Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3427/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra edilməmiş öhdəliyə görə 590.32 manat məbləğində icarə haqqı, həmin məbləğin 0.1 %-i 0.59 manat təşkil edir və bu dəbbə pulu xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi hesablandıqda cəmi dəbbə pulu 502 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1122,32 manat alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə (İcarəyəverən)Cavabdeh (İcarəçi) arasında xx.xx.2021-ci il tarixli İM-50 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyasının inzibati binasında yerləşənümumi sahəsi 38.5 kv.m təşkil edən 547675-Q-002 saylı İcarə sahəsi Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 (bir) il müddətinə bağlanılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 77.00 (yetmiş yeddi) manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı 01 sentyabr 2020-ci il tarixdən hesablanmağa başlamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icarə sahəsi üçün aylıq icarə haqqı 70 (yetmiş) manat təşkil etmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq icarə sahəsi üçün icarə haqqı bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş qaydada hesablanmışdır. Müqavilənin 8.2-ci bəndinə əsasən İcarəçi Bu müqavilənin 4.1-ci bəndində müəyyən olunmuş aylıq İcarə haqqını ardıcıl olaraq 2 (iki) dəfə (ay) vaxtında ödəmədikdə İcarəyəverən dərhal Bu müqaviləyə xitam verə bilər. Tərəflər arasında bağlanmış Müqavilə cavabdehin üzrərinə düşən öhdəlikləri icra etməməsi səbəbindən bildiriş verilərək birtərəfli qaydada 01 Noyabr 2021-ci il tarixdən xitam olunmuşdur. Cavabdeh tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən cəmi 1803.00 (min səkkiz yüz üç) manat icarə haqqı ödənilmiş, 590.32 (beş yüz doxsan manat 32 qəpik) manat icarə haqqı ödənilməmişdir. Cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə isə pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra edilməmiş, xx.xx.2023-cü il tarixədək icarə haqqına görə borcun məbləği 590.32 (beş yüz doxsan manat 32 qəpik) manat təşkil edir. Beləliklə, iddiaçı ADY müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, tələbin icrası üçün ona xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Bununla da, hüquqları kobud şəkildə pozulduğuna görə ADY pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb olunan borc pandemiya dövrünə deyil, 2021-ci ilin may ayından noyabr 2021-ci ilə kimi tələb olunur. Bu müddət ərzində cavabdeh cəmi 2 dəfə ödəniş edib. Əgər cavabdeh obyekti istifadə etmirdisə 19 may 2021-ci il tarixində yeni icarə müqaviləsini bağlamazdı. Bundan əlavə, cavabdeh müqaviləyə xitam verilməsi ilə bağlı rəsmi müraciət edib, açarları iddiaçıya təhvil verməli idi, lakin o, bunu etməyib.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Belə ki, həmin obyekt kafe kimi istifadə olunurdu. Sonradan pandemiya vəziyyəti elan olunması ilə bağlı oranı işlədə bilmədi. Bu barədə Rövşən müəlimə məlumat verib. 2021-ci ildə onu çağırıb yeni müqavilə bağlamağı təklif etdilər. Gedib müqaviləni bağladı. Lakin oranı işlədə bilməməyi ilə bağlı, oranın sökülməsi ilə bağlı məlumat verib. Onlar müqaviləyə xitam verməli idilər. Lakin nə onlar müqaviləyə xitam veriblər, nə də ki, özü müqaviləyə xitam verilməsi üçün iddiaçıya müraciət etməli olduğunu bilməyib. Odur ki, borcun yığılması iddiaçının öz səhvidir. Müqavilə bağlansa da, icarə sahəsindən istifadə etmədiyinə görə, həmçinin qazanc əldə etmədiyi üçün icarə haqqını ödəməməlidir. Sonuncu dəfə noyabr 2021-ci il tarixində 40 manat ödəniş edib və obyekti təhvil verib iddiaçıya. Bu gədər müddət keçdikdən sonra məhkəməyə veriblər. iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən:
7. Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyəverən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, mülkiyyətçiyə məxsus Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyasının inzibati binasnda yerləşən ümumi sahəsi 38.5 kv.m. təşkil edən 547675-Q-002 saylı icarə sahəsini çayxana kimi fəaliyyət göstərmək məqsədilə istifadə etmək üçün icarəçiyə müddətli icarəyə verir, icarəyə götürən isə həmin əmlakı icarəyə götürür.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 1 il müddətində qüvvədə qalır.
9. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin müddəti ərzində icarəyə götürən icarəyəverənə icarəyə götürdüyü əmlak üçün ƏDV daxil aylıq 77 manat ödəyir. İcarə haqqına əmlakın iarəsi ilə əlaqədar olan məcburi vergilər daxildir.
10. Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən xx.xx.2020-ci il tarixdən istifadə edir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icarə sahəsi üçün aylıq icarə haqqı 70 manat təşkil edir.
11. Müqavilənin 4.3-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq icarə sahəsi üçün icarə haqqı bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş qaydada hesablanacaqdır.
12. Müqavilənin 4.6-cı bəndinə əsasən icarə haqqı müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, növbəti ayın 11-dən etibarən hər gecikmiş gün üçün əsas icarə haqının məbləğinin 0.1% miqdarında fazili cərimə tətbiq ediləcəkdir.
13. Kredit haqqında bildiriş adlı bank sənədindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində isə 40 manat ödəniş edilmişdir.
14. xx.xx.2021-ci il tarixli İM-50 saylı icarə müqaviləsi üzrə icarəçi Cavabdeh borc haqqında maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi borc məbləği 590,32 manat təşkil edir. Müqavilə üzrə ödənişlər xx.xx.2021-ci il tarixində 150 manat, xx.xx.2021-ci il tarixində 40 manat təşkil etmişdir.
15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
18. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli İM-50 nömrəli icarə müqaviləsi imzalanmış və müqavilənin 2.1-ci bəndinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Qala stansiyasının inzibati binasında yerləşən ümumi sahəsi 38.5 kv.m təşkil edən 547675-Q- 002 saylı icarə sahəsi Cavabdeh 1 il müddətinə icarəyə verilmişdir. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
21. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
22. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
23. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
26. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
27. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
28. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
29. Qeyd olunanlardan, tərəflərin izahatlarından və işdə olan ödəniş sənədlərindən göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur. Cavabdehin arqumentlərini (obyektrdən istifadə etmədiyini, müqaviləyə xitam verilməsi barədə müraciət etməli olduğunu bilmədiyini) isə məhkəmə əsassız və borcun ödənilməsindən boyun qaçırmaq məqsədi kimi giymətləndirir.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 590,32 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmiin hissədə təmin edilməli, cavabdehdən 590,32 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
31. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.6-cı maddəsinə əsasən hesablanmış 502 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 590,32 manat məbləğində icarə haqqı, 30 manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova