Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3387/2023 21.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 2090-cı məhəllə, 508-ci küçə, 5 K ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 34670,0 kv.m torpaq sahəsinin xx.xx.1999-cu il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 20 manat məbləğində vəsaitin cavabdehdən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, 2090-cı məhəllə, 508-ci küçə, 5 K ünvanında yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 34670 kv.m torpaq sahəsinin 2000,0 kv.m hissəsində "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Bildirirlər ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 252 nömrəli sərəncamı ilə “AzQUR” səhmdar firmasının tabeliyində olmuş Bakı Mexanikləşdirmə İdarəsinin bazasında "xxxx" X4 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2003-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.1999-cu il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil hazırki işin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənhin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Bununla yanaşı kommersiya mübahisəsi predmet baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli, hüquq münasibətlərinin xarakteri baxımından isə iqtisadi xarakterli olmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə görə isə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmin qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında kommersiya məhkəmələrinin dövlət orqanlarının tərəf olduğu mübahisələrə baxmaq səlahiyyəti sonuncuların mübahisəli hüquq münasibətlərində mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində iştirak etdikləri hallarla məhdudlaşdırılmışdır. Dövlət orqanı və sahibkarlıq subyekti arasında yaranan əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələr isə ümumi məhkəmələrdə baxılmalı olan işlərə aid edilmişdir. Hazırkı halda mübahisə dövlət orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında yaranmışdır. Digər tərəfdən Əmlak Məsələləri Dövlət Xidmətinin qaldırdığı hazırkı iddia sonuncunun mülki dövriyyənin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi müqaviləyə əsaslanmamaqla əşya hüquq münasibətindən irəli gəlir. Odur ki, tərəflər arasında münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli deyil. Göstərilən hal isə hazırkı işə kommersiya məhkəməsində baxılmasını istisna edir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, MPM-in 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı halda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qaldırdığı iddia daşınmaz əmlak (torpaq sahəsi) barəsində qaldırılmış neqator iddia olduğundan həmin iddiaya müstəsna aidiyyət qaydalarına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3387/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3387/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver