Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-340/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh oğluna (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.176.000 USD məbləğində pul vəsaitinin, 400 manat mediasiya xərcinin və 2000 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi olmuş Cavabdeh oğlu şirkətin məlumatı olmadan 30 sentyabr 2016-ci il tarixdə kassadan 1 176 000 USD məxaric etmişdir. Qeyd edilən məbləğin 3-cü şəxslərə veriləcək komissiya kimi göstərilsə də, bu şirkəti aldatmaq yolu ilə ələ keçirilən pul vəsaiti olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili N.Ramazanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçıya məxsus 30 sentyabr 2016-cı il tarixli 3751 nöməli kassa məxaric orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçının kassasından (üçüncü şəxslərə komissiya adı altında) 1.176.000 ABŞ dolları vəsait çıxarılmışdır.
8. İddiaçının xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 9.1-ci bəndinə əsasən cəmiyyətin ali idarə orqanı cəmiyyətin təsisçilərinin ümumi yığıncağıdır.
9. Nizamnamənin 9.3-cü bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan baş direktor tərəfindən həyata keçirilir. Baş direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, təsisçilərin ümumi yığıncağının təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görüməsi haqqında əmrlər verir. Qanunvericilikdə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komisiyasının səlahiyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Baş Direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Baş Direktor cəmiyyətin hər hansı bir təsisçinin tələbi ilə müəssisəyə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur.
10. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
11. Belə ki, materiallardan görünür ki, cavabdeh iddiaçı "xxxx" MMC-nin xx.xx.2014cü il tarixdən xx.xx.2017-ci il tarixədək qanuni təmsilçisi (direktor) olmuş, 30 sentyabr 2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus 1.176.000 ABŞ dolları məbləğində vəsait əsassız olaraq nağd qaydada əldə edilməklə MMC-yə həmin məbləğdə zərər vurulmuşdur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
14. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.
15. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.
16. 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
17. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
18. 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi ...
19. 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1.176.000 ABŞ dolları manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 2400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Əhədpur X2 1.176.000 (bir milyon bir yüz yetmiş altı min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova