Məhkəmə qərarları › İş №e-2-2(113)-3436/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3436/2023

09.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3436/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəmənin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, yenidən hesablanaraq əvəzləşdirilməsi və mənzillərin fərdi qaydada sayğaclaşdırılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən hesablanmış 108547,97 manat məbləğində su borcunun silinməsi, 2011-2022ci illər ərzində adambaşı 5 m3 hesablamaqla "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 69 nömrəli binasına su borcunun yenidən hesablanması, hesablanmış su borcunun 2011-2022-ci illər ərzində "xxxx" MTK-nın ödədiyi məbləğlə əvəzləşməsi, "xxxx" MTK-nın Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi və 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh ASCdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 69.1- 69.3-cü maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. - 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. "xxxx" MTK tərəfindən verilmiş elektron iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş 01 may 2023-ci il tarixli etibarnamədə Nümayəndə “bütün hüquqi işlərin aparılması” səlahiyyəti verilməsinə baxmayaraq, müəssisəsinin icraçı direktoru kimi etibarnaməni imzalamış İbrahim Hacıyevin MTK-nın qanuni təmsilçisi olması və hüquqi şəxsin adından etibarnamə vermə səlahiyyətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş etibarnamədə İbrahim Hacıyev MTK-nın icraçı direktoru, xx.xx.20223-cü il tarixli, 0/53 saylı arayışda isə MTK-nın sədri kimi qeyd olunmuş. Onun iddiaçı MTK-nın qanuni təmsilçisi kimi dövlət qeydiyyata alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışdan da göründüyü kimi "xxxx" MTK-nin (VÖEN-**********) qanuni təmsilçisi kimi X1 adı qeyd olunmuşdur, həmin şəxs isə xx.xx.2013-cu il tarixdə vəfat etmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi– nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. - 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. - 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Qeyd olunanlardan göründüyü kimi iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilən etibarnamə əsasında imzalandığından, o cümlədən etibarnaməni verən şəxsin MTK-da hansı vəzifənin sahibi olması belə ziddiyətli olduğundan (icraçı direktor, sədr və s.), iddia ərizəsinin icraata götürülərək baxılması qanunauyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, yenidən hesablanaraq əvəzləşdirilməsi və mənzillərin fərdi qaydada sayğaclaşdırılması” tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar