Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-345/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Azcargo Logistics and Managament Services” MMC-yə qarşı “müqavilə öhdəlikləri üzrə ödənilməmiş icarə haqqı” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mediasiya xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Azcargo Logistics and Managament Services” MMC-yə qarşı “müqavilə öhdəlikləri üzrə ödənilməmiş icarə haqqı” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 31512,93 manat pulun, dövlət rüsumu və mediasiya xərclərinin cavabdeh “Azcargo Logistics and Managament Services” MMCdən tutularaq, İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh “Azcargo Logistics and Managament Services” MMC arasında Abşeron rayonu, Hövsan qəsəbəsi, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən anbarın icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə 1 il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı, gündəlik olaraq hər 1 kv.m. üçün 0.30 manat olmaqla müəyyən edilmişdir. İş qanunvericiliyin tələblərinə əsasən, mediasiya qaydasında həll edilən zaman cavabdehin borcu 31512,93 manat təşkil edir. Lakin icarəçi (cavabdeh) öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, icarə haqları ödənilməmişdir. Hətta xx.xx.2021-ci ildə tərəflər arasında həmin dövrdə olan borcun da ödənilməsi ilə bağlı əlavə razılaşma bağlanmışdır. Amma buna baxmayaraq cavabdeh öz öhdəliklərini yenə də icra etməmişdir. Artıq uzun müddətdir ki, danışıqların aparılmasına baxmayaraq cavabdeh öz öhdəliklərini könüllü olaraq icra etməkdən yayınır.
3. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsi üzrə cavabdehdən icarə haqqına görə yaranmış borcun 31512,93 manat pulun, dövlət rüsumu və mediasiya xərclərinin cavabdeh “Azcargo Logistics and Managament Services” MMC-dən tutularaq, İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarı instaniya məhkəməsinin mövqeyi ilə analoji işlər zamanı tərəflər arasında bağlanmış müqavilə mübahisə yarandıqda xitam edilmiş hesab edilir. Odur ki, Müqavilə 1 il müddətinə bağlanmışdır və müqavilə şərtlərinə əsasən icarə haqqı, gündəlik olaraq hər 1 kv.m. üçün 0.30 manat olmaqla müəyyən edilmişdir. İş qanunvericiliyin tələblərinə əsasən, mediasiya qaydasında həll edilən zaman cavabdehin borcu 31512 manat 93 qəpik təşkil edir. Lakin icarəçi (cavabdeh) öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, icarə haqları ödənilməmişdir. Hətta xx.xx.2021-ci ildə tərəflər arasında həmin dövrdə olan borcun da ödənilməsi ilə bağlı əlavə razılaşma bağlanmışdır. Amma buna baxmayaraq cavabdeh öz öhdəliklərini yenə də icra etməmişdir. Artıq uzun müddətdir ki, danışıqların aparılmasına baxmayaraq cavabdeh öz öhdəliklərini könüllü olaraq icra etməkdən yayınır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, maliyyə arayışlarında qeyd olunan 37752,06 manat xx.xx.2023-cü il tarixinə kimi yaranan borcdur. Hazırki iddia tələbi ilə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan 31512,93 manat məbləğində borc tələbini tələb edirlər.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia ərizəsi ilə tələb olunan 31512,93 manat borcu qəbul edirlər, lakin məhkəmədən kənar danışıqlıqlar zamanı həmin məbləğin 2023-cü ilin oktybar ayına kimi olan icarə haqqı kimi biliblər, ona görə də iddia məbləğini qəbul edirlər, lakin xx.xx.2023-cü il tarixinə kimi deyil, xx.xx.2023-cü il tarixinə kimi yaranmış borc olaraq. Əlavə olaraq bildirdi ki, cavabdehin də iddiaçının qeyri-yaşayış sahəsində malları qalıb, həmin malları çıxardıqdan sonra ödənişlər ediləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli, 076/020 saylı icarə müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə icarəyə verən, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasının müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi hesab olunan təhvil-təslim aktlarında müəyyən edilən sahəsini saxlanc anbarı kimi icarəçinin müddətli istifadəsinə verməyi və öz mülahizəsini təşkil etməyi, icarəçi isə icarə sahəsini müvəqqəti istifadəyə qəbul edərək müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən şəxsi daşınar əşyalarının müvəqəti saxlanılması kimi istifadə edir.
11. Müqavilənin 1.5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə xidmət dedikə aşağıdakılar başa düşülür:
12. Müqaviləin 1.5.1-ci bəndinə əsasən icarə sahəsində saxlanılması nəzərdə tutula icarəçiyə məxsus daşınar əşyaların daşıyıcı nəqliyyat vasitəsindən boşaldılması və yüklənməsi işləri;
13. Müqavilənin 1.5.2-ci bəndinə əsasən icarə sahəsində icarəçiyə məxsus daşınar əşyaları çeşidlənməsi, yığılması, yerləşdirilməsi, paletləmə və streç materialla qablaşdırılması işləri.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən icarəçinin öhdəlikləri:
15. Müqavilənin 2.3.1-ci bəndinə əsasən icarə haqqını və sifariş verdiyi xidməltərin dəyərini vaxtında və tam ödəmək.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən müqaviləyə və onun müvafiq əlavələrinə əsasən icarə sahəsinin hər təqvim günü üzrə ümumi faktiki istifadəsi və mühafizəsinin təmin olunmasına görə icarə haqqı məbləği əlavə dəyər vergisi istisna olmaqla, hər 1 kv.m. icarə sahəsi üçün 0.30 manat təşkil edir.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 illik müddətə bağlanılır və müqavilə müddətinin başa çatmasına 30 təqvim günü qalmış tərəflərdən hər hansı biri müqavilənin müddətinin uzadılması barədə digərinə yazılı bildiriş göndərmədikdə, müqavilə əvvəl müəyyən olunmuş şərtlərlə yenidən 1 il müddətinə uzadılmış hesab olunur.
18. 18.03.2020-ci il tarixli 2 saylı Əlavə razılaşmaya əsasən:
19. Razılaşmanın 2.1-ci bəndinə əsasən əlavə icarə sahəsi üzrə açıq əraziyə görə 1 aylıq icarə haqqı əlavə dəyər vergisi istisna olmaqla, hər 1 kv.m. icarə sahəsi üçün 3 manat təşkil edir.
20. Razılaşmanın 2.2-ci bəndinə əsasən əlavə icarə sahəsi üzrə avtodayanacaq təyinatlı sahədə minik avtomobilləri, 7 metr uzunluğa malik yük avtomobilləri və evakuatorun (təxliyyə avtomobilinin) parklanmasına görə 1 aylıq icarə haqqı ƏDV istisna olmaqla, hər bir nəqliyyat vasitəsi üçün 25 manat , 7 metrdən uzun yük avtomobilləri, xüsusi təyinatlı texnika və qoşquların parklanmasına görə isə 1 aylıq icarə haqqı əlavə dəyər vergisi istisna olmaqla, hər bir nəqliyyat vasitəsi/qoşqu üçün 40 manat təşkil edir.
21. Razılaşmanın 2.3-cü bəndinə əsasən əlavə icarə sahəsi üzrə avtodayanacaq təyinatlı sahədən istifadəyə görə günlük əsaslarla icarə haqqının ödənilməsi də nəzərdə tutula bilər. Belə halda minik avtomobilləri, 7 metr uzunluğa malik yük avtomobilləri və evakuatorun parklanmasına görə 1 günlük icarə haqqı əlavə dəyər vergisi istisna olmaqla, hər bir nəqliyyat vasitəsi üçün 1 azn, 7 metrdən uzun yük avtomobilləri, xüsusi təyinatlı texnika və qoşquların parklanmasına görə isə 1 günlük icarə haqqı ƏDV istisna olmaqla, hər bir nəqliyyat vasitəsi/qoşqu üçün 2 manat təşkil edir.
22. Razılaşmanın 2.4-cü bəndinə əsasən müqaviləyə əsasən açıq ahədə istifadəsi və mühafizəsinin təmin olunmasına görə 1 aylıq haqqı ƏDV istisna olmaqla, hər bir 20FT container üçün 74 manat təşkil edir.
23. İcarəyə verən - “X4” MMC və İcarəçi- "xxxx" MMC arasında bağlanmış 076/020 nömrəli, 13 fevral 2020-ci il tarixli icarə müqaviləsinə dair xx.xx.2021-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən:
24. Razılaşmanın 1-ci bəndinə əsasən icarəçi icarəyə verənə 13449,17 manat məbləğində borcu olmasını qəbul edir.
25. Razılaşmanın 2-ci bəndinə əsasən icarəçi 13449,17 manat məbləğində nəğdsiz hesablaşmalar qaydasında bank hesbaına köçürmə yolu ilə 2021-ci ilin sentyabr ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla, hər ay pul ödəməklə ümumilikdə 10 ay müddətində 01 iyun 2022-ci ili tarixədək icarəyə verənə tamamilə ödəyəcəkdir.
26. Razılaşmanın 3-cü bəndinə əsasən icarəyə verən bu əlavə razılaşmanın imzalandığı tarixə icarəçinin ona ödəməli olduğu borc məbləğinin 13449,17 manat olmasını təsdiq edir və icarəçi tərəfindən mövcud 13449,17 manat borc bu əlavə razılaşmanın şərtlərinə uyğun olaraq tam həcmdə ödənildiyi təqdirdə ona qarşı hər hansı əlavə tələb irəli sürmür.
27. İddiaçı tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin məbləği xx.xx.2021-ci il tarixli, EBBL541794 saylı e-qaiməyə əsasən 2368,50 manat, xx.xx.2021-ci il tarixli, EBBN266475 saylı e-qaiməyə əsasən 2421,12 manat, xx.xx.2021-ci il tarixli, EBBP039273 saylı e-qaiməyə əsasən 2854,77 manat, xx.xx.2022-ci il tarixli, EBBQ492565 saylı e-qaiməyə əsasən 1947,12 manat, xx.xx.2022-ci il tarixli, EBBT671232 saylı e-qaiməyə əsasən 1728,11 manat, xx.xx.2022-ci il tarixli, EBBT999554 saylı e-qaiməyə əsasən 1536,60 manat, xx.xx.2022-ci il tarixli, EBBV452185 saylı e-qaiməyə əsasən 2060,75 manat, xx.xx.2022-ci il tarixli, EBBX364578 saylı e-qaiməyə əsasən 1689,05 manat, xx.xx.2022-ci il tarixli, EBBY926091 saylı e-qaiməyə əsasən 1229,56 manat, xx.xx.2022-ci il tarixli, EBCA895415 saylı e-qaiməyə əsasən 1260 manat, xx.xx.2023-cü il tarixli, EBCN789129 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBCM111127 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBCK089390 saylı e-qaiməyə əsasən 1229,56 manat, eyni tarixli EBCC676331 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBCE513786 saylı eqaiməyə əsasən 1229,56 manat, eyni tarixli EBCİ199323 saylı e-qaiməyə əsasən 1260 manat, xx.xx.2023-cü il tarixli, EBDA591691 saylı e-qaiməyə əsasən 1168,67 manat, xx.xx.2023-cü il tarixli EBDC195687 saylı e-qaiməyə əsasən 1260 manat, xx.xx.2023-cü il tarixli EBDG600291 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBDE120640 saylı e-qaiməyə əsasən 1229,56 manat, eyni tarixli EBDİ320479 saylı e-qaiməyə əsasən 1229,56 manat, xx.xx.2023-cü il tarixli EBDK464059 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBDM928567 saylı e-qaiməyə əsasən 1260 manat, eyni tarixli EBDO500354 saylı e-qaiməyə əsasən 1229,56 manat,eyni tarixli EBDQ957137 saylı eqaiməyəəsasən 1260 manat təşkil etmişdir.
28. Hesab üzrə çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2021 tarixli EBBE079102 saylı e-qaiməyə əsasən – xx.xx.2022-ci il tarixində 1368,80 manat; xx.xx.2021-ci il tarixində 1269,68 manat məbləğində ödənişlər edilmişdir.
29. 09.01.2024-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə "xxxx" MMC-nin borcu ƏDV daxil xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 31512,93 manat, xx.xx.2023-cü il tarixinə kimi isə - 37752,06 manat təşkil edir.
30. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
33. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli, 076/020 saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə ilə icarəyə verən, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasının sahəsini saxlanc anbarı kimi icarəçinin müddətli istifadəsinə verməyi və öz mülahizəsini təşkil etməyi, icarəçi isə icarə sahəsini müvəqqəti istifadəyə qəbul edərək müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi icarə sahəsindən şəxsi daşınar əşyalarının müvəqəti saxlanılması kimi istifadə etmişdir. Halhazırda da iddia cavabdehin borcunun xx.xx.2023-cü il tarixinə kimi 31512,93 manat təşkil etdiyini və həmin məbləğin ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında isə həmin 31512,93 manat borc məbləğini qəbul etsə də, həmin borc məbləğinin xx.xx.2023-cü il (daxil olmaqla) tarixinə kimi deyil, xx.xx.2023-cü il tarixinə kimi olan borc kimi qəbul etdiyini bildirdi, lakin bu cür arqumentini məhkəmədə tutarlı əsaslar/sənədlərlə təsdiq edə bilməmişdir. Sadəcə bildirmişdir ki, tərəflər arasında şifahi danışıqlıqlar əsasında elə başa düşüblər ki, tələb olunan məbləğ 2023-cü ilin oktyabr ayına kimi olan icarə haqqıdır.
34. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
36. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
37. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
38. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
39. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
40. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
41. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
42. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Məhkəmə hazırkı borc məbləğinə dair qeyd edir ki, iddiaçı tərəf maliyyə arayışında borc məbləğinin ƏDV daxil 37752,06 manat göstərsə də, bugun iddia tələbi xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi yaranmış 31512,93 manata dair olmuş və məhkəmə də iddiaçının həmin tələbi üzərindən hüquqi dəyərləndirmə aparılmasını qanuni və əsaslı hesab etmişdir.
44. Qeyd olunanlardan və işdə olan e-qaimələrdən də göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.
45. Bundan başqa məhkəmə hazırkı iş üzrə təqdim edilmiş e-qaimələrlə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir.
46. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
48. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
49. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
50. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
51. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
52. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
53. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə qeyri-yaşayış sahəsi icarəyə verilməmiş olseydı cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi (qeyri-yaşayış sahəsinin icarəçi kimi istifadə etməsi) mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, icarə haqqı üzrə qismən ödənişlər də edilmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
55. Hazırki işdə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər elektron-qaimə fakturanın təqdim edilməsi vasitəsi ilə borcun ödənilməsi şəklində formalaşdığından, cavabdeh tərəfindən bu formada qismən ödənişlər edildiyindən, məhkəmə iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icra edildiyi qənaətinə gəlmişdir.
56. Bundan başqa cavabdeh tərəfindən faktiki borclarının olduğunu, lakin 31512,93 manat borcun 2023-cü ilin iyun ayına kimi deyil, oktyabr aylarını da əhatə etdiyini bildirmişdir.
57. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 31512,93 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən cəmi 31512,93 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
60. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş məbləğə münasibətdə (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 200 manat deyil, 185 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Azcargo Logistics and Managament Services” MMC-dən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 31512,93 (otuz bir min beş yüz on iki manat 93 qəpik) manat borcun, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 185 (yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova