Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3396/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat krеdit bоrcu, 3987,96 manat faiz bоrcu və 1401,12 manat cərimə borcu olmaqla, ümumilikdə 25695 manat 01 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 167,10 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 25695 manat 01 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 167,10 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********57 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4694,07 manat ödəmiş, onun 20305,93 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 345 gün üçün hesablanmış faiz borcu 3987,96 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 345 gün üçün hеsablanmış cərimə 1401,12 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsiəsasında Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylıevin 17 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1488 №-li reyestr kitabının 135791 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan X2 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiztərk edəcəyini öhdəsinə götürmüşdür
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Hüseynova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməsinə etirazları yoxdur.
4. Məhkəmə iclasında Cavabdeh2 əsas və faiz borcunu qəbul etdiklərini və borcu hissə-hissə ödənəcəklərini bildirdi. Əlavə olaraq ipoteka predmetinin ilkin satış qiymətinin ədalətli müəyyən olunmasını məhkəmədən xahiş etdi.
5. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********57 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır.
9. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində məbləğində kredit götürmüşdür.
10. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir.
11. xx.xx.2022-ci il tarixli köçürməyə görə, 25000 manat məbləğində pul bank tərəfindən Cavabdeh1 məxsus bank hesabına köçürülmüşdür.
12. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1488 №-li reyestr kitabının 135791 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, OUT-2024-03/27-167 nömrəli maliyyə arayışına görə, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 20305,93 manat, faiz borcu 3987,96 manat, cərimə borcu 1401,12 manat təşkil edir.
15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, LP-143/2024 saylı qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilin hazırkı bazar qiyməti 75000 manat, likvid qiyməti 62000 manat təşkil edir.
16. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
20. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
26. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
28. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
29. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 razılaşmanı zamin kimi imzalamışdır. Saziş üzrə Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduqları əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişlər.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən (əsas borclu və zamin) kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2022-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat əsas borc, 3987,96 manat faiz borcu əsas borclu və zamindən müştərək (birgə) qaydada tutularaq iddiaçıya ödənilməlidir.
34. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 1401,12 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 1000 manat müəyyən edilməlidir.
38. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
39. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2022-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat əsas borc, 3987,96 manat faiz borcu və 1000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyan - Cavabdeh1 qaytarılmalıdır.
40. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə uyğun (62000 manat) müəyyən edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat krеdit bоrcu, 3987,96 manat faiz bоrcu, 1000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan mənzilə ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 002R********** saylı krеdit razılaşması üzrə 20305,93 manat əsas bоrc, 3987,96 manat faiz bоrcu, 1000 manat cərimə borcu, dövlət rüsumu olaraq ödənilmiş 150 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum, 36 manat xidmət haqqı, ümumilikdə 25494,89 (iyirmi beş min dörd yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsi 70 saylı evin 17 saylı mənzilə - ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlak açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 25494,89 (iyirmi beş min dörd yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 17,10 (on yeddi manat on qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova