Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3425/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Bank VTB (Azərbaycan) ASC) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024cü il tarixli, 444461-CNS-53872 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka borclu olduğu 1130,41 (min yüz otuz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 120,01 manat (yüz iyirmi manat bir qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 1250,42 manat (bir min iki yüz əlli manat qırx iki qəpik) məbləğində pul və 32,50 manat (otuz iki manat əlli qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub, həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 10 (on) ay müddətinə 1390 (bir min üç yüz doxsan) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, 444461-CNS- 53872 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 23 mart 2024-cü il tarixli, 444461-1-4549 saylı zaminlik müqaviləsi əsasında bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə banka 1130,41 manat (bir min yüz otuz manat qırx bir qəpik) məbləğində əsas borc, 120,01 manat (yüz iyirmi manat bir qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 1250,42 manat (min iki yüz əlli manat qırx iki qəpik) məbləğində borcu qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarına xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” əlavə edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bankın müştərini ümumi şərtlərə, tariflərə və valyuta məzənnəsinə edilən əlavə və dəyişikliklər barədə həmin əlavə və dəyişiklikləri ümumi şərtlərdə nəzərdə tutulmuş qaydada bankın internet səhifəsində yerləşdirməklə, əməliyyat zalında və/və ya müştərinin telefonuna SMS göndərməklə məlumatlandırmaq vəzifəsi vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bankın kreditlər üzrə həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsi vardır. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən bankın kreditlər üzrə kredit alandan bank qarşısında öhdəliklərin hazırki müqaviləyə müvafiq vaxtında və lazımi səviyyədə yerinə yetirməyi tələb etmək hüququ vardır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müştərinin kreditlər üzrə həmin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmaq və faizləri ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən müştərinin kreditin qaytarılması üzrə öhdəliyini həmin müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə tam və ya qismən vaxtından əvvəl icra etmək hüququ vardır. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilir. Həmin bəndə müvafiq olaraq müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliyə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar və digər tərəfə dəymiş ziyanı tam qarşılamalıdırlar.
6. İddiaçı ASC-də 444461-CNS-53872 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri-ərizə razılaşmasının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik faiz dərəcəsi 20% olan 10 aylıq müddətə 1390 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
7. xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 nömrəli, tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuş ödəniş cədvəlindən müəyyən olunur ki, illik faiz dərəcəsi 20 faiz təşkil edən kreditin faizlə birgə ümumi məbləği 1521,12 manat təşkil etmiş və həmin məbləğin xx.xx.2025-ci il tarixədək qaytarmaq öhdəliyi götürülmüşdür.
8. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə olunmuşdur.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 444461-1- 4549 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 444461-CNS-53872 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinə görə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 1130,41 manat, faiz borcu 120,1 manat olmaqla, ümumilikdə 1250,42 manat təşkil edir.
11. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən (eləcə də zaminlik) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
15. İddia tələbini cavabdehlərdən xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 1130,41 manat məbləğində əsas borc, 120,01 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin alınan pul vəsaitini faizlərilə iddiaçıya qaytarmaq vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 saylı kredit müqaviləsinə əsasən 1130,41 manat (min yüz otuz manat qırx bir qəpik) məbləğində əsas borc, 120,01 manat (yüz iyirmi manat bir qəpik) məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz əksini tapmışdır.
17. Eləcə də, iddiaçı ödənilmiş 32,50 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
18. Məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,50 manat (otuz iki manat əlli qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 444461-CNS-53872 saylı kredit müqaviləsi üzrə 1130,41 manat (min yüz otuz manat qırx bir qəpik) əsas borc, 120,01 manat (yüz iyirmi manat bir qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,50 manat (otuz iki manat əlli qəpik) olmaqla, ümumilikdə 1282,92 manat (min iki yüz səksən iki manat doxsan iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova