Məhkəmə qərarları › İş №e-2-2(113)-3406/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3406/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3406/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc məbləğinin tutulması, yaranmış borc məbləğinin ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 23 may 2019-cu il tarixli 9184/20-LF saylı kredit müqaviləsi üzrə 62131,40 manat əsas borcun, 5493,35 manat faiz borcunun, cəmi 67624,75 manat borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, İpoteka predmeti kimi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 145000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 67624,75 manat borc məbləğin, ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən nə pretenziya məktubunun surəti, nə də məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 9184/20-LF saylı kredit müqaviləsinin 8.3-cü bəndində mübahisənin məhkəməyə qədər nizamlanması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Qeyd olunan prosessual normanın tələbləri əsasənda iddiaçı tərəfdən pretenziyanın cavabdeh tərəfə çatdırılması işin hallarından müəyyən edilməməmişdir. Sübut qismində sadəcə virtual ödəyici xidmətindən elektron çıxarış əlavə edilmiş və həmin çıxarışda əsas sənəd qismində Cavabdeh2 və qeyrilərinə məhkəmədə iddia qaldırılması barədə bildiriş, maliyyə cədvəli, iddia ərizəsi və hesabdan çıxarış qeyd olunmuşdur. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC BOKT-ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc məbləğinin tutulması, yaranmış borc məbləğinin ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar