Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-343/2022 02.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seydova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 17400(on yeddi min dörd yüz) manat icarə haqqı üzrə borcunun, vəkilə odənilmiş 210 (iki yüz on) manat və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun – cəmi 17641(on yeddi min altı yüz qırx bir) manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 mart 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0kv/m və 2-ci mərtəbəsində 141.9 kv/m,cəmi 225.9 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə “İcarəçi” icarə obyektindən istifadəyə görə “İcarəyə verən”ə hər ay 2900 (iki min doqquz yüz) manat icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “İcarəçi” cavabdeh "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq 2020-ci ilin fevral ayından 17.09.2020-ci il tarixə qədər altı ay ərzində 17400 (on yeddi min dörd yüz) manat icarə haqqı üzrə borcu yaranmışdır. Bununla əlaqədar cavaddeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilənin pozulması, mülkdən çıxarılması və vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə pretenziya göndərilmişdir. Bu barədə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh bu günədək borcu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində 6 aylıq icarə haqqı borcunun tələb edilməsini bildirməklə yanaşı konkret tarix (2020-ci ilin fevral ayından 17.09.2020-ci il tarixə qədər) göstərməklə qeyd edilən tarixlərdə icarə haqqı borcunun tutulmasını xahiş etmişdir. Belə olan halda qeyd edilməlidir ki, hazırki mübahisənin predmetini 2020-ci ilin fevral ayından 17.09.2020-ci il tarixə qədər icarə haqqı borcunun olub-olmaması müəyyən etmək təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin 675 və 700.1 maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Hazırki iş üzrə müəyyən edilməli olan ilk məqam tərəflər arasında müqavilə hüquq münasibətlərinin yaranıb-yaranmasıdır. İş materiallarında olan 01.03.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi hqqqında müqavilədən görünür ki, İddiaçı etibarnamə (etibarnamə iş materiallarına əlavə edilmişdir) üzrə nümayəndəsi kimi X3 qeyd edilsə də, onun tərəfindən müqaviləyə imza edilməmişdir, ancaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru müqaviləyə imza ataraq möhürlə təsdiq etmişdir. Müqavilənin görünür ki, icarə obyekti Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0kv/m və 2-ci mərtəbəsində 141.9 kv/m,cəmi 225.9 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aylıq icarə haqqı 2900 manat təşkil etməklə icarəyə verilmişdir. Cavabdeh tərəfin etirazın dəlillərindən biri müqavilədə İddiaçı imzası olmamasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı hər iki tərəfin izahatından, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi 14.12.2020-ci il tarixli aktdan da görünür ki, icarə obyektinin 01.03.2019-cu il tarixli müqavilə üzrə icarəyə götürüldüyünü təsdiq etmiş və obyekti 14.12.2020-ci il tarixdə boşaltmışlar. Belə olan halda tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırki mübahisənin predmetini 2020-ci ilin fevral ayından 17.09.2020-ci il tarixə qədər icarə haqqı borcunun olub-olmaması təşkil etdiyindən, müəyyən edilməli olan 2-ci məqam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istinad olunan tarixlərdə icarə haqqını ödənilib-ödənilməməsidir. İş materiallarında olan X6 hesabdan çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 03.02.2020-ci il tarixdə 2494 manat, 03.03.2020-ci il tarixdə 2494 manat, 07.04.2020-ci il tarixdə 2494 manat, 13.05.2020-ci il tarixdə 2494 manat icarə haqqı kimi Fardilon Dinarın hesabına köçürülmüşdür. Köçürülmüş məbləğləri sonrakı məhkəmə iclaslarında iddiaçının nümayəndəsi təsdiq etmişdir. Ancaq qalıq 406 manatın ödənilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 96-cı maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən Daşınar və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Qeyd edilən normalardan da göründüyü kimi, daşınmaz əmlak üzrə icarə haqqından götürülən gəlir ödəmə mənbəyində tutulan vergiyə aid olmaqla, 14 faiz dərəcəsi ilə vergi tutulur. Hazırki halda da, 2900x14/100=406 manat təşkil etmiş və hüquqi şəxs tərəfindən tərəfindən Bank vasitəsi ilə ödəniş edildiyi halda ödəmə mənbəyində 14 faiz vergi tutulmaqla 2494 manat köçmüşdür. Tərəflər arasında olan müqavilədə vergilərin və digər dövlət ödənişlərinin kim tərəfindən edilməsinə dair şərt olmadığından Mülki Məcəllənin normalarına istinad etməklə məsələyə qiymət verilməlidir. Mülki Məcəllənin 679-cü maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Göründüyü kimi tərəflər arasında vergilərin və digər dövlət ödənişlərinin kim tərəfindən edilməsinə dair şərt olmadığından, adı çəkilən ödənişlərin edilməsi kirayəyə verən (İddiaçı) tərəfindən edilməldir. Beləliklə 2900-406=2494 manat məbləğində Bank vasitəsi ilə edilmiş və köçürmə aparılarkən dərhal 406 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüş və qalıq 2494 manat İddiaçı hesabına daxil olmuşdur. Beləliklə fevral, mart, aprel, may aylarına dair ödənişlər olduğundan qeyd edilən aylara dair icarə haqqı borcu tələb edilə bilməz. Cavabdeh tərəfin etirazının digər əsası isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dubay şəhərinə aviabiletlərin satışı ilə məşğul olduğunu bildirərək, qeyd edilən aylarda aviareyslərin bağlı olduğunu və bu səbəbdəndə icarə haqqlarını ödəməli olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ölkədə olan sərt karantin rejimi dövründə Dubay şəhərinə aviareyslərin bağlı olmasını fors major halı kimi qiymətləndirilməli deyil. Belə ki, ilk növbədə tərəflər arasında olan müqavilədə sərt karantin rejimi konkret olaraq fors major halı kimi qiymətləndirilməmişdir. Bundan başqa da, sərt karantin rejiminin nə qədər davam edə biləcəyi ehtimalını da müəyyən etməkdə çətinliklər olmuşdur və bunu icarəyə verənin hüquqlarını pozan hal kimi qəbul edilməli deyildir. Çünki İcarəyə verən Dubay şəhərinə aviareyslərin bağlı olsa da, özünə məxsus ticarət obyektini digər fəaliyyətinə icazə verilmiş sahə ilə məxsus olan şəxslərə icarəyə verməklə gəlir əldə etmək imkanı da olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin vəzifələrindən biri də, mülki dövriyyəni təmin etməkdir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Ona görə də, cavabdehin qeyd edilən dəlili də, əsassızdır. İşin müəyyən olunmuş hallardan göründüyü kimi, tərəflər arasında Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84.0kv/m və 2-ci mərtəbəsində 141.9 kv/m,cəmi 225.9 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aylıq icarə haqqı 2900 manat təşkil etməklə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-yaşayış sahəsi 14.12.2020-ci il tarixdə boşaldılmışdır. Qeyri yaşayış sahəsinin dekabr ayında boşaldılmasına baxmayaraq iddiaçı iddia ərizəsində 17.09.2020-ci il tarixə qədər olan borcun ödənilməsini xahiş edir. Qeyd edilən qeyri yaşayış sahəsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iyun, iyul, avqust və sentyabr ayının 17-dən olan ödənişlərin isə edilməməsi isə iş mübahisələndirilməyən halıdır. Beləliklə iyun, iyul, avqust aylarının icarə haqqı 8700 (2900x3), və sentyabrın 17 dək 1643,3 ( 2900/30x17) olmaqla cəmi 10.343,3 manat cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Belə olan halda iddia qismən təmin edilməli, 10.343,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi xidmətə görə vəkilə ödənilmiş 210 manatın tələb edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında isə vəkilə ödənilmiş pula dair hər hansı bir sənəd (qəbz) olmadığından hazırki hissədə iddia təmin edilə bilməz. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkilə hər hansı bir məbləğin ödənilməsinə dair sənəd (qəbz) təqdim edilmədiyindən, qeyd edilən hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.343 (on min üç yüz qırx üç) manat, 30 (otuz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-343/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-343/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver