Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3405/2024 27.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dövlət rüsumu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “3.029.257 manat məbləğində pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsinə dair qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi 04 mart 2014-cü il tarixdə Çuy vilayətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnə **********0118 vergi identifikasiya nömrəsi ilə hüquqi şəxin dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Bundan başqa 26 fevral 2014-cü il tarixli Nizamnamə Qırğızıstan Respublikasının qanunvericiliyə uyğun olaraq hazırlanmış və Məhdud Məsuliyyətli "xxxx" şirkətinin fəaliyyətini tənzimləyir. Daha sonra Qırğızıstan Respublikası Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qırğızıstan – Azərbaycan Dostluq Parkının və Bişkek şəhərində məktəbin layihələndirilməsi və tikintisinin müəyyənləşdirilməsi haqqında sazişi bağlanmışdır. Sazişə əsasən 07 oktyabr 2019-cu il tarixdə Bişkek şəhərində imzalanmış humanitar əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın üçüncü iclasının Protokolunun 2.9-cu bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumət Qırğızıstan və Azərbaycan Dostluq Parkının layihələndirilməsini və tikintisini maliyyələşdirir (bundan sonra Parl adlandırılacaq) və Bişkükdə 550 şagird yerli məktəbin dizayn və tikinti maliyyəsi üçün ümumilikdə 8 062 000.0 (səkkiz milyon altmış iki min) ABŞ dolları təşkil edən maliyyə yardımı aşağıdakılarından ibarət olmuşdur: - Park və məktəbin dizayn və smeta sənədlərinin hazırlanması üçün 162 000.0 (yüz altmış iki min) ABŞ dolları; - Parkın salınması üçün 4.000.000.0 (dörd milyon) ABŞ dolları. - Məktəb tikintisi üçün 3.900.000.0 (üç milyon doqquz yüz min) ABŞ dolları Sazişə uyğun olaraq parkın və məktəbin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 056-12.19 nömrəli Ümumi tikinti işləri üçün müqaviləyə əsasən İcraçı Sifarişçın tapşırığı ilə Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Baytik Baatik küçəsi / Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işləri Sifarişçinin göstərişi ilə yerinə yetirməyi, Sifarişçi isə görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Digər Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021 nömrəli Ümumi tikinti işləri üçün müqaviləyə əsasən İcraçı Sifarişçın göstərişi ilə Bişkek şəhəri, X3 Moldokulov küçəsi, 2,24 hektar ərazidə yerləşən 550 təhsil yeri üçün 1 təhsil məktəbinin inşası ilə bağlı əlavə iş yerinə yetirməyi öhdəsinə götürü və müştəri görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Hər iki müqavilənin müqavilənin 7.1ci maddəsinə əsasən işlərin nəticələrinin yekun təhvil verilməsi və onların qəbulu iş başa çatdıqdan sonra 7 (yeddi) iş günü müddətində hər iki tərəf tərəfindən imzalanan Bitirmə aktı ilə sənədləşdirilir. Hər iki müqavilənin müqavilənin 6.1-ci maddəsinə əsasən sifarişçi hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış işlərin növbəti mərhələsinin qəbuluna dair aktı imzaladığı gündən yeddi iş günü ərzində yerinə yetirilmiş işin haqqını ödəməyi öhdəsinə götürür. Hər iki müqavilənin 9.3-cü maddəsinə əsasən İcraçı bu Müqavilədə nəzərdə tutulmuyan səbəblərə görə müqavilə şərtlərini pozduğu təqdirdə, Sifarişçi müqavilənin məbləğindəki gecikmələrin hər günü üçün ödənilməli olan məbləğdən 0,05 % miqdarında cərimə tutmaq hüququna malikdir, lakin 5%-dən çox deyil. Hər iki müqavilənin 9.4-cü maddəsinə əsasən, Sifarişçi bu Müqavilə üzrə işin dəyərini gecikdirdikdə, İcraçı Müqavilənin məbləğinin ödənilməsində gecikdirilən hər gün üçün Sifarişçidən 0,1 % məbləğində cərimə ödəməsini tələb etmək hüququna malikdir, Lakin 10 %-dən çox deyil. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən öz üzərinə düşən öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən, yuxarıda qeyd olunan hər iki müqavilə üzrə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixinə olan borcu 3 029 257 (üç milyon iyirmi doqquz min iki yüz əlli yeddi) ABŞ dolları təşkil etmişdir. Beləliklə dəfələrlə müraciət edilməyinə baxmayaraq Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin "xxxx" MMC-nə olan 3 029 257 (üç milyon iyirmi doqquz min iki yüz əlli yeddi) ABŞ dolları borcu bu günədək ödənilməmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli və 10 yanvar 2020-ci il tarixli müqavilələrdə müqavilə tərəfləri “icraçı” və “sifarişçi” kimi göstərilsə də, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə həmin müqavilələri podrat müqaviləsinə uyğun hesab edir. Ona görə də hazırki mübahisəyə podrat haqqında müddəaların tətbiq edilməsi qənaətindədir.
3. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət ilə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə başqa cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3405/2024 saylı qərardadı ilə vəsatət təmin edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə başqa cavabdeh qismində cəlb edilmişdir.
4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 056-12.19 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli müqavilələrin dördüncü hissələrinə və bu müqavilələrin əlavələrinə əsasən onların müddətləri müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixinə kimi olduğu və iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina etməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Xarici işlər və Maliyyə nazirliklərinə qarşı müqavilə öhdəliklərinin icrası hissəsində yaranmış borc öhdəliyinin ödənilməsi tələbinə dair e-2-2(113)-3405/2024 nömrəli kommersiya mübahisəsi vardır. Həmin iddia tələbinə etiraz edərək qeyd olunan tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı “MEADİ" MMC cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçının imzaladığı 2019-cu il 24 dekabr tarixli podrat müqaviləsinin predmeti olan görülən işlərə və xidmətlərə nisbətdə 3 il nəzərdə tutulmuş iddia müddətini üzrlü hal ilə bağlı hər hansı bir açıqlama olmadan ötürdüyü görünür. Bu səbəbli hala əsaslanaraq iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbləri və həmin səbəbləri təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırılması qanunvericiliyin tələblərinə ziddir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında iddia müddətinin əhəmiyyəti göstərilərkən aşağıdakı səbəblərə istinad edilərək qeyd olunur ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilən hallardan da açıq şəkildə müəyyən olunur ki, tərəfin iddia müddətini ötürərək Maliyyə Nazirliyinə qarşı sözügedən tələbi irəli sürməsi qanunvericinin mövqeyinə ziddir və əsaslandırılması mümkünsüz hesab edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Bununla yanaşı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qeyd edilən tikintinin aparılması məqsədilə vəsaitin ayrılması təmin edildiyindən, habelə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı bir müqavilə bağlanmadığından hazırkı iş üzrə Nazirlik heç bir öhdəlik daşımır və cavabdehlər siyahısından çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “müqavilədən irəli gələn öhdəliklər üzrə mübahisələr” barədə iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia müddətinin tətbiqi barədə ərizəsi onunbla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Xarici İşlər və Maliyyə nazirliklərinə qarşı müqavilə öhdəliklərinin icrası hissəsində yaranmış borc öhdəliyinin ödənilməsi tələbinə dair e-2-2(113)-3405/2024 nömrəli kommersiya mübahisəsi vardır. Belə ki, iddiaçı “Meadi" MMC cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən tutularaq '‘Meadi’’ MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Göründüyü kimi iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi verilən iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi.
9. Digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış xx.xx.2019-cu il tarixli ümumi tikinti işləri üçün 056-12.19 nömrəli müqaviləyə əsasən:
13. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Bayik Baatır küçəsi/Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işləri Sifarişçinin göstərişi ilə yerinə yetirməyi, sifariçi isə görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix sentyabr 2020 müəyyən edilmişdir.
15. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli ümumi tikinti işləri üçün 021 nömrəli müqaviləyə əsasən:
16. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Bişkek şəhəri, X3, Moldokulov küçəsi, 2,24 ha ərazidə yerləşən 550 təhsil yeri üçün yeni bir təhsil məktəbinin inşası ilə bağlı əlavə iş yerinə yetirməyi öhdəsinə götürür və müştəri görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix 10 may 2020-ci il müəyyən edilmişdir.
18. xx.xx.2020-ci il tarixli 02 nömrəli ümumi tikinti işləri üçün müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən icraçı bu əlavə razılaşma üzrə bütün işlərin icrasını xx.xx.2020-ci il tarixinədək başa çatdırmağı öhdəsinə götürür.
19. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixinə borcu cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.
21. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında yazılı qaydada bağlanmış podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, tikinti işlərinin qalıq dəyərinin ödənilməməsindən irəli gəlir.
22. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
27. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
28. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
31. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
33. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
34. Məhkəmə cavabdehlərin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
35. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
36. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, tərəflər arasında podrat müqavilələri bağlanmış və müqaviləni bağlanması, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı işdə olan sənədlərlə də təsdiq edilmişdir. Buna görə də iddiaçının bu cür tələb irəli sürmək üçün əsaslar mövcüd olmuşdur.
37. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
38. Belə ki, cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu qeyd edilmişdir.
39. İş materialları ilə müəyyən olunur ki, hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 10 may 2020-ci il və 20 sentyabr 2020-ci il tarixləri müəyyən edilmişdir. Tərəflər arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə xx.xx.2021-ci il tarixində imzalanmışdır. Beləliklə, iddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərində hesablanaraq müəyyən edilir ki, hər müqavilə üzrə müvafiq olaraq may və sentyabr 2023-cü il tarixində, hətda tərəflərlər arasında imzalanmış qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda xx.xx.2024-cü il tarixində iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
42. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
44. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
47. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
48. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “3.029.257 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova