Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3401/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: bank hesabı müqaviləsi, “texniki overdraft”, hesabın kreditləşməsi, kredit haqqında qaydaların tətbiqi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanmaya görə 218,23 manat məbləğində əsas borcun, 49,35 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli qoşulma razılaşması müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet (“VİSA X1 New”) kartı verilmişdir. Cavabdeh qoşulma razılaşması müqaviləsi əsasında yaradılmış 446513***6024 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitini daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2023-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə, o, 218,23 manat məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçıya məxsus 218,23 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. İddiaçı tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin iddiaçıya məxsus qeyd olunan 218,23 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun iddiaçıya 218,23 manat məbləğində əsas, 49,35 manat məbləğində faiz borcu olmaqla cəmi 267,58 manat məbləğində borc yaranmışdır. xx.xx.2022-ci il tarixli qoşulma razılaşması müqaviləsinə əsasən yaranmış “texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.1-ci maddəsinə qeyd edilmiş linkdə yerləşdirilmiş qoşulma razılaşmasına əsasən yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. Lakin xx.xx.2022-ci il tarixli qoşulma razılaşması və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 439,4, 1091, 1092-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3401/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) “Texniki overdraft” üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, müştəri (cavabdeh), müraciətinə əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən Bank və Müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və Bankın rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında PDF və ASANDOC formatında yerləşdirilmiş və şərtləri Müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş Kompleks Bank Xidməti Müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyini həmin razılaşmanı imzalayaraq qəbul etmişdir. Cavabdehin İddiaçı ASC-də olan AZ48BRES41040AZ**********001 nömrəli bank hesabından çıxarışa əsasən, xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək debet dövriyyəsi 45118,72 manat, kredit dövriyyəsi 44170,54 manat, giriş qalığı 729,95 manat olmaqla -218,23 manat çıxış qalığı (“texniki overdraft”) yaranmışdır.
12. İddiaçı 218,23 manat “texniki overdraftın” və həmin məbləğə illik 42% ilə hesablanmış 49,35 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. xx.xx.2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşması mahiyyəti etibarilə bank hesabı müqaviləsidir. Belə ki, Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
16. Həmin müqavilənin 960-cı maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.
17. Cavabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşması ilə təsdiq etdiyi kompleks bank xidməti müqaviləsinin (xx.xx.2021-ci il tarixli) şərtlərindən görünür ki, Texniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur (2.49). Bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur (3.1.3). Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır (3.3.5). Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur (5.15.5). “Texniki overdraft”a görə İşçilərin istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) Müştəridən və İşçidən müştərək qaydada tələb etmək bankın hüquqları sırasına daxildir (6.11.2).
18. Göründüyü kimi, tərəflərin razılığında hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələr kredit haqqında qaydalara uyğun tənzimlənmiş, “texniki overdraft” yarandığı tarixin 6-cı günündən etibarən illik 42 faiz dərəcəsi ilə “overdraft” məbləğinin kreditə çevrildiyi əks olunmuşdur.
19. İş materiallarına əlavə edilən yuxarıda adıçəkilən hesabdan çıxarışdan görünür ki, “texniki overdraft”ın yaranmasına səbəb xx.xx.2023-cü il tarixdə 3,23 manat və 215 manat məbləğində köçürmələr olmuşdur. Belə olan halda xx.xx.2023-cü il tarixdən iddiaçının illik 42 faiz dərəcəsi ilə faiz borcu hesablamaq hüququ əmələ gəlmişdir və iddia ərizəsinə əlavə edilən xx.xx.2024-cü il tarixə olan arayışa əsasən, faiz borcu 49,35 manat təşkil edir.
20. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 218,23 manat əsas borc, 49,35 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
21. İddiaçı eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 218 (iki yüz on səkkiz) manat 23 (iyirmi üç) qəpik əsas borc, 49 (qırx doqquz) manat 35 (otuz beş) qəpik faiz borcu olmaqla ümumilikdə 267 (iki yüz altmış yeddi) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova