Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3402/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Cavabdeh "Yapıkredi Bank Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Yapıkredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Azinterpartlayış-X” MMC cavabdeh "Yapıkredi Bank Azərbaycan” QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X7 Azərbaycan” QSC tərəfindən “Azinterpartlayış-X" MMC hesabından 08.11.2017, 10.11.2017 (iki dəfə), 27.11.2017, 28.11.2017, 07.09.2018, 07.09.2018 və 30.03.2020-ci il tarixlərində tutduğu, cəmi 193.526,03 (bir yüz doxsan üç min beş yüz iyirmi altı manat üç qəpik ) manat pulun və 30 manat dövlət rüsmumun cavabdehdən tutularaq “Azinterpartlayış-X" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 17/2017 nömrəli 01 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC- yə, X2 və X3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Bu qətnamədən "xxxx" QSC və "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-181/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qətnamədən "xxxx" QSC tərəfindən kassasiya şikayəti verilmişdi. AR Ali Məhkəməsinin 2(102)-3391/2019 saylı 20 may 2019-cu il tarixli qərarı ilə "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-181 /2018 nömrəli qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-369/2020 saylı 16 sentyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" QSC və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-17/2017 saylı işi üzrə 01 may 2017-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli 2(103)- 369/2020 nömrəli qətnaməsindən həm “Azinterpartlayış-X" MMC, həm də “X7 Azərbaycan” QSC kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(102)-1900/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli 2(103)-369/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qanuni qvvəyə minmiş və icraya yönəldilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli 2(103)-369/2020 nömrəli qətnaməsi üzrə cavabdehlərdən tutulmalı olan məbləğ cəmi 161.544,60 manat qət edilmişdir. İş üzrə məhkəmə mübahisəsinin getdiyi müddətdə 08.11.2017, 10.11.2017 (iki dəfə), 27.11.2017, 28.11.2017, 07.09.2018,12.09.2018 və 30.03.2020-ci il tarixlərində, Bank tərəfindən “Azinterpartlayış-X" MMC-nin “X7 Azərbaycan” QSC-də mövcud bank hesabında olan puldan cəmi 193.526,03 manat məbləğində pul tutulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "Azinterpartlayış-X” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "Yapıkredi Bank Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək, "xxxx" MMC-nin kredit müqavilələri üzrə öhdəlikləri lazımı qaydada icra edə bilmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə çəkişməsi son instansiyaya qədər davam edərək bankın iddiası qismən təmin edilmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olanda, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınması Audit Palatasına göndərilmişdir. Audit Palatasının verdiyi rəyə əsasən məhkəmə qətnamə qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bankın "xxxx" MMCyə qarşı borcun ödənilməsi tələbi barədə iddiası üzrə icraya yönəlmiş yekun qərarı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-369/2020 nömrəli 16.09.2020-ci il tarixli qətnaməsidir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən tutulması qət edilən məbləğ tam olaraq ödənilmişdir. Həminin işin digər müəyyən edilmiş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq Bank tərəfindən "xxxx" MMC-nin həmin bankda olan hesabından kredit müqavilələri üzrə borcun silinməsi üçün 08.11.2017-ci il tarixində 28.400, 10.11.2017-ci il tarixində 8315,08, 10.11.2017-ci il tarixində 10,00, 27.11.2017-ci il tarixində 7008.78, 28.11.2017-ci il tarixində 12.448,72, 07.09.2018-ci il tarixində 47.478,05, 07.09.2018-ci il tarixində 12521.06, 30.03.2020-ci il tarixində 77.344,34 məbləğində pul vəsaiti cəmi 193.526,03 manat məbləğində pul tutulmuşdur. Hazırda isə iddiaçı tərəf məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 369/2020 nömrəli 16.09.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş məbləğinin tam ödənildiyini və əvvəllər məhkəmə mübahisələri davam edərkən yuxarıda sadalanmış tarixlərdə Bank tərəfindən onun hesabından tutulmuş pulların, qətnamə ilə qət edilmiş məbləğdən artıq olaraq tutulduğunu və onların geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli olan hal Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-369/2020 nömrəli 16.09.2020-ci il tarixli qətnaməsi qəbul edilərəkən qət edilmiş məbləğ hesablanarkən, Bank tərəfindən yuxarıda sadalanmış tarixlərdəki tutmaların nəzərə alınıbalınmamasıdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-369/2020 nömrəli 16.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2(103)-10272/2019 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın həyata keçirilməsi VXA-Audit MMC-yə tapşırılmışdır. VXA-Audit MMC tərəfindən verilmiş 23.04.2020-ci il tarixli rəyə əsasən: - 27 dekabr 2012-ci il tarixli 78344 saylı kredit müqaviləsinə əsasən 180.000 manat kredit öhdəliyinin 27.02.2020-ci il tarixə qalıq borcu, əsas borc üzrə - 0,00 manat, faizlər üzrə 1975,73 manat, dəbbə pulu– 26, 95 manat, cəmi 2002,68 manat müəyyən edilmişdir. - 01 may 2013-cü il tarixli 8344-042013 saylı kredit müqaviləsinə əsasən 205.000 ABŞ dolları məbləğində kredit öhdəliyinin 27.02.2020-ci il tarixinə qalıq vəziyyəti əsas borc üzrə – 29470,44 ABŞ dolları, faizlər üzrə – 68910,28 ABŞ dolları, dəbbə borcu üzrə – 121.114,73 ABŞ dolları, cəmi 219.495,45 ABŞ dolları müəyyən edilmişdir. Qeyd edilən rəyin Rəyin 21-ci bəndindən görünür ki, adı çəkilən müqavilə üzrə silinmələr həyata keçirilərkən 30.03.2020-ci il tarixdə Bank tərəfindən tutulmuş olan məbləğ nəzərə alınmış və hesaba mədaxil edilmiş pul vəsaitindən rəsmi məzənnəyə uyğun olaraq 45.496,67 ABŞ dolları kredit öhdəliyi üzrə əsas borca silinmişdir. - 08 may 2013-cü il tarixli 78344-05213 saylı kredit müqaviləsinin kredit xətti üzrə 120.000 manat kredit öhdəliyinin 27.02.2020-ci il tarixinə qalıq vəziyyəti əsas borc üzrə – 0,00, faiz borcu üzrə - 32.813,26 manat, dəbbə pulu üzrə – 60.938,91 manat, cəmi 93.752,17 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-369/2020 nömrəli 16.09.2020-ci il tarixli qətnaməsindən görünür ki - 27 dekabr 2012 -ci il tarixli 78344 saylı kredit müqaviləsi üzrə 1975.73 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 26.95 manat məbləğində cərimə borcu, cəmi 2002.68 (iki min iki manat altmış səkkiz qəpik) manat, cavabdehlər "xxxx" MMC, X4 və X1 müştərək qaydada İddiaçı “X7 Azərbaycan”QSC-nin xeyrinə tutulması; - 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsi üzrə 29470 ABŞ dolları 44 sent əsas kredit borcunun, 37204 ABŞ dolları 25 sent əsas məbləğə hesablanmış faiz borcu, 6000 ABŞ dolları cərimə borcu, cəmi 72674 (yetmiş iki min altı yüz dörd) ABŞ dolları 69 sent məbləğində borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə cavabdehlər "xxxx" MMC, X4 və X1 müştərək qaydada iddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması; - 08 may 2013 (27.12.2013)-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsi üzrə 32813.26 manat əsas məbləğə hesablanmış faiz borcu, 3000 manat cərimə borcu, cəmi 35813.26 manat pul məbləği cavabdehlər "xxxx" MMC, X4 və X1 müştərək qaydada İddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-369/2020 nömrəli 16.09.2020ci il tarixli qətnamə qəbul edilərkən VXA-Audit MMC tərəfindən verilmiş 23.04.2020-ci il tarixli rəyə əsasən müəyyən edilmiş borc məbləğləri əsas götürülərək yekun qərar qəbul edilmişdir. VXA-Audit MMC tərəfindən verilmiş 23.04.2020-ci il tarixli rəydə isə iddiaçı tərəfindən istinad edilən yuxarıda sadalanmış tarixlərdə Bank tərəfindən tutulmuş olan məbləğlər nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1092.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Yapıkredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3402/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3402/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver