Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3435/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumilikdə 8929,5 manat məbləğinin (29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqı – 3965,47 manat, həmin ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV – 713,78 manat və 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi – 4250,25 manat), hüquqi yardıma görə 500 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125 manat məbləğinin "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hərrac təşkilatının hərracın yekunları barədə 03/02 saylı 14 yanvar 2020-ci il tarixli protokoluna əsasən, ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evi İddiaçı ASC tərəfindən açıq hərracdan alınmışdır. "xxxx" MMCyə, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqı 3965,47 manat, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən 5% xidmət haqqından 18% ƏDV 713,78 manat və 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən sadələşdirilmiş vergi 4250,25 manat məbləğində vəsaiti ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsiz hesab edilmiş və ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20 fevral 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir. "xxxx" MMC-yə ümumilikdə 8929,5 manat məbləğində vəsaitin İddiaçı ASC-yə ödənilməsi ilə bağlı müraciət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, İddiaçı ASC tərəfindən müvafiq olaraq 3965,47 manat 5% xidmət haqqı, 713,78 manat xidmət haqqından 18% ƏDV və 4250,25 manat sadələşdirilmiş vergi ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(005)- 658/2021 saylı qətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokol etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20 fevral 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(005)-658/2021 saylı qətnaməsi 30 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan "xxxx" MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlak satışa çıxarılmış və İddiaçı ASC tərəfindən həmin əmlaklar satın alınmışdır. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və İddiaçı ASC ilə hərracın təşkilatçısı olan "xxxx" MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanılmış, 29 dekabr 2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən İddiaçı ASC tərəfindən müvafiq olaraq 3965,47 manat 5% xidmət haqqı, 713,78 manat xidmət haqqından 18% ƏDV və 4250,25 manat sadələşdirilmiş vergi ödənilmişdir. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-658/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsiz hesab edilmiş və ünvan 1 ünvanında yerləşən 2b nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına verilmiş 20 fevral 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Normaların məzmunundan göründüyü kimi hərracda müqavilənin bağlanması alqı – satqı müqaviləsinin bir növüdür və əqdlərlə (müqavilələrlə) bağlı müddəalar bu münasibətlərə tətbiq olunur. Əqdlərin etibarsızlığının hüquqi nəticəsini əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir. İddiaçı ASC tərəfindən ödənilmiş 3965,47 manat xidmət haqqıdır və məhz hərracın keçirilməsi ilə bağlı ödənilmiş vəsaitdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi; 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Hərracın keçirilməsi ilə bağlı ödənilmiş vergilərin cavabdehdən tələb olunması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. İlkin olaraq Məhkəmə qeyd etmək istəyir ki, kommersiya xarakterli mülki işə baxıldığını nəzərə alsaq, Mülki Məcəllənin qeyd edilən 2.1-ci və 2.5-ci maddələrinin, eləcə də «Normativ-hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, bankın hərrac təşkilatına qarşı iddia tələbinin qanuni əsası mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, fiziki və ya hüquqi şəxslərin verginin ödənilməsindən yayınması faktları, onun vergi qanunvericiliyinin müddəlarının pozulması məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında əqdlərin bağlanması və ya etibarsız hesab edilməsi mübahisəsi üzrə sübut, tədqiq və qiymətləndirilə bilməz, çünki bu hallar mübahisə üzrə sübutetmə predmetinə daxil deyil və vergi mübahisəsinin baxılması zamanı vergi qanunvericiliyinin müddəalarına əsasən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Göründüyü kimi qanunvericilik ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı çəkilmiş xərclərin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən ödənişlərin, o cümlədən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqavilələrinə uyğun olaraq bank ipoteka saxlayan qismində çıxış edir. Odur ki, ipoteka əməliyyatı ilə bağlı yaranmış vergi öhdəlikləri ipoteka saxlayan kimi bankın üzərinə düşür və ödəniş ipoteka predmetinin dəyərindən həyata keçirilir. Qanunvericilik ödəmə mənbəyində verginin tutulmasını isə "xxxx" MMC-yə həvalə edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, "xxxx" MMC hər hansı bir qanun pozuntusuna yol vermədən, qanunauyğun surətdə üzərinə düşən öhdəliyi icra etmiş və bankdan ödəmə mənbəyində vergi tutulmasını təmin edərək büdcəyə köçürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən görünüdüyü kimi artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş vergi məbləğinin büdcədən geri qaytarılması məqsədilə yuxarıda sadalanan Qaydalara uyğun hərəkət edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3435/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3435/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver