Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3427/2025 04.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsitələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti cəlb edilməklə) borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan, abonent kodu 06/1-1177 olan, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi üzrə hesablanmış 876,47 manat borc, abonent kodu 06/1-1242 olan, ünvan 2 ünvanında yerləşən ikra qaraj müəssisəsi üzrə hesablanmış 1001,82 manat borc və abonent kodu 08/1-1320 olan, ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis üzrə hesablanmış 30173,39 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan aşağıdakı əmlaklar xx.xx.2024-cü il tarixli təsis müqaviləsi əsasında “X3” MMC-nin mülkiyyətinə keçdiyi üçün həmin ünvanlarda quraşdırılan mövcud abonent kodlarının yeni mülkiyyətçi “X3” MMC-nin adına dəyişdirilməsi və onunla yeni elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır: 1. Abonent kodu: 06/1-1177 – Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi, 2. Abonent kodu: 06/1-1242 – ünvan 2 ünvanında yerləşən İkra Qaraj müəssisəsi, 3. Abonent kodu: 08/1- 1320 - ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis. Məsələnin həlli ilə bağlı yeni mülkiyyətçi “X3” MMC tərəfindən 39 nömrəli, 29 noyabr 2024-cü il tarixli məktub ilə "xxxx" ASC-yə müraciət edilsə də, cavabdeh təşkilat tərəfindən şirkət nümayəndələrinə bildirilmişdir ki, 06/1-1177 nömrəli abonent kodu üzrə istehlakçının 876,47 manat, 06/1-1242 nömrəli abonent kodu üzrə istehlakçının 1001,82 manat, 08/1-1320 nömrəli abonent kodu üzrə isə istehlakçının 30173,39 manat vaxtı keçmiş borcu olduğu üçün yeni elektrik enerjisinin alqısatqı müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Məsələnin həlli ilə bağlı məhkəmədən kənar qaydada AH-050 nömrəli, 12 mart 2025-ci il tarixli pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət edilərək, 15 gün ərzində əsassız hesablanmış borcun silinməsi və qeyd olunan müəssisələr üzrə elektrik təchizatı üçün yeni mülkiyyətçi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması barədə göstəriş verilməsi tələb edilsə də, bugünə qədər tələb təmin edilməmişdir. Qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən aidiyyəti üzrə müəssisələrə cavabdeh "xxxx" ASC tərəfindən verilən bütün hesab fakturaların vaxtında və zamanında ödənilməsinə baxmayaraq, bu cür qalıq borcun hansı dövr üzrə X1yə görə yarandığı təşkilata naməlum olaraq qalmaqdadır. Bu cür naməlum və əsassız bir borcun mövcudiyyəti bugün istehlakçı kimi hüquq və qanuni mənafelərə zərər vurmaqdadır. İddiaçının hazırkı iddia tələbi onun mülkiyyətində olan yuxarıdakı müəssisələrə dair (Abonent kodu: 06/1-1177 – Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi; Abonent kodu: 06/1- 1242 – ünvan 2 ünvanında yerləşən İkra Qaraj müəssisəsi;Abonent kodu: 08/1-1320 - ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis) müvafiq olaraq hesablanmış 876,47 manat, 1001,82 manat və 30173,39 manat – ümumilikdə 32051,68 manat (otuz iki min əlli bir manat altmış səkkiz qəpik) məbləğində əsassız borcun silinməsi tələbidir. İddia tələblərinin təmin edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, hesablanan borc əsassızdır, çünki iddiaçı istifadə etdiyi bütün elektrik enerjisinin dəyərini müvafiq qaydada ödəmiş və bugünə qədər buna dair cavabdehə hər hansı borcları qalmamışdır. Məhz buna görə də cavabdehin hər ay iddiaçıya təqdim etdiyi hesab-fakturada cari ayın borcları qeyd olunmuş, həmin borc da ödənildikdən sonra borc məbləğinin olmadığı bəyan edilmişdir. Bütün bunlar iddiaçının bugünə hər hansı borcunun mövcud olmadığını və qeyd olunan borcun qanunsuz və əsassız hesablandığını sübut edir. İddia tələblərinin təmin edilməsi üçün digər əsas ondan ibarətdir ki, hesablanan borc üzrə qanunvericiliklə müəyyənləşdirilmiş kəsici müddət ötürüldüyündən, əgər bu borc məbləği əsaslı olsa belə, borc öhdəliyinə xitam verilmişdir və buna görə də borc silinməlidir. Belə ki, iddiaçıya cavabdeh təşkilatın əməkdaşları tərəfindən təqdim edilmiş “abunə və uçot haqqında” çıxarışından da göründüyü kimi, 06/1-1177 nömrəli abonent kodu üzrə borc 2012-ci il üzrə göstəricilərə, 06/1-1242 nömrəli abonent kodu üzrə borc 2004-2007-ci il üzrə göstəricilərə, 08/1-1320 nömrəli abonent kodu üzrə borc isə 2003-2007-ci il üzrə göstəricilərə əsasən hesablanmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1, 554.1-ci maddələrinə istinad edilmişdir.
4. Daha sonra İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl iddiaçı olan İddiaçı ilə əvəz olunmuşdur.
5. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan abonent kodu 06/1- 1177 olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi üzrə hesablanmış 876.47 manat borcun, abonent kodu 06/1-1242 olan ünvan 5 ünvanında yerləşən İkra Qaraj müəssisəsi üzrə hesablanmış 1001,82 borcun və abonent kodu 08/1-1320 olan ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis üzrə hesablanmış 30173,39 manat borcun silinməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 350 manat (üç yüz əlli manat) pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180.50 manat (yüz səksən manat əlli qəpik) pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının da qeyd etdiyi kimi, borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Belə ki, 06/1- 1177 nömrəli abunə kodu üzrə abunə haqqında vərəqdən **********02858 nömrəli uçot nöqtəsi üzrə 876,47 manat məbləğində borc, 06/1-1242 nömrəli abunə kodu üzrə abunə haqqında vərəqdən **********38116 nömrəli uçot nöqtəsi üzrə 1001,82 manat məbləğində borc, 08/1-1320 nömrəli abunə kodu üzrə abunə haqqında vərəqdən **********04056 nömrəli uçot nöqtəsi üzrə 15086,70 manat, **********04057 nömrəli uçot nöqtəsi üzrə 15086,70 manat, məbləğində, ümumilikdə 30173,39 manat məbləğində borcun yarandığı görünür. Lakin borcun əvvəlki dövrdə yaranmış olmağı o demək deyil ki, məbləğ silinməlidir. Belə ki, borc cərimə deyil, baxış aktı əsasında hesablanmış məbləğ deyil. İddia tələbində silinməsi qeyd edilən 06/1-1177 nömrəli abunə kodu üzrə 876,47 manat, 06/1- 1242 nömrəli abunə kodu üzrə 1001,82 manat, 08/1-1320 nömrəli abunə kodu üzrə 30173,39 manat məbləğində borc elektrik enejisindən istifadə nəticəsində yaranmışdır. Bu borcların mövcudluğunu sübut edən sənəd yalnız abunə haqqında məlumat vərəqləridir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, həmçinin hazırkı borclar mövcud olduğu vaxtdan 5 il ərzində tələb edilməli idi. O əsasla da iddia təmin olunmalıdır. Borcun əsası yoxdur. Üzləşmə aktı borcun etirafı kimi qəbul oluna bilməz. Üzləşmə aktını məhkəmə icraatının gedişində imzalamışlar, borcu qəbul etmirlər. Müddət bitdikdən sonra borcun etirafı ola bilməz. 8. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 59 nömrəli ərizəsinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli təsis müqaviləsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan və ərizədə qeyd edilən əmlaklar “X2” MMC-nin nizamnamə fonduna verilmiş və daşınmaz əmlak üzərində “X2” MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın reyestrinə daxil edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, ərizədə qeyd edilən ünvanlarda yerləşən müəssisələrin elektrik təchizatı ilə əlaqədar istifadə edilən mövcud abonent kodlarının “X2” MMC-nin adına dəyişdirilməsi və yeni müqavilələrin bağlanılması xahiş edilmişdir.
10. "xxxx" ASC ilə “X5” MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 444972 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin məzmunundan müəyyən olunur ki, elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,76 manat + 0,125 (ƏDV) manat tarif üzrə aparılır. Abonent kodu:06/1-1177. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. "xxxx" ASC ilə “X5” MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 444971 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin məzmunundan müəyyən olunur ki, elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,76 manat + 0,125 (ƏDV) manat tarif üzrə aparılır. Abonent kodu:06/1-1242. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC ilə “X5” MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 444977 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin məzmunundan müəyyən olunur ki, elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,76 manat + 0,125 (ƏDV) manat tarif üzrə aparılır. Abonent kodu:08/1-1320. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib edilmiş X1yə görə üzləşmə aktının məzmunundan müəyyən olunur ki, “X3” MMC-nin 06/1-1177 nömrəli abonent kodu üzrə X1yə görə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 876,47 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş X1yə görə üzləşmə aktının məzmunundan müəyyən olunur ki, “X3” MMC-nin 06/1-1242 nömrəli abonent kodu üzrə X1yə görə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 1001,82 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərtib edilmiş X1yə görə üzləşmə aktının məzmunundan müəyyən olunur ki, “X3” MMC-nin 08/1-1320 nömrəli abonent kodu üzrə X1yə görə xx.xx.2025-ci il tarixinə olan qalıq borcu 30173,39 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan müəyyən olunur ki, “X2” MMC-nin 06/1-1177 nömrəli abunə kodu üzrə qalıq borcu 876,47 manat təşkil edir (sayğac oxunması: 0 + aktlar : 1122,596 – ödəmələr: 246,1256 = qalıq: 876,47 manat).
17. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan müəyyən olunur ki, “X2” MMC-nin 08/1-1320 nömrəli abunə kodu üzrə qalıq borcu 30173,39 manat təşkil edir (sayğac oxunması: 0 + aktlar : 43271,8738 – ödəmələr: 17081,7608 + 30180,24 = qalıq: 30173,39 manat).
18. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan müəyyən olunur ki, “X2” MMC-nin 06/1-1242 nömrəli abunə kodu üzrə qalıq borcu 1001,82 manat təşkil edir (sayğac oxunması: 0 + aktlar : 432,588 – ödəmələr: 1001,82 + 432,588 = qalıq: 1001,82 manat).
19. "xxxx" ASC tərəfindən tərtib edilmiş uçot haqqında məlumatdan müəyyən olunur ki, Bakı Yağ və Qida Sənayəsinin **********04056 nömrəli abunə kodu üzrə qalıq borcu 15086,7 manat təşkil edir (sayğac oxunması: 0 + aktlar : 21635,9369 – ödəmələr: 8540,8804 + 15090,12 = qalıq: 15086,7 manat).
20. "xxxx" ASC tərəfindən tərtib edilmiş uçot haqqında məlumatdan müəyyən olunur ki, Bakı Yağ və Qida Sənayəsinin **********04057 nömrəli abunə kodu üzrə qalıq borcu 15086,7 manat təşkil edir (sayğac oxunması: 0 + aktlar : 21635,9369 – ödəmələr: 8540,8804 + 15090,12 = qalıq: 15086,7 manat).
21. X2 Company MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 06/1-1177 nömrəli abonent kodu üzrə 876,47 manat, 06/1-1242 nömrəli abonent kodu üzrə 1001,82 manat, 08/1-1320 nömrəli abonent kodu üzrə 30173,39 manat borc məbləğinin 15 təqvim günü ərzində silinməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 554-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
26. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında elektrik enerjisinin alqısatqısının birtipli müqavilələriindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilələrin predmeti olan abonent kodları (Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2049, (69B), Abonent kodu – 06/1-1177. ünvan 2, (ikra qaraj), Abonent kodu – 06/1-1242. Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi 5, (mərkəzi ofis), Abonent kodu – 08/1-1320) həmin müqavilələr bağlanmamışdan əvvəl "xxxx" MMC-nin adına olmuş, "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli təsis müqaviləsi ilə abonent kodunun aid olduğu əmlaklar “X4” MMC-nin nizamnamə fonduna verilmişdir.
27. İddiaçı 06/1-1177 nömrəli abonent hesabından 876,47 manat borcun, 06/1-1242 nömrəli abonent hesabından 1001,82 manat borcun və 08/1-1320 nömrəli abonent hesabından 30173,39 manat borcun silinməsini xahiş etmişdir.
28. Məhkəmə qanunvericilik normalarını, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış abonent kodu 06/1-1177 olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi üzrə 876,47 manat (səkkiz yüz yetmiş altı manat qırx yeddi qəpik), abonent kodu 06/1-1242 olan ünvan 2 ünvanında yerləşən İkra Qaraj müəssisəsi üzrə 1001,82 manat (min bir manat səksən iki qəpik) və abonent kodu 08/1- 1320 olan ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis üzrə 30173,39 manat (otuz min yüz yetmiş üç manat otuz doqquz qəpik) məbləğində borc silinməlidir.
29. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, cavabdeh tərəf iddiaya etiraz etsə də, iddia tələbini qəbul etməyərək mübahisəli borc məbləğinin debitor borc olduğunu bildirsə də, məhkəmə icraatının gedişində həmin borc məbləğinin yaranma mənbəyi, dövrü barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh etirazında yalnız “abunə haqqında vərəqə” istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəmə icraatının gedişində üzləşmə aktını imzalamasına münasibətdə bildirmişdir ki, bu hal iddiaçının qeyd olunan borcları etirafı etməsi kimi qiymətləndirilə bilməz, aktlar sadəcə borcun mövcudluğu ilə bağlı məhkəməyə sübut qismində təqdim olunmaq üçün imzalanmışdır. Bununla bağlı nəzərə alınır ki, iddiaçı borcu qəbul etsəydi, məhkəməyə müraciət etməzdi və məhkəmə icraatının gedişində həmin aktların imzalanması borcun qəbulu kimi qiymətləndirilə bilməz.
30. İddiaçının hazırkı borclar mövcud olduğu vaxtdan 5 il ərzində tələb edilmədiyinə görə iddianın əsaslı olmasına gəlincə iddiaçının nəzərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqe çatdırılmalıdır. Həmin qərara əsasən hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: 1. Borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; 2. Borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.
31. İddiaçı həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 350 manat (üç yüz əlli manat) pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180.50 manat (yüz səksən manat əlli qəpik) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 350 (üç yüz əlli manat) manat hüquqi yardım xərci və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180,50 manat (yüz səksən manat əlli qəpik) pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməlidir.
33. Eləcə də, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətindən 6,16 manat (altı manat on altı qəpik) dövlət rüsumu (kəsir, ödənilməmiş) tutularaq dövlət büdcəsinə ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə aid Abonent kodu 06/1-1177 olan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti 2094, 69B ünvanında yerləşən karton istehsalı müəssisəsi üzrə hesablanmış 876,47 manat (səkkiz yüz yetmiş altı manat qırx yeddi qəpik), abonent kodu 06/1-1242 olan ünvan 2 ünvanında yerləşən İkra Qaraj müəssisəsi üzrə hesablanmış 1001,82 manat (min bir manat səksən iki qəpik) və abonent kodu 08/1- 1320 olan ünvan 3 ünvanında yerləşən Mərkəzi ofis üzrə hesablanmış 30173,39 manat (otuz min yüz yetmiş üç manat otuz doqquz qəpik) məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 350 (üç yüz əlli manat) manat hüquqi yardım xərci və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180,50 manat (yüz səksən manat əlli qəpik) pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilsin. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətindən 6,16 manat (altı manat on altı qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova