Məhkəmə qərarları › İş №e-2-2(113)-3398/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3398/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3398/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul və icarə müqaviləsinin ləğvi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaxşılaşdırma işlərinin aparılması üçün 20000 manat çəkilmiş xərc, 3600 manat artıq ödənilmiş icarə haqqı, 200 manat mediasiya xərci olmaqla, cəmi 23800 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,1 m2 olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İcarəyə götürdükdən sonra icarəçi tərəfindən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək üçün zəruri bərpa işləri aparılmışdır. Belə ki, obyektə havalandırma sistemi quraşdırılmış, kafel, santexnika, elektrik işləri görülmüş, şüşə qapı qoyulmuş və usta işləmişdir (Ağakişiyev Natiq) (video və foto şəkillər). Bütün bu işlərin görülməsi üçün iddiaçı tərəfindən 20000 manat məbləğində pul xərclənmişdir. Bu qaydada işlədikdən sonra xx.xx.2021-ci il tarixdə həmin obyektə dair icarəyə verənlə aylıq 400 manat icarə haqqı olmaqla yeni müqavilə imzalanmışdır. Daha sonra icarəçi tərəfindən 10 aylıq icarə haqqı (4000 manat) cavabdehin qohumu olan və onunla birlikdə müxtəlif vaxtlarda obyektə gələn (video yazılarda görünür) Abbas adlı şəxsə ödənilir. 1 ay işlədikdən sonra 2022-ci ilin yanvar ayının sonlarından başlayaraq cavabdeh qanunsuz olaraq iddiaçıdan obyektin boşaldılmasını tələb etməyə başlamış, müxtəlif vaxtlarda obyektə (kafeyə) gələrək mübahisə yaratmaqla və elektrik enerjisini cərəyandan ayıracağını bildirməklə fəaliyyət göstərməyə maneələr törətmişdir. Bu şəraitdə fəaliyyət göstərə bilməyən iddiaçı obyektin fəaliyyətini məcburən dayandıraraq yerdə qalan 3600 manat artıq ödədiyi icarə haqqını və yaxşılaşdırma işlərinə xərclədiyi 20000 manatın ona qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə naməlum şəxslə obyektə gələrək zorla qapını sındıraraq obyektə daxil olmuşdur (video və görüntü mövcuddur). Hadisə yerinə polis əməkdaşları dəvət olunmuş tərəflər izahatları alınmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün aparılmış danışıqlar heçbir fayda verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı icarəyə götürülən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması barədə icarəyə verən ilə razılıq əldə etmiş, həmin sahədə 20000 manat məbləğində təmir-tikinti işləri aparmış, daha sonra həmin sahəni iaşə obyekti kimi işlətmiş, daha sonra icarə müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq cari ilin əvvəli Cavabdeh İddiaçı MMC-dən qeyri-yaşayış sahəsini tərk etməyi tələb etdiyinə görə sonuncu cari ilin fevral ayından həmin sahəni tərk etmiş, artıq ödənilmiş icarə haqqı kimi tələb edilən 3600 manat məbləğində vəsait isə cavabdehin qohumu olan Abbas adlı şəxsə ödənilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi, Vəkil2 tələbi qismən qəbul edərək izahatlarında iddiaçı tərəfindən icarə haqqının ödənilmədiyini nəzərə alaraq müqavilənin ləğvi hissəsində tələbi qəbul etdiklərini, lakin pul tələbi hissəsində iddianı qəbul etməyərək bildirmişlər ki, qeyri-yaşayış sahəsində əvvəllər bahalı tikinti materialları ilə istifadə edilməklə keyfiyyətli təmir-tikinti işləri aparıldığına görə icarəçiyə verilən sahədə hər hansı təmir-tikinti işləri aparılmasına icazə verilməmiş, lakin icarəçi müqavilənin şərtlərini pozaraq razılıq əldə etmədən təmir-tikinti işləri aparmış, nəticədə təkcə gözlə görünən qeyri-yaşayış sahəsində olan bahalı olan giriş qapısı ucuz qapı ilə əvəzləşdirilmiş, tələb olunan 3600 manat icarə haqqı isə ümumiyyətlə ödənlmədiyini nəzərə alaraq pul tələbi hissəsində iddianın rədd olunmasını xahiş etmişlər. Bununla yanaşı izahatlarında iddiaçının qeyri-yaşayış sahəsini cavabdehin tələbi ilə tərk etmədiyini, icarə haqqını ödəməyən İddiaçı MMC-dən pulun ödənilməsi ilə bağlı müqavilə öhdəliklərin yerinə yetirilməsi tələb edildikdə, sonuncu xəbərdarlıq etmədən cari ilin fevral ayının əvvəli icarəyə verilən sahəni tərk etdiyinə bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 may 2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,1 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. Müqavilənin 8-ci maddəsinə əsasən İddiaçı MMC Cavabdeh razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,1 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 700.1 və 700.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış və sözügedən müqavilənin 8-ci maddəsində icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərin aparılması qadağan olmasına baxmayaraq, İddiaçı MMC təmir işləri aparmış və sonuncu sözügedən razılığın əldə edildiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmiş, Cavabdeh isə təmir-tikinti işlərinin aparılması ilə bağlı razılıq vermədiyini bildirmişdir. Bununla yanaşı artıq ödənilmiş 3600 manat icarə haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı sözügedən vəsaiti cavabdehə deyil, Abbas adlı şəxsə ödədiyini bildirməsinə baxmayaraq, 3600 manatı Cavabdeh tələb etmişdir. Göründüyü kimi İddiaçı MMC təmir-tikinti işləri aparsa da, sözügedən işlərin aparılmasını müqavilə tələblərinə uyğun razılaşdırmamış, artıq ödənilmiş 3600 manat icarə haqqı başqa şəxsə ödənilməsinə baxmayaraq Cavabdeh tələb etdiyinə görə iddia pul tələbi hissəsində təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, icarəyə götürən tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi əsası ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. İddia digər hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar