Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-344/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh2 MMC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) məbləğində pul və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat xərcin İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin baş ofisi ilə cavabdeh – Cavabdeh2 MMC arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % (on beş) dərəcəsi olmaqla, 36 (otuz altı) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 16 sentyabr 2021-ci il tarixdə İddiaçı ASC-nin baş ofisi ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 16 sentyabr 2021-ci il tarixli, RB/KM1380 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsinə görə cavabdeh öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 16 sentyabr 2021-ci il tarixli, RB/KM-1380 saylı kredit müqaviləsi üzrə əsas borca görə 79491,24 manat, faiz borcuna görə 7822,17 manat, dəbbə puluna görə 4513,62 manat olmaqla, cəmi 91827,03 manat (doxsan bir min səkkiz yüz iyirmi yeddi manat üç qəpik) pul tutulmalıdır. Dövriyyə vəsaitlərinin artırılması məqsədilə götürüldüyü və Cavabdeh2 MMC VÖEN ödəyicisi olduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” qanunun tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. İddiaçının müraciətinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş mediator tərəfindən mediasiya prosesi təşkil olunmuş, ilkin mediasiya sessiyası təyin edilmişdir. Mediasiya xərci kimi hesablanmış 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Mediator tərəfindən İddiaçı ASC-yə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, 40000 manatdan artıq ödəniş edilib, ödənişlərin demək olar ki, yarısı əsas məbləğə, yarısı isə faiz məbləğinə silinibdir, borcun olduğunu qəbul edirlər, lakin hesab edirlər ki, borc yenidən hesablanıb, yeni qrafik tərtib olunmalıdır.
8. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 MMC-yə bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit verilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM- 1380 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. xx.xx.2021-ci il tarixli sərəncam-orderdən görünür ki, 100000 manat məbləğində vəsait Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür.
11. İddiaçı ASC-nin Cavabdeh2 MMC və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə banka olan borcu 79491,24 manat məbləğində əsas, 7822,17 manat məbləğində faiz, 4513,62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 91827,03 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/275 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 79491,22 manat, faiz borcu üzrə 7656,57 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 79491,22 manat, faiz borcu üzrə 7822,18 manat təşkil edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 79491,24 manat əsas, 7822,17 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/275 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 79491,24 manat (yetmiş doqquz min dörd yüz doxsan bir manat iyirmi dörd qəpik) manat əsas borc, 7656,57 manat (yeddi min altı yüz əlli altı manat əlli yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
20. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında xx.xx.2023-cü il tarixə olan borcun müəyyən edilməsi ilə bağlı müvafiq sual qoyulmuş və həmin tarixə faiz borcunun 7656,57 manat təşkil etdiyi rəydə göstərilmişdir.
21. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 4513,62 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada 4000 (dörd min) məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Eləcə də, iddiaçı 400 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, mediasiyaya dair ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
26. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, RB/KM-1380 nömrəli kredit müqaviləsi üzrə 79491,24 manat (yetmiş doqquz min dörd yüz doxsan bir manat iyirmi dörd qəpik) əsas borc, 7656,57 manat (yeddi min altı yüz əlli altı manat əlli yeddi qəpik) faiz borcu, 4000 (dörd min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 91547,81 manat (doxsan bir min beş yüz qırx yeddi manat səksən bir qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova