Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-343/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilən tenderdə baş vermiş qanunsuzluqlar nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi kimi 75600 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən “heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlərin, qidaların” satınalması məqsədilə xx.xx.2023-ci il tarixdə elan edilmiş elektron açıq tenderin xx.xx.2023-cü il tarixli açılış protokoluna əsasən qiymət təklifləri içərisində 1-ci yerdə göstərilmişdir. Lakin tender prosedurunun elektron idarəedicisi komissiya üzvlərinin elektron asan imzasını özündə saxlayaraq, tenderin nəticələrini komissiya üzvləri ilə müzakirə etmədən, onları məlumatlandırmadan 2-ci yer tutan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində müvafiq instansiyalara çoxsaylı şikayətlərdən sonra yuxarıda qeyd olunan tenderin nəticələri ləgv edilmişdir. Ləğvetmənin səbəbi olaraq dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə təminatının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməli olduğu göstərilmişdir. Qeyd olunan hadisələrin məntiqi sonu kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhər Heyvanat Parkının ərzaq məhsulları ilə təmin etməli idi. Lakin həmin müddətdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhər Heyvanat Parkına hər hansı ərzaq məhsulları satılmamış və Bakı Şəhər Heyvanat Parkı yeni tender elan olunanadək, yəni dörd ay ərzində hər hansı tender elan etmədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə yaxın olan şirkətdən ərzaq məhsulları almışdır. Belə olan halda, bundan əvvəl “heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlərin, qidaların” satın alınması məqsədilə keçirilən açıq elektron tenderin nəticələrinin (müsabiqə nömrəsi – 57428) ləğv edilməsi gözdən pərdə asmaq və faktiki olaraq iddiaçını tenderdən uzaqlaşdırmaq məqsədi daşıyıb. 25 iyun 2023-cü il tarixdə yenidən açıq tender (müsabiqə nömrəsi – 68766) elan edilmiş və prosesdə 4 iştirakçı – iddiaçı qismində iştirak etmişdir. Müsabiqənin nəticələri təhrif olunaraq 1-ci və 2-ci yeri tutan iddiaçıya deyil, 3-cü yeri tutan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir. Bununla bağlı müvafiq şikayətlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılmış, müsabiqə üzrə tender təkliflərinin qanunvericiliyin tələbinə uyğun yenidən qiymətləndirilməsi qərara alınaraq xidmətin xx.xx.2023-cü il 3-21-1/2-16932/2023 tarixli məktubu ilə cavabdeh bu barədə məlumatlandırılmışdır. Lakin tender komissiyası 2023-cü ildə 3-cü dəfə olaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan etmişdir. 1-ci tenderin formal olaraq ləğv edilməsi və iddiaçının həmin tenderdən uzaqlaşdırılması nəticəsində sonuncunun tenderdə verdiyi təklifin 10%-i, yəni 75000 manat, 450 manat iştirak haqqı və 150 manat bank təminatı olmaqla ümumilikdə iddiaçıya 75600 məbləğində zərər dəymişdir. İddiaçının nümayəndə və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz etdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra Mülki Prosessual Məcəllə) ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (tenderin keçirilməsi zamanı qüvvədə olan 27 dekabr 2001-ci il tarixli 245-İİQ nömrəli Qanun) 1.1-ci maddəsinə əsasən, bu Qanun, bu Qanunun 1.2-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) və ya məhkəməyə müraciət edə bilər. Qeyd edilməlidir ki, dövlət satınalamaları haqqında qanunvericilikdə nəzərdə tutulmuş qayda nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatların bütün satınalamaları üçün yox, yalnız malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması hallarına şamil edilir. Hazırkı iş üzrə cavabdeh kommersiya hüquqi şəxsi olsa da, adıçəkilən tender malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri hesabına satın alınması ilə əlaqədardır. Bu baxımdan mübahisə publik hüquq sahəsinin ictimai idarəetməsi ilə bağlıdır. Eyni zamanda, “Dövlət satınalmaları haqqında” Qanun ilə tender komissiyasının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati orqana və ya məhkəməyə müraciət hüququ müəyyənləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət və ya iddia inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində həll edilməlidir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisə “Dövlət satınalmalar haqqında” Qanunun (27 dekabr 2001-ci il tarixli 245-İİQ nömrəli) tələbləri baxımından keçirilən tenderdə iştirakla bağlı yaranmış, iddiaçı onun tender təklifinin kənarlaşdırılması və tenderin ləğv edilməsi üzrə cavabdehin tender komissiyasının qərarından irəli gələn zərərin əvəzini tələb edir. Belə qərarın qəbul edilməsi isə “Dövlət satınalmalar haqqında” Qanunun 36.5-ci maddəsinin tələblərindən irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibat orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından sadalanan əlamətlərin hamısına malik olduğundan, cavabdehin faktiki hərəkəti deyil, publik hüquq sferasında qəbul etdiyi və iddiaçı üçün hüquqi nəticə doğuran inzibati aktıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci maddəsinə əsasən, belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə məhz inzibati hüquq münasibətlərində qəbul edilmiş inzibati aktın nəticəsində vurulması iddia olunan zərərin ödənilməsi ilə bağlı olduğundan inzibati mübahisədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı Şəhər Heyvanat Parkına qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-343/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-343/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver