Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3390/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqının ödənilməsi, mediasiya xərci ) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində, sahəsi 28.30 kv.m. təşkil edən ofis sahəsinin, o cümlədən binanın açıq/yerüstü avtoduracağında 2 avtoduracaq yerinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli, 21/079 №-li müqavilə üzrə xx.xx.2022-ci il tarixinə yığılmış əsas borc üzrə 6.395,53 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 110 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 6.505,53 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 10-cu mərtəbəsində, sahəsi 28.30 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 23 fevral 2021-ci il tarixli, 21/079 №-li Müqavilə bağlanmışdır. X1 əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 01 mart 2021-ci il tarixli, 1 №-li Əlavə Razılaşmaya əsasən binanın yerüstü/açıq avtoduracağında 2 avtoduracaq yeri ödənişli əsaslar ilə cavabdehin istifadəsinə verilmişdir. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi adlandırılmış 01 mart 2021ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) qismində çıxış edən ofis sahəsi üçün ƏDV xaric 509.40 AZN aylıq İcarə Haqqı, ƏDV xaric 141.50 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 56.60 AZN aylıq mühafizə xidmətlərinə görə haqq, o cümlədən 1 №-li Əlavənin 4-cü bəndinə uyğun olaraq avtoduracaq sahələri üçün ƏDV xaric 80.00 AZN aylıq duracaq haqqı olmaqla, ümumilikdə ƏDV xaric 787.50 AZN aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh icarəyə verilən Əmlak(lar)da icarə müddəti, o cümlədən artırılmış icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri, kabel TV və İcarə Müqaviləsinin 3.3- cü bəndində qeyd edilməmiş digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə cavabdehə aid edilən xərclər icarə müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə icarə müqaviləsinə 28 fevral 2022-ci il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək iddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. İcarə Müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə cavabdehə 09 iyun 2022-ci il tarixli, FMG-01/22/174 №- li xitam və pretenziya bildirişi ilə müraciət edilmiş və İcarə Müqaviləsinə həmin müqavilənin 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 28 fevral 2022-ci il tarixində iddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, PMD Group” MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixində PMD-27/12/17-856 saylı Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilə bağlanmışdır. Qeyd edilmiş müqaviləyə əsasən mülkiyyətçi ("xxxx" MMC) siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektlərin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə qəbul etmişdir. Müqaviləyə xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən idarə edən obyekti və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekti birgə istifadə etmək hüququna malikdir.
12. Göründüyü kimi, "xxxx" MMC hazırkı mübahisə üzrə qeyd edilmiş qeyri-yaşayış sahəsini icarəyə vermək və yaranmış borcu tələb etmək hüququ mövcuddur.
13. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 21/079 saylı xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə və xx.xx.2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşma, müqaviləyə 01-06 saylı əlavələr imzalanmışdır.
14. Müqavilə, müqaviləyə əlavələr və əlavə razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyriyaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 28.30 kv.m. təşkil edən ofis sahəsini icarəçiyə (Cavabdeh) icarə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 01 mart 2021-ci il tarixindən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 28 fevral 2022-ci il tarixində başa çatır.
17. Müqavilənin 3-cü bəndində ƏDV xaric aylıq 509,40 manat icarə haqqı, ƏDV xaric aylıq 141,50 manat təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric aylıq 56,60 manat mühafizə xidmətlərinə görə haqq müəyyən edilmişdir.
18. Müqavilənin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur.
19. 23 fevral 2021-ci il tarixli 21/079 saylı müqaviləyə 01 saylı Əlavə ilə tərəflər binadan və icarəyə verilən əmlaklardan istifadəyə dair əlavə öhdəliklər, 02 saylı Əlavə ilə icarəyə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri, 03 saylı Əlavə ilə icarə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlər, 04 saylı Əlavə ilə icarəyə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətləri, 05 saylı Əlavə ilə icarə verən əmlakların daxilində icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri, 06 saylı Əlavə ilə icarə verilən əmlakların yerləşmə planı barədə razılığa gəlmişlər.
20. 23 fevral 2021-ci il tarixli 21/079 saylı müqaviləyə əlavələrin edilməsi barədə xx.xx.2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşmaya əsasən icarəyə verən (İddiaçı) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 28.30 kv.m. təşkil edən ofis sahəsini icarəçiyə icarə verməyi, icarəçi (Cavabdeh) isə icarəyə verilən əmlakı qəbul edib duracaq haqqını icarə müqaviləsi və bu əlavə razılaşma ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür.
21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir.
22. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
23. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş digər halları ondan ibarətdir ki, tərəflər arasında icarə hüquq münasibəti xx.xx.2022-ci il tarixinədək davam etmişdir.
24. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC borcunun nə qədər olmasını qeyd etməsə də, borcunun olduğunu qəbul etmiş və borcunun xx.xx.2022-ci il tarixinədək ödəniləcəyini bildirmişdir.
25. İş materiallarında olan qaimələrdən görünür ki, cavabdeh tərəf müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı, texniki və təmizlik xidmətləri, təhlükəsizlik xidmətləri üzrə ayda ƏDV daxil 834 manat, parking xidməti üzrə aylıq ƏDV daxil 94,4 manat və istifadə etmiş olduğu elektrik enerjisinin dəyərini ödəməli idi.
26. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək icarə haqqı, texniki və təmizlik xidmətləri, təhlükəsizlik xidmətləri üzrə cəmi dəyəri 11.266,53 manat təşkil edən elektron qaimələr göndərilmişdir.
27. İşdə olan qəbzlərdən görünür ki, qeyd edilmiş məbləğdən 4.871 manat məbləğində pul ödənilmişdir.
28. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlə icarə münasibətlərinə xx.xx.2022ci il tarixində xitam verildiyindən məhz həmin tarixdən sonra cavabdehin elektrik enerjisindən istifadə etməsi halı istisna olunur.
29. Ona görə də, xx.xx.2022-ci il tarixli EBBU 778725 saylı xx.xx.2022-xx.xx.2022ci il tarixi əhatə edən elektrik enerjisindən istifadəyə görə hesablanmış 3,85 manat məbləğində pul cavabdehdən tələb edilə bilməz.
30. Belə olan halda, Məhkəmə hesab edir ki, 6.391,68 (11.266,53-4.871- 3,85=6.391,68) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. İş materiallarında olan xx.xx.2022-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediasiya xərci olaraq 110 manat məbləğində pul Bakı 8 X2 ödənmişdir.
32. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21/079 saylı müqavilə üzrə əsas borc üzrə 6.391 (altı min üç yüz doxsan bir) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov