Məhkəmə qərarları › İş №e-2-2(113)-341/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-341/2025

09.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-341/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ödənilmiş sığorta məbləğinin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: subroqasiya hüququ, sığorta ödənişi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Bakısığorta ASC-nin Cavabdeh MMC-yə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2790 manat məbləğində sığorta ödənişinin və 48,90 manat məbləğində dövlət rüsumunun, cəmi 2838,90 manat məbləğində pulun tutulub onun hesabına ödənilməsi haqqında qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, “White Towers” yaşayış kompleksinin ərazisində park vəziyyətində olmuş, X2 məxsus olan “Volkswagen Passat CC” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yaşayış kompleksinin 3-cü mərtəbəsindən böyük pəncərə şüşəsi düşmüş, nəticədə avtomobil maddi ziyana uğramışdır və dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 2790 manat məbləğində sığorta ödənişi (190 manat sığorta haqqı üzrə borc məbləği tutulmaqla) ödənilmişdir. Faktla bağlı AR DİN Xətai RPİ 37-ci PB tərəfindən araşdırılma aparılmışdır və sonuncu tərəfindən iddiaçıya təqdim edilmiş iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi,“White Towers” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı “Avtomobil nəqliyyat vasitəsinin tam sığortası” şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Volkswagen Passat CC” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “avtomobillərin tam sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş BS-S-23/2691 saylı, xx.xx.2023-cü il tarixli məktubdan göründüyü kimi, ASC tərəfindən müraciət edilərək, “Volkswagen Passat CC” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak etməyin təklif edilmişdir. İddia ərizəsinə əlavə edilmiş müstəqil ekspert rəyindən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Volkswagen Passat CC” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2890 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2024cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, 100 manat şərtsiz azadolma məbləği və 190 manat sığorta haqqı üzrə qalıq borc məbləği çıxıldıqdan sonra dəymiş zərərlə bağlı 2600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/1279 saylı Geriyə tələb (subroqasiya) məktubundan və məktubun üzərində olan qeyddən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən 2790 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddiaçının “online kargüzarlıq”dakı “vergi ödəyisinin şəxsi kabinetindən göründüyü kimi həmin məktub cavabdehə eyni gündə göndərilmişdir İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 936.1, 936.2, 936.5, 1096, 1097, 1108.1, 1108.2, 1111.1, 1111.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh "xxxx" MMC iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, 16 dekabr 2016-cı il tarixindən qüvvədə olan Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanunun 3.4.2. maddəsinə əsasən “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. X5 3.4-cü maddəsinə əsasən sığorta olunan sığorta haqqını sığorta təşkilatına yalnız bu üç formada, öz bank hesabından digər tərəfin bank hesabına köçürməklə, ödəniş terminalları ilə, birbaşa nağd qaydada qarşı tərəfin bank hesabına köçürməklə mümkün ola bilərdi. Sığorta haqqı ödənişinə dair qəbz və ya köçürməyə dair rəsmi sənəd sığorta iş materiallarında olmalı idi. Beləliklə iddiaçının elektron kabinetdə yerləşdirdiyi özünün kompyuterində yığdığı mühasibatlıq proqramına dair cədvəl sığorta haqqının ödənildiyini təsdiq edən sənəd hesab edilə bilməz. İddiaçının özünün kompyuterində yığdığı mühasibatlıq proqramını deyil, sığorta haqqının qeyd edilən tarix olan xx.xx.2023-cü ildə ödənildiyini təsdiq edən nağdsız hesablaşmaya dair sənədi təqdim edilməli idi. Məhkəməyə təqdim etdiyi etirazda sığorta hadisəsinin baş verdiyi gün olan 27 noyabr 2023-cü il tarixində Bakı şəhərində çox küləkli hava şəraiti olduğu qeyd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən də həmin tarixdə küləyin həddindən çox güclü əsdiyi müəyyən olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın həmin tarixə mətbuata açıqlama verərək külək səbəbindən 3 nəfərin xəsarət aldığını, əhaliyə təhlükəsizlik tədbirləri xatırladılmışdır. Uşaqların nəzarətsiz buraxmaq qəti tövsiyə olunmamış, nəqliyyat vasitələrinin iri gövdəli ağacların altında saxlanmaması, küləyin iri gövdəli ağacları aşırması, budaqların sınmasına səbəb ola biləcəyi bildirilmişdir. İ.İbrahimova davamında belə güçlü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı olduğu qeyd etmişdir. Əhalinin tikinti gedən ərazilərdən, reklam löhvələrindən, ağaclardan, elektrik dirəklərindən uzaq durması tövsiyyə olunmuşdur. Həmin tarixdə X1 Mərkəzi külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddini 20 km/saata qədər endirmiş, sürət tablolarına güclü külək işarəsini qoymuşdur. Beləliklə həmin gün küləyin surətinin 32-35 m/san-dək gücləndiyi müəyyən olunur. Başqa bir bənzəri işdə çıxarılmış məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti olmadığından məlumatlıdır. Sadəcə surəti 32-35 m/san-dək güclənən küləyin gücü və törədə biləcəyi fəsadlar haqqında təsəvvürün yaranması üçün bu məlumatı verməli olmuşdur. Açılıbbağlanmayan, sabit olaraq quraşdırılmış pəncərənin çərçivəsi yerində qaldığı halda, pəncərənin şüşəsinin qırılaraq düşməsində iş üzrə cavabdehin hər hansı təqsirinin olmadığı, hadisənin təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyi qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil etirazını müdafiə edərək bildirmişdir ki, sığorta hadisəsinin baş verdiyi gün, 27 noyabr 2023-cü il tarixində Bakı şəhərində çox küləkli hava şəraiti olmuşdur. İş materiallarına əlavə etdiyi sənədlərdən də həmin tarixdə küləyin həddindən çox güclü əsdiyi müəyyən olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın həmin tarixə mətbuata açıqlama verərək külək səbəbindən 3 nəfərin xəsarət aldığını, əhaliyə təhlükəsizlik tədbirləri xatırladılmışdır. Uşaqların nəzarətsiz buraxmaq qəti tövsiyə olunmamış, nəqliyyat vasitələrinin iri gövdəli ağacların altında saxlanmaması, küləyin iri gövdəli ağacları aşırması, budaqların sınmasına səbəb ola biləcəyi bildirilmişdir. İ.İbrahimova davamında belə güçlü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı olduğu qeyd etmişdir. Əhalinin tikinti gedən ərazilərdən, reklam löhvələrindən, ağaclardan, elektrik dirəklərindən uzaq durması tövsiyyə olunmuşdur. Həmin tarixdə X1 Mərkəzi külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddini 20 km/saata qədər endirmiş, sürət tablolarına güçlü külək işarəsini qoymuşdur. Həmin tarixdə İcra Hakimiyyətinin məlumatında havanın küləyinin bəzi yerlərdə 32-35 m/sdək güclənəcəyi, havanın tempraturunun kəskin 10 dərəcəyədək enəcəyi qeyd edilmişdir. Beləliklə həmin gün küləyin surətinin 32-35 m/san-dək gücləndiyi müəyyən olunur. Məhəkəməyə təqdim olunmuş fotoşəkillərdən də müəyyən olunur ki, açılıb-bağlanmayan, sabit olaraq quraşdırılmış pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi qırılaraq düşmüşdür. Yasamal Rayon Məhkəməsinin e-2(004)-2707/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bənzər işə baxılmış, surəti 30 m/san olan küləyin, təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olduğu müəyyən edilmişdir. Hazırkı hadisədə küləyin surəti 32-35 m/san olmuşdur. Vurulmuş zərər tələbinə dair iddianı rədd edən Yasamal Rayon Məhkəməsi qeyd etmişdir ki, “hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib). İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir.” Məhkəmə qeyd etmişdir ki, “iddiaçının avtombilinə zərərin vurulması cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd əməli nəticəsində deyil, təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyinə görə, iddia tələbi təmin edilə bilməz.” Başqa bir bənzəri işdə çıxarılmış məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti olmadığından məlumatlıdır. Sadəcə surəti 32-35 m/san-dək güclənən küləyin gücü və törədə biləcəyi fəsadlar haqqında təsəvvürün yaranması üçün bu məlumatı verməli idi. Açılıb-bağlanmayan, sabit olaraq quraşdırılmış pəncərənin çərçivəsi yerində qaldığı halda, pəncərənin şüşəsinin qırılaraq düşməsində iş üzrə cavabdehin hər hansı təqsirinin olmadığı, hadisənin təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyini diqqətə çatdırır. Bundan başqa cavabdehin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, Baş vermiş hadisədə heç bir günahları yoxdur. İddiaçı öz iddiasını əsaslarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Sadəcə reqres qaydasında ödədikləri məbləği tələb etmək niyyətindədirlər. İş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsindən göründüyü kimi sığortanın başlanğıc tarixi xx.xx.2023cü il olaraq müəyyən edilib, sığorta haqqı 475 manat təşkil edir. Sığorta haqqının ödənilmə qrafiki 10 hissədə, hər ay 47.50 manat, ilk ödəniş tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilib. Şəhadətnamənin Xüsusi şərtlərinin 19-cu bəndində sığorta müqaviləsinin qüvvəyə minməsi tarixi müəyyən edilib. Xüsusi şərtlərin 19-cu bəndinə əsasən sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir. Sığortanın başlanğıc tarixi xx.xx.2023-cü il olmasını, sığorta hadisəsinin xx.xx.2023-cü il olduğunu nəzərə alsaq sığorta müqaviləsinin qüvvəyə minməsi tarixi olan sığorta haqqının ödənilməsi tarixi iş üçün əhəmiyyətli hal hesab edilir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və üçüncü şəxs iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, sığorta predmeti “Volkswagen Passat CC” minik markalı, buraxılış ili 2013-cü il, rəngi - ağ mirvari, 10TK919 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeyd olunmuş, sığorta məbləği 19900 manat, sığorta haqqı 475 manat müəyyən edilmişdir. Seriya nömrəsi BA121069 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat CC” minik markalı, **-TK-*** dövlət nişanlı avtomobilin sahibi X3 qeyd olunmuşdur xx.xx.2024-cü il tarixl sığorta aktından görünür ki, **-TK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat CC” minik markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2890 manat müəyyən edilmişdir. 01/02-599 MS saylı xx.xx.2024-cü il tarixli Müstəqil ekspert rəyindən görünür ki, X2 məxsus olan “Volkswagen Passat CC” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın həcmi 2890 manat məbləğində müəyyən edilmişdir. X3 tərəfindən Xətai RPİ 37-ci PŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində 102 xidməyə məlumat verərək bildirmişdir ki, ünvan 2 ünvanın qarşısında saxladığı özünə məxsus VW Passat CC markalı 10TK919 nömrəli avtomobilin üzərinə pəncərə şüşəsi düşərək avtomobilinə zərər yetirmişdir. xx.xx.2024-cü il tarixli AZ240621013 saylı "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, “Bakısığorta ASC tərəfindən 2600 manat X2 ödənilmişdir. Fotoşəkillərdə binanın fasad görünüşü və qırılıb düşən şüşənin yeri görsənir. Bir neçə internet xəbər saytlarında olan məlumatlardan görünür ki, əhaliyə xx.xx.2023-cü il tarixdə hava şəraiti, güclü külək barədə xəbərdarlıq edilmiş və ehtiyyatlı olmaları tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 48,30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 922-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər. 933.1.3-cü maddəsinə əsasən icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.4-cü maddəsinə əsaəsn sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 1.1.5-cü maddəsinə əsasən sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. 1.1.19-cü maddəsinə əsaəsn sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 məxsus olan “Volkswagen Passat CC” minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi, küləkli havada binanın pəcərəsinin qırılıb tökülməsi nəticəsində “Volkswagen Passat CC” minik markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X2 2790 manat pul ödənilmiş, həmin pulun cavabdehdən tutularaq ödənilməsi tələb edilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Belə ki, üçüncü şəxs X2 məxsus olan “Volkswagen Passat CC” minik markalı **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin balansında olan Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “White Towers” yaşayış kompleksinin üçüncü mərtəbəsindən böyük pəncərə şüşəsi düşməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin bu hadisə cavabdehin hər hansı təqsirli, hüquqa zidd əməli nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müşahidə edilmiş çox küləkli hava şəraiti nəticəsində baş vermişdir. Fotoşəkillərdə pəncərənin çərçivəsinin yerində olduğu, şüşənin qırıldığı aydın görünür və şüşənin hansı səbəbdən qırılması, kənar əşyanın zərblə dəyməsi və ya başqa formada sınması anlaşılan deyildir. Çünki həmin hissə faktiki olaraq istifadəyə verilməmiş sahənin pəncərəsidir və belə olan halda həmin pəcərəyə içəridən kiminsə təmas etməsi ağlabatan deyil, lakin eyni zamanda, güclü küləyin təsiri nəticəsində kənardan hər hansı bir əşyanın da pəncərəyə dəyərək şüşəni sındırması istisna deyildir ki, bu da cavabdehin təqsiri hesab edilə bilməz, çünki bu hadisə qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermişdir. Avtomobilin sahibi hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha ehtiyatlı davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir. Bu səbəbdən də baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanla bağlı məhz "xxxx" MMC-nin mülki hüquqi məsuliyyətinin yaranması iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Bakısığorta ASC-nin Cavabdeh MMC-yə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar