Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-344/2022 09.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3.734,66 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.314.880 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 17.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 17.06.2021-ci il tarixə yaranan 3.734,66 manat borcuna görə 1.314.880 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 02.07.2021-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 05.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 17.06.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3.734,66 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir,. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 26 aprel 2021-ci il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair **********0 saylı bildiriş göndərilərək, 26.04.2021 -ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3.721.03 manat, o cümlədən vergilər üzrə 3.407,41 manat, maliyyə sanksiyaları üzrə 140 manat, faizlər üzrə 173,62 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 17.06.2021-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********7 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 02.07.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. 05.07.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 17.06.2021-ci il tarixli qərara əsasən 02.07.2021-ci il tarixdə 1.314.880 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1643,6 kv.m. olan qeyri-yaaşyış sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh MMC məcburi vergi borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 02.07.2021-ci il tarixdə Cavabdeh MMC-nin 17.06.2021-ci il tarixə vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.314.880 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı ə mlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 90.1-ci maddəsinin iddia ərizəsi verilərkən qüvvədə olmuş redaksiyasına uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcun cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin 17.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3734,66 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.314.880 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 3734,66 manat məbləğində vergi borcu tutulmalı, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin 17.06.2021-ci il tarixə dövlət büdcəsinə olan 3734,66 manat (üç min yeddi yüz otuz dörd manat altmış altı qəpik) məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 1.314.880 (bir milyon üç yüz on dörd min səkkiz yüz səksən) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 3734,66 manat (üç min yeddi yüz otuz dörd manat altmış altı qəpik) məbləğində məbləğində borc və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-344/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-344/2022
09.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver