Məhkəmə qərarları › İş №e-2-2(113)-3433/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3433/2023

08.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3433/2023 08.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qaydalarının pozulması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 015262 saylı akt əsasında əsassız hesablanmış 10977,12 (on min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat borcun silinməsi, 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********1 abonent kodu ilə X1 edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən məlumatı olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən əsassız 015262 saylı akt yazılmış və buna görə də 10977,12 (on min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat cərimə borcu yazılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, "xxxx" ASC yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.

3. Daha sonra iddiaçı 21 avqust 2023-cü il tarixində iddia tələbinin azaldılması barədə ərizə vermiş, X1 qaydalarının pozulması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 015262 saylı akt əsasında əsassız hesablanmış 6586,25 (altı min beş yüz səksən altı manat 25 qəpik) manat borcun silinməsi, 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun maddələrinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.

5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmiş və qeyd etmişdir ki, elektron məhkəmə sisteminə daxil edilmiş yoxlama üçün icazələrin heç birinin iddiaçıya aidiyyatı yoxdur və iddiada göstərilən hallar iddianın təmin olunması üçün əsasdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili daha əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı sxemdən tamamilə kənarlaşdırılıb. Sayğacın çıxış xəttinin üzərindəki avtomat söndürülərək giriş və çıxış kabeli xüsusi sip kabel vasitəsilə xüsusi sıxaclarla şuntlanıb. Bu barədə akt tərtib olunmuş və akt əsasında icra vərəqəsi verilmişdir. İtirilmiş elektrik enerjisinin dəyəri 6586,25 manat olaraq müəyyən edilmişdir. Həmçinin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata da alınmışdır. Ona görə də iddia tələbi rədd edilməlidir.

8. 10 mart 2023-cü il tarixli NDQ № 015262 nömrəli istehlakçı İddiaçı (abonent kodu **********1) adlı istifadəçi ilə bağlı “X1 Qaydaları”na (EEİQ) riayət olunması barədə keçirilmiş baxış üzrə tərtib edilmiş aktda qeyd edilmişdir ki, elektrik sayğacı sxemdən tamamilə kənarlaşdırılıb. Sayğacın çıxış xəttinin üzərindəki avtomat söndürülərək giriş və çıxış kabeli xüsusi sip kabel vasitəsilə xüsusi sıxaclarla şuntlanıb. Akt, "xxxx" ASC-nin nümayəndələri “A.Babayev”, “R.Əhmədov”, “Həsənov Sərdar” adları qeyd edilməklə imzalanmışdır.

9. xx.xx.2023-cü il tarixli 16288 nömrəli ödəniş qəbzindən məlum olur ki, 200 manat İddiaçı tərəfindən Bakı “11 saylı” Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür.

10. İddiaçı (abonent kodu **********1) adına abonent saldosundan çıxarışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində NDQ 015262 nömrəli akt üzrə “EİQ pozulması” əsası ilə 6.586,25 manat borc hesablanmışdır. Abonent saldosunda 5070,20 manat borcun olduğu göstərilmişdir.

11. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı (abonent kodu **********1) adlı istifadəçi ilə bağlı NDQ № 015262 nömrəli akt əsasında 6.586,25 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.

12. 09 iyun 2023-cü il tarixdə çap edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, X2 (VÖEN **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər X5 və X6 göstərilmişdir.

13. 09 iyun 2023-cü il tarixdə çap edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, X3 (VÖEN **********) xx.xx.2022-ci il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər X5 və X4 göstərilmişdir.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, cavabdeh iddiaçını elektrik enerjisi ilə təmin etməyi, iddiaçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əməkdaşları tərəfindən İddiaçı məxsus sayğacda yoxlama həyata keçirilmiş, yoxlamanın nəticəsi barədə akt tərtib edilmiş, həmin akt əsasında iddiaçıya 6586,25 manat ödəniləcək məbləğ hesablanmışdır. Cavabdeh "xxxx" ASC yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alındığını, iddiaçı tərəf isə təqdim edilən reyestr çıxarışlarının İddiaçı ilə əlaqəsinin olmadığını qeyd etmişdir. Tətbiq edilən hüquq

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

16. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

19. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştira edən şəxslərə aid edilir.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

22. İddia tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan sayğacdan xx.xx.2023-cü il tarixli, 015262 saylı akt əsasında əsassız hesablanmış 6586.25 (altı min beş yüz səksən altı manat 25 qəpik) manat borcun silinməsindən ibarətdir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Belə ki, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

25. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bununla belə, iddiaçı tələbində 6586,25 manat (altı min beş yüz səksən altı manat 25 qəpik) borcun silinməsini tələb etsə də, məhkəməyə təqdim edilmiş abonent saldosundan həmin məblğəğdən ödənişlərin edildiyi məlum olur.

26. Məhkəmə, təqdim edilmiş sonuncu abonent saldosundan iddiaçının cavabdehə 5070,20 manat (beş min yetmiş manat, iyirmi qəpik) məbləğində borcunun olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və **********1 abonent kodu üzrə NDQ seriyalı, 015262 nömrəli akt əsasında hesablanmış məbləğdən 5070,20 manat (beş min yetmiş manat iyirmi qəpik) məbləğində borc silinməlidir.

27. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın olmasına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş çıxarış məlumatlarında sahibkarlıq subyekti olaraq İddiaçı yox, digər şəxslər göstərilmişdir. Eyni zamanda, həmin məlumat çıxarışlarında sahibkarlıq subyektinin VÖEN-i olaraq ********** və ********** göstərilsə də, İddiaçı ********** eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmışdır.

28. Eləcə də, iddiaçı mediasiya xərclərinə görə 200 (iki yüz) manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********1 abonent kodu üzrə NDQ seriyalı, 015262 nömrəli akt əsasında hesablanmış 5070,20 (beş min yetmiş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 (iki yüz) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar