir. Həmin Qanunun 14-cü fəsli isə məhz bu sahədə notariat fəaliyyətinin tənzimlənməsinə həsr edilmişdir. Belə olan halda, notarius tərəfindən müvafiq notariat hərəkətinin aparılmasından imtina məhz notariusun hərəkət (hərəkətsizlik) və ya qərarından şikayət verilməsi qaydasında ümumi məhkəmədə mübahisələndirilir. Məhkəmə bir daha qeyd edir ki, obyektiv hüquqla təsbit olunan və ya qorunan (hər hansı normativ hüquqda təsbit olunan və ya qorunan) hüquq, azadlıqlarının və mənafelərinin məhkəmə müdafiəsi tələb oluna bilər. Kreditoru icraya məcburetmə növündə obyektiv hüquq isə mövcud deyildir. Təsadüfi deyildir ki, hətta notariusun depozitinə verilmiş pul məbləğini kreditor qəbul etməzsə, borcluya həmin predmetin geri götürülməsi təklif edilir, əks halda, o, dövlət əmlakı hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan tələbə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 100 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı2 Cavabdeh qarşı “kredit üzrə aylıq ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul İddiaçı2 qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar