Məhkəmə qərarları › İş №e-2-2(113)-3400/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3400/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3400/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz və cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375206-CNS-47637 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixə Banka borclu olduğu 846.31 (səkkiz yüz qırx altı, 31) manat məbləğində əsas borc, 30.19 (otuz, 19) manat məbləğində faiz borcu, 35.28 (otuz beş, 28) manat cərimə borcu olmaqla ümumilikdə isə 911.78 (doqquz yüz on bir, 78) manat məbləğində və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun X2 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 (bundan sonra mətndə M.İ.Nəzirov) xx.xx.2023cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 15 avqust 2023-cü il tarixli 375206-CNS-47637 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASCnə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən M.İ.Nəzirov ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh M.İ.Nəzirov kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 846.31 (səkkiz yüz qırx altı, 31) manat məbləğində əsas borc, 30.19 (otuz, 19) manat məbləğində faiz borcu, 35.28 (otuz beş, 28) manat ümumilikdə isə 911.78 (doqquz yüz on bir, 78) manat məbləğində borcu qalmışdır.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. X5 (bundan sonra mətndə M.İ.Nəzirov) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 15 avqust 2023-cü il tarixli 375206-CNS-47637 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir.

5. xx.xx.2024-cü il tarixli arayışa əsasən X3 Bank VTB (Azərbaycan) ASC-yə 15 avqust 2023-cü il tarixli 375206-CNS-47637 saylı “nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü tarixinə olan əsas borcu 846,31 manat, faiz borcu 30,19 manat , cərimə borcu 35,28 manat olmaqla cəmi borcu 911,78 manat qeyd olunmuşdur.

6. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

8. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

10. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

13. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 15 avqust 2023-cü il tarixli 375206-CNS-47637 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 846,31 manat məbləğində əsas borc, 30,19 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehdən, tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə hesab edir ki, cavabdeh X3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

17. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 35,28 manat məbləğində müəyyən edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV.Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 15 avqust 2023-cü il tarixli 375206-CNS-47637 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 846,31 manat məbləğində əsas borc məbləği, 30,19 manat faiz borcu və 35,28 manat dəbbə pulu olmaqla cəmi 911,78 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar