Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3436/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 26.000 manat maddi ziyanın, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək müddətində 1500 manat icarə haqqının, əldən çıxmış fayda kimi 3750 manat maddi ziyanın, 200 manat mediasiyaya ödənilmiş rüsumun ümumilikdə 31450 manat pulun Cavabdehndən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 iyul 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sahibkarlıq məqsədi ilə Cavabdehnə icarəyə verimişdir. Razılaşmaya görə müqaviləni ləğv etdirmək istəyən tərəf 15 gün qabaq qarşı tərəfə məlumat verməli və müqavilə bitdikdən sonra rəsmi təhvil- təslim aktına əsasən qaytarılmalı idi. Lakin 18 fevral 2022-ci il tarixdə avtomobil cavabdeh şirkətin əməkdaşı X4 tərəfindən onun təqsiri ucbatından qəzaya uğramış və avtomobil yarasız vəziyyətə düşmüşdür. Bu barədə qüsur aktı alınmış və ziyanın məbləği 26.000 manatdır. Cavabdeh 28 yanvar 2022-ci il tarixdən qəza baş verən 18 fevral 2022-ci tarixə olan 20 gün müddətində icarəsini ödəməmişdir. Bundan başqa mediasiyaya müraciət edilən günədək yəni 18 fevral 2022-ci il tarixdən 12 aprel 2022-ci tarixədək olan müddətdə həmin avtmobili icarəyə hər ay 1500 manat icarəyə verdiyi halda əldən çıxmış fayda kimi 3750 manat ziyan dəymişdir. Borcun ödənilməsi üçün müraciətlər olunmuş, lakin öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Nəhayət 12 aprel 2022-ci il tarixdə vurulmuş ziyanın ödənilməsi məqsədilə cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Sözügedən xəbərdarlıq cavabdehə müvafiq qaydada təqdim olunmuş, lakin xəbərdarlığa heç bir münasibət bildirilməmiş, həmçinin borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı icarəyə verən, Cavabdeh MMC “icarəyə götürən” olmaqla imzalanmış 42 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən tikintidə istifadə edilən Füzuli rayonu Əhmədalılar kəndində qeydiyyatda olan qeydiyyat nişanı **-FZ-*** nömrəli avtomobilini Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. İcarə müddəti avtomobilin “icarəyə götürən” tərəfindən, “icarəyə verən”in ünvan 1 ünvana, yenidən işlədiləcək şəkildə demontaj edilərək təslim edildiyi tarixdə bitir. İddiaçı və Cavabdeh MMC arasında imzalanmış 28 iyul 2021-ci il tarixli və 42 nömrəli icarə müqaviləsinə Əlavə 1-də **-FZ-*** qeydiyyat nişanlı avtomobilin 1500 manata icarəyə verilməsi tərəflər arasında razılaşdırılmışdır. Cəbrayıl RPŞ DYPB-nin rəisi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli arayışda X2 idarə etdiyi Mitsubishi L200 minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Mahmudlu kəndində əzilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2002-ci il tarixində Mitsubishi L200 minik markalı **-FZ-*** nömrəli nəqliyyat vasitəsini idarə edən X5 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. X3 Cəbrayıl rayon polis şöbəsinə verdiyi izahatında xx.xx.2022-ci il tarixində saat 12 radələrində etibarnamə ilə idarə etdiyi Mitsubishi L200 markalı **-FZ-*** dövlət nömrə nişanlı maşınla Cəbrayıl rayonu Şükürbəyli kəndi itirərək yolun kənarındakı işıq dirəyinə dəydiyini, avtomobilin əzildiyini bildirmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Mİ-123701 nömrəli iş kartının məzmunundan görünür ki, **-FZ-*** nömrəli nəqliyyat vasitəsinin təmir və ehtiyat hissələrinin dəyişdirilməsi 25216,82 manat hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciət əsasında verilmiş xx.xx.2022-ci il tarixli **********592700 nömrəli cavab məktubunda Cavabdeh MMC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanması, həmin əmək müqaviləsinin qüvvədə olması qeyd olunmuşdur. X6 Xidməti tərəfindən verilmiş **********2 nömrəli 09 avqust 2022-ci il tarixli cavab məktubunda Cavabdeh MMC tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində X2 Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixində işə götürülməsi, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. 20 sentyabr 2022-ci il tarixli 9/6667 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mitsubishi” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17.500 manat müəyyən edilir. Ekspertizanın aparılma qiyməti 100 manat qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. İcarə müddətində Cavabdeh MMC-nin işçisi tərəfindən idarə edilən zaman icarədə olan avtomobil işıq dirəyinə dəyərək qəza törədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən məkəmə iş üzrə keçirilmiş ekspert rəyini də əsas götürərək hesab edir ki, iddiaçıya məxsus minik avtomobilinə maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi 26.000 manat maddi zərərin vurulması hissəsində qismən sübuta yetirildiyindən 17.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1500 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə nəqliyyat vasitəsinin 1500 manata icarəyə verilməsi razılaşdırılmışdır. Məhkəmə aylıq icarə haqqının 1500 manat olmasını nəzərə alıb iddianın həmin hissədə qismən təmin edilməsini, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1.000 manatın cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbini əldən çıxmış fayda kimi 3.750 manat maddi zərərin cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci, eləcə də məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat cavabehdən tutulmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş zərərə görə 17.500 manat, icarə haqqı 1.000 manat, 200 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilməli, 100 manat ekspertiza xərci Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş maddi zərərə görə 17.500 manat, icarə haqqı 1.000 manat, 200 manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza xərci 100 manat Cavabdehndən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3436/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3436/2022
26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver