Məhkəmə qərarları › İş №e-2-2(113)-3394/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3394/2025

05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3394/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 83674 (səksən üç min altı yüz yetmiş dörd) manat əsas borc məbləği, hər gecikdirilmiş iş günü üçün 0,5% olmaqla 37653 (otuz yeddi min altı yüz əlli üç) manat dəbbə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla 1045,92 (bir min qırx beş manat doxsan iki qəpik) manat gecikmə faizi olmaqla, ümumilikdə 122372,92 (bir yüz iyirmi iki min üç yüz yetmiş iki manat doxsan iki qəpik) manat borc məbləği, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 414 (dörd yüz on dörd) manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 sentyabr 2023-cü il tarixli, 283 nömrəli alqı-satqı Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə malın dəyərini tam ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə alıcı müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini hesab-faktura və ya qaimə təqdim edildikdən sonra, 30 iş günü ərzində ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə alıcı alınmış malların dəyərini nağd və yaxud satıcının bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə görə alıcı ödənişləri vaxtında etmədikdə hər gecikən gün üçün gecikdirilmiş məbləğin 0,5% həcmində cərimə ödəməlidir. Təhvil-təslim aktına əsasən qeyd olunmuş elektron-qaimə üzrə aşağıda dəyəri qeyd olunmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 29 oktyabr 2024-cü il tarixli, MT2410 seriyalı, 11927379 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 70910,17 (yetmiş min doqquz yüz on manat on yeddi qəpik) manat, ƏDV 12763,83 (on iki min yeddi yüz altmış üç manat səksən üç qəpik) manat, ümumilikdə 83674 (səksən üç min altı yüz yetmiş dörd) manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən əsas məbləğ 70910,17 (yetmiş min doqquz yüz on manat on yeddi qəpik) manat, ƏDV 12763,83 (on iki min yeddi yüz altmış üç manat səksən üç qəpik) manat, ümumilikdə 83674 (səksən üç min altı yüz yetmiş dörd) manat dəyərində borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə şirkətlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 283 saylı alqısatqı müqaviləsi üzrə yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, hesab və elektron qaimə faktura ilə brlikdə “Alıcı” ya təhvil verməlidir. Göründüyü kimi müqavilə şərtində təhviltəslim aktı nəzərdə tutulur. Lakin cavabdeh tərəfindən yalnız sübut olaraq müştəri sifariş forması təqdim edilmişdir. AR MPM–nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəfindən malın təhvil verildiyini əks etdirən aktlar təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli müştəri sifariş forması malların təhvil verildiyini təsdiq etmir. Belə ki, üzləşmə aktından sonra aparılan araşdırma zamanı məlum olmuşdur ki, cəmiyyətin mühasibatlıq sənədlərində həmin malların qəbul edilməsinə dair heç bir mötəbər sənəd mövcud deyil. Digər tərəfdən məlum olduğu kimi, iddiaçının istinad etdiyi alqı - satqı müqavilələri üzrə təhvil verdiyini iddia etdiyi mallar Azərbaycan Respublikasında istehsal olunmur, həmin mallar xarici ölkələrdə istehsal olduğu üçün həmin malları cavabdehə təhvil verməsi üçün malları ya gömrükdən keçirib ölkəyə gətirməli, ya da həmin malları gətirən başqa şirkətdən alıb cavabdehə təhvil verməli idi. Lakin iddiaçı MMC tərəfindən iddia ərizəsində cavabdehə verdiyini iddia etdiyi malların hansı şirkətdən alması barədə, eləcə də ölkəyə gətirməsi barədə gömrük bəyannamələrini və bu halı təsdiq edən digər sənədləri məhkəməyə təqdim edə bilməyib. Bundan başqa bu borcun mövcud olduğu təqdirdə bu 2023-cü ilin mənfəət bəyannaməsində mütləq qaydada əks olunmalıdır. Hesab edirk ki, mənfəət bəyannaməsinin surəti məhkəməyə təqdim edilməlidir. Sözügedən malların iddiaçı tərəfindən alınması, əldə edilməsi barədə sənədlər, o cümlədən alıcıya təhvil verilməsi barədə sənədlər nə qədər ki, məhkəməyə təqdim edilməyib həmin malların iddiaçı tərəfindən cavabdehə həqiqətən təhvil verilməsi iddiasının əsassız olduğunu təsdiq edir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 283 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumlyatorları alıcıya satmağı, alıcı isə malın dəyərini tam ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 3.1-ci bəndinə görə alıcı müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini hesab-faktura və ya qaimə təqdim edildikdən sonra, 30 iş günü ərzində ödəməlidir.

11. Müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə alıcı alınmış malların dəyərini nağd və yaxud satıcının bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 4.2-ci bəndinə görə alıcı ödənişləri vaxtında etmədikdə hər gecikən gün üçün gecikdirilmiş məbləğin 0,5% həcmində cərimə ödəməlidir.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2410 11927379 nömrəli 83674,0006 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, 034901 nömrəli müştəri sifarişinə (qaimə) görə iddiaçı tərəfindən cavabdehə 180 ədəd mal (təkər) təhvil verilmişdir.

15. İş materiallarında olan ödəniş sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya məxus ədv sub-uçot hesabına xx.xx.2023-cü il tarixə 305,09 manat, xx.xx.2023-cü il tarixdə 1525,43 manat, xx.xx.2023-cü il tarixdə 1525,42 manat, xx.xx.2023-cü il tarixdə 1409,49 manat məbləğində ödəniş edilmişdir.

16. İş materiallarında olan ödəniş sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 7830,51 manat, xx.xx.2023-cü il tarixdə 8474,57 manat, xx.xx.2023-cü il tarixdə 8474,57 manat və 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 18528,66 manat, 24900 manat və 7215,41 manat, xx.xx.2024-cü il tarixdə 1284,59 manat və 1564,56 manat, xx.xx.2024-cü il tarixdə 16949,15 manat, xx.xx.2024-cü il tarixdə 22836,44 manat, xx.xx.2024-cü il tarixdə 1409,85 manat və 661,02 manat və 31827,44 manat məbləğində ödənişlər edilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDP 243985 nömrəli 9240 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 909874 nömrəli 42338,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 019231 nömrəli 1652 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT 432805 nömrəli 17700 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 560095 nömrəli 10030 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 637092 nömrəli 10030 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00853700 nömrəli 67094,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 11069785 nömrəli 779,9998 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10697680 nömrəli 39081,6 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

18. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı şirkətdə əmək müqaviləsi üzrə 2013-cü ildən hazırkı günədək sürücü vəzifəsində çalışır, Cavabdeh MMC-ni əmək funksiyalarının icrası ilə bağlı tanıyır. Cavabdeh MMC-dən konkret olaraq heç kimi tanımır. 2024-cü ilin oktyabr və ya noyabr ayında 180 ədəd təkəri (malları) cavabdehin anbardarına təhvil vermişlər. Anbar Yasamal rayonunda yerləşən maşın bazarının yanındadır. Mallar iki maşında daşınmış, maşınlar iddiaçının mülkiyyətindədir, onun idarə etdiyi maşının qeydiyyat nömrəsi ** JY ***-dir. Digər maşının isə nömrəsini xatırlamır. Malların təhvil verilməsi ona həvalə edilmişdir. Maşınlarla müxtəlif ölçüdə iri maşınlar üçün təkərlər daşınmışdır. Malları təhvil vermiş, qaiməni qarşı tərəfin nümayəndəsi imzalamışdır. Mallar həmişə bu qaydada cavabdehə təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra şirkətə elektron qaimə göndərilirdi. Malları Güzdəkdə İddiaçı anbarından təhvil almışdır. Mallar yenidir, Çindən və Türkiyədən idxal olunubdur.

19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 283 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə 83674 manat dəyərində mal təhvil verilmişdir. Cavabdeh həmin malları qəbul etsə, dəyərini hazırkı günədək iddiaçıya ödəməmişdir. İddiaçı hazırda həmin vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

21. Cavabdehin göstərilən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

31. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

32. Məhkəmə cavabdehin malların təhvil verilməsi ilə bağlı lazımi qaydada təsdiq edilmiş təhvil aktının olmaması barədə dəlili ilə razılaşmır.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, göstərilən müqavilə üzrə mütəmadi olaraq iddiaçı tərəfindən cavabdehə möxtəlif həcmdə və dəyərdə mallar məhz elektron qaimələr üzrə təhvil verilmiş, sonuncu qaimə istisna olmaqla əvvəlki elektron qaimələr cavabdeh tərəfindən tam şəkildə ödənilmiş, sonuncu qaimə üzrə malların onlara təhvil verilmədiyi cavabdeh tərəfindən göstərilsə də, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş, qaimə düzəlişə göndərilməmiş, ləğvi ilə bağlı iddiaçıya müraciət edilməmişdir.

34. Bundan əlavə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2-ci bəndində malların elektron qaimə əsasında təhvil verilməsi razılaşdırılmışdır.

35. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən daha əvvəl təhvil verilmiş və dəyəri ödənilmiş malların təhvili ilə bağlı ikitərəfli təhvil aktlarının olması barədə hər hansı sübut təqdim edilməmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

37. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 37653 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

40. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4000 manat müəyyən edilməlidir.

41. İddiaçı həmçinin iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində 1045,92 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

44. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

45. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

46. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

47. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

48. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

52. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

53. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

54. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

55. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

56. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

57. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

58. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

59. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

60. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

61. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

62. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

63. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

64. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 1045,92 manat faiz məbləği cavabdehdən tutulması qət edilmiş 4000 manat məbləğində dəbbə pulu ilə tam həcmdə əhatə olunduğu üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.

65. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 83674 manat əsas borc, 4000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

66. Bundan başqa iddia ərizəsində 321 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

67. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 321 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

69. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 353,02 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 60,98 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 83674 manat əsas borc, 4000 manat dəbbə pulu, 321 manat hüquqi yardıma görə xərc, 353,02 manat dövlət rüsumu, ümumilikdə 88348,02 (səksən səkkiz min üç yüz qırx səkkiz manat iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 60,98 (altmış manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar