Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3437/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 Cavabdehlər Cavabdeh2ASC və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icra qeydi, kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2ASC-yə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-yə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xidmət Mərkəzinin Notariat Ofisində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı və 8İ-7687 saylı icra qeydlərinin ləğv edilməsini, vəkilə ödənilən 120 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu, cəmi 220 manat pulun Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1, cavabdeh X4 Səhmdar Cəmiyyətindən xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Maliyyələşdirmə Ərizəsi və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə ərizəsi üzrə borc pul almışdır. Hər iki Ərizə üzrə iddiaçının öhdəliyinə digər İddiaçı2 zamin olmuşdur. Lakin İddiaçı1 həmin Maliyyələşdirmə Ərizələri üzrə aldığı pulun əksəriyyətini qaytarmışdır. Onun qalan borcu xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Ərizə üzrə isə 20 000 manat və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı Ərizə üzrə isə 15 000 manat, cəmi 35 000 manatdır. Buna baxmayaraq cavabdeh X4 Səhmdar Cəmiyyəti, X3 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7687 saylı İcra qeydini tərtib etdirib və iddiaçılardan 37 935 manat 56 qəpik əsas borc, 542 manat 90 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 38 503 manat 46 qəpik pulun ödənilməsini tələb edir. Yenə cavabdeh X4 Səhmdar Cəmiyyəti, X3 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı İcra qeydini tərtib etdirib və iddiaçılardan 27 314 manat 60 qəpik əsas borc, 363 manat 89 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 27 703 manat 49 qəpik pulun ödənilməsi tələb edir. Hər iki İcra qeydindən iddiaçıların Sabirabad rayon icra şöbəsində 2024-ci ilin aprel ayında məlumat olub. Həmin icra qeydləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb bu səbəblə ləğv olunmalıdır. Məhz Notariat haqqında AR Qanunun 76-cı maddəsinə görə, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Hesab edirik ki, İcra qeydləri veriləndə bu qaydalar pozulub. Belə ki, həmin normadan məlum olur ki, icra qeydi tərəflər arasındakı “borcun mübahisəsiz olduğu” hallarda verilir. Məlum olduğu kimi, iddiaçı Kanal MMC-nin, cavabdeh Banka DC00055093-03 saylı Ərizə üzrə qalan borcu isə 20 000 manat olduğu halda, tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8İ-7687 saylı İcra qeydinə görə, ondan və zamindən 37 935 manat 56 qəpik əsas borc, 542 manat 90 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 38 503 manat 46 qəpik pulun ödənilməsi tələb olunur. Yenə iddiaçı Kanal MMC-nin, cavabdeh Banka DC00055093-04 saylı Ərizə üzrə qalan borcu 15 000 manat olduğu halda, tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı İcra qeydi ilə ondan və zamindən 27 314 manat 60 qəpik əsas borc, 363 manat 89 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 27 703 manat 49 qəpik pulun ödənilməsi tələb edilir. Göründüyü kimi, cavabdeh Bankın tərtib etdiyi hər iki İcra qeydində qalan əsas borcun məbləği mübahisəli olduğu kimi, burada həm də məhkəmə qətnaməsi ilə müəyyən oluna bilən cərimələr (peniyalar) da İcra Qeydlərinə yazılaraq iddiaçılardan tələb olunur. Bundan başqa zamin olan şəxslərə qarşı icra qeydinin tərtib olunması da qanunvericilik icazə vermir. Bütün bunlar İcra qeydlərinin qanunvericiliyin tələblərinə zidd olduğunu təsdiq edir. Bundan başqa Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş İddiaçılara bu günə qədər göndərilməyib. İddiaçılar bu İcra Qeydlərindən təkcə Sabirabad rayon icra şöbəsindən 2024-cü ilin aprel ayında xəbər tutub.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra qeydləri qanunvericiliyin tələblərinə uyğundur, onların ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
4. Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
5. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, habelə digər cavabdeh X3 Xidmət Mərkəzinin Notariat Ofisi məhkəməyə ayrı-ayrılıqda yazılı ərizələr verib iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs Sabirabad Rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir.
6. Məhkəmə iclasının tərəflərin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı maliyyələşdirmə üçün ərizəyə görə İddiaçı1 MMC-yə 52049 manat məbləğində kredit illik 17% dərəcəsi ilə, xx.xx.2023-cü il tarixinədək müddət ilə verilmişdir.
9. xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizəyə görə İddiaçı1 MMC-yə 35731 manat məbləğində kredit illik 17% dərəcəsi ilə, xx.xx.2024-cü il tarixinədək müddət ilə verilmişdir.
10. Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DG**********768 nömrəli zaminlik müqaviləsinə görə İddiaçı2 DC00055093-03 saylı kredit müqaviləsi əsasında İddiaçı1 MMC-yə veriləcək illik 17% olmaqla 52049 manat məbləğində və 24 ay müddətə birdəfəlik kreditlə əlaqədar olaraq İddiaçı1 MMC-nin bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı1 MMC ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı üzərinə götürmüşdür.
11. Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DG**********025 nömrəli zaminlik müqaviləsinə görə İddiaçı2 DC00055093-04 saylı kredit müqaviləsi əsasında İddiaçı1 MMC-yə veriləcək illik 17% olmaqla 35731 manat məbləğində və 24 ay müddətə birdəfəlik kreditlə əlaqədar olaraq İddiaçı1 MMC-nin bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı1 MMC ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı üzərinə götürmüşdür.
12. Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş maliyyə arayışına görə İddiaçı1 MMCnin xx.xx.2023-cü il tarixə Cavabdeh2 ASC qarşısında öhdəlikləri DC00055093-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,557.56 (otuz dörd min beş yüz əlli yeddi manat əlli altı qəpik) manat əsas borc, 3,378 (üç min üç yüz yetmiş səkkiz) manat faiz borcu, 542.90 (beş yüz qırx iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 38,478.46 (otuz səkkiz min dörd yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat, DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25,819.18 (iyirmi beş min səkkiz yüz on doqquz manat on səkkiz qəpik) manat əsas borc, 1,495.42 (bir min dörd yüz doxsan beş manat qırx iki qəpik) manat faiz borcu, 363.89 (üç yüz altmış üç manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 27,678.49 (iyirmi yeddi min altı yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir
13. xx.xx.2023-cü il tarixli 8i-7687 reyestr nömrəli İcra Qeydi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı1 MMC və İddiaçı2 DC00055093-03 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37935,56 manat pulun və 542,90 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 38503,46 manat pul tutulmuşdur.
14. xx.xx.2023-cü il tarixli 8i-7686 reyestr nömrəli İcra Qeydi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı1 MMC və İddiaçı2 DC00055093-04 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27314,60 manat pul və 363,89 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 27703,49 manat pul tutulmuşdur.
15. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarlarından görünür ki, xx.xx.2023-cü il tarixli, 8İ-7686 reyestrli və 8İ-7687 reyestrli icra sənədləri üzrə icraata başlanılmışdır.
16. Cavabdeh2 ASC tərəfindən borclu iddiaçılara xx.xx.2023-cü il tarixdə xəbərdarlıq ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir.
17. "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil Oqtay oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 218\219-23 saylı məktubdan görünür ki, icra qeydinin aparılacağı ilə bağlı tələbkar tərəfindən borcalana bildiriş Sabirabad şəhəri, Ə.Kərim küçəsi ev 11 ünvanında yerləşən İddiaçı1 MMC-yə və həmin ünvanda qeydiyyatda olan İddiaçı2 Cavabdeh2 ASC tərəfindən göndərilmiş və kuryer tərəfindən qeyd olunan ünvanda olarkən şirkətin həmin ünvanda yerləşmədiyi müəyyən edilmişdir.
18. Məhkəmə Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
26. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.
27. AR Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.
28. İş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizələr ilə İddiaçı1 MMC-yə kreditlər verilmiş, bu kreditlərin təminatı qismində Cavabdeh2 ASC ilə İddiaçı2 arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, DG**********768 nömrəli və xx.xx.2022-ci il tarixli, DG**********025 nömrəli zaminlik müqavilələri bağlanılmış, İddiaçı1 MMC-nin Cavabdeh2 ASC qarşısında icra edilməyən pul öhdəlikləri qalmış, bununla bağlı olaraq isə xx.xx.2023-cü il tarixli 8i-7687 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 8i-7686 reyestr nömrəli İcra Qeydləri tərtib edilmiş, onlar əsasında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarları ilə icra üzrə icraata başlanılmışdır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir
30. Təlimatın 161-ci maddəsinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
31. Belə ki, iddiaçılar iddia ərizəsində icra qeydlərindən yalnız icra sənədləri üzrə icraata başlandıqdan sonra xəbər tutduqlarını, tələb edilən borcun mübahisəli olduğunu göstərmişlər.
32. Məhkəmə iddiaçıların həmin arqumentləri ilə bağlı bildirir ki, icra qeydlərinin aparılmasından əvvəl tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Belə ki, tələbkar tərəfindən həm İddiaçı1 MMC-nin və İddiaçı2 qeydiyyat ünvanlarına müvafiq bildirişlər göndərilmiş, lakin kuryer tərəfindən qeyd olunan ünvanda olarkən şirkətin və şəxsin həmin ünvanda yerləşmədiyi müəyyən edildiyi üçün bildirişlərin onlara çatdırılması mümkün olmamış, bununla da bank öz üzərinə düşən öhdəliyi icra etmişdir.
33. Məhkəmə qeyd edir ki, borcun mövcudluğu işin mübahisəsiz halı olmaqla birlikdə, icra qeydlərinin tərtib olunması üçün qanunvericilikdə göstərilən zəruri əsaslar mövcud olmuş və bu zaman heç bir pozuntuya yol verilməmiş, beləliklə də icra qeydlərinin ləğvi üçün əsas müəyyən edilməmişdir.
34. İddiaçılar tələb edilən borcların reallığı əks etdirmədiyini, hazırkı iş üzrə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu iddia etsələr də, iddiaçılar tərəfindən məhkəməyə Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda öz əksini tapmayan ödənişlərin də olması, habelə borcun icra qeydlərində göstərilən məbləğlərdən aşağı olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu və 120 manat hüquqi yardımla bağlı xərc iddiaçıların özlərinə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2ASC-yə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 120 manat hüquqi yardımla bağlı xərc iddiaçılar İddiaçı1 MMC, İddiaçı2 özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova