Məhkəmə qərarları › İş №e-2-2(113)-3412/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3412/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3412/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Və Layihə-X1 İnstitutunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı tərəflər arasında bağlanılmış 654/18 saylı müqaviləyə əsasən yaranmış 3000 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3030,0 manatın cavabdehin hesabından tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanılmış 654/18 saylı müqaviləyə əsasən yaranmış 3000 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3030,0 manatın cavabdehin hesabından tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış 654/18 nömrəli 30.05.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şössesinin 15-ci km-ndə inşa olunmuş ofis binasının sınaq işləri aparılmışdır. Qeyd edilən xidmətlə əlaqədar 654/18 nömrəli 30.05.2018-ci il tarixli müqavilə üzrə yaranmış ƏDV ilə birlikdə 3000,0 manat bu günə kimi iddiaçının hesabına keçirilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması iddiaçının üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olur ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 654/18 nömrəli 30.05.2018-ci il tarixli Sınaq işlərinin aparılmasına dair müqavilənin surətindən müəyyən olunur ki, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şössesinin 15-ci km-nin cənubunda inşa olunacaq ofis binasının sınaq işlərini həyata keçirməyi, cavabdeh isə iddiaçıya sınaq işlərinin dəyəri olan 4672,80 manat məbləğin 30 faizini avans şəklində əvvəlcədən, qalan məbləği isə təhvil-qəbul aktına və hesab-fakturaya uyğun ödəməyi öhdələrinə götürmüşlər. 16 avqust 2021-ci il tarixli 37/34-02355 saylı maliyyə arayışından görünür ki, 4672,80 manat sınaq işlərinin dəyərindən cavabdeh tərəfindən ƏDV daxil olmaqla cəmi 1672,79 manat ödəniş olunmuş, ƏDV daxil olmaqla 3000 manat borc qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 654/18 nömrəli 30.05.2018-ci il tarixli Sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan şössesinin 15-ci km-nin cənubunda inşa olunacaq ofis binasının sınaq işlərini həyata keçirməyi, cavabdeh isə iddiaçıya sınaq işlərinin dəyəri olan 4672,80 manat məbləğin 30 faizini avans şəklində əvvəlcədən, qalan məbləği isə təhvil-qəbul aktına və hesab-fakturaya uyğun ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən sınaq işləri aparılmış, cavabdeh tərəfindən görülən işin dəyərindən 1672,79 manat iddiaçıya ödənilmiş, qalan 3000 manat məbləğ ödənilməmişdir. Tərəflər arasında Sınaq işlərinin aparılmasına dair müqavilə bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, sınaq işləri aparılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 654/18 nömrəli 30.05.2018-ci il tarixli Sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən 3000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 654/18 saylı müqaviləyə əsasən yaranmış 3000 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 3030,0 manat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabından tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar