Məhkəmə qərarları › İş №e-2-2(113)-3451/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3451/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3451/2021 19.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 24.09.2019-cu il tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3.294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat əsas borc, 4 000 (dörd min) manat dəbbə pulu, 10 000 (on min) manat əldən çıxmış fayda, cəmi 17 294.46 (on yeddi min iki yüz doxsan dörd manat 46 qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" QSCyə ödənilməsi, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (“icarəyəverən”) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (İcarəçi) arasında 24.09.2019cu il tarixdə 3M-185 nömrəli icarə müqaviləsi (bundan sonra– Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən ünvan 1 ünvanında–Bakı Dəmir Yolu Vağzalı binasının 15 və 16-cı mərtəbələrində yerləşən, hər bir mərtəbəsi 344 kv. m., ümumilikdə 688 kv. m. olan icarə obyekti “icarəçi” Cavabdeh QSC-yə icarəyə verilmişdir. Daha sonra tərəflər arasında 23.10.2019-cu il tarixli, 3M-202 nömrəli Saziş imzalanaraq icarə müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Sazişin 1.6-cı bəndinə əsasən icarə müqaviləsinin müddəti 01.01.2020-ci il tarixədək müəyyən olunmuşdur. Sazişin 1.1-ci bəndinə əsasən “icarəçi” 01.01.2020-ci il tarixədək “icarəyəverən”ə 30 117 (otuz min yüz on yeddi) manat pul ödəməli idi. Bu məbləğə həm icarə müqaviləsindən əvvəlki qalıq borclar, həm də müqavilə dövrü üzrə icarə haqları daxildir. Sazişin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən “icarəçi” 01.12.2019-cu il tarixdə İcarə obyektinin 16-cı mərtəbəsini, 01.01.2020-ci il tarixdə isə 15-ci bərtəbəsini boşaldaraq “icarəyəverən”ə təhvil verməyi öhdəsinə götürmüşdür. “İcarəçi” Cavabdeh QSC Sazişdə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. 01.01.2020-ci il tarixdə müqavilənin müddəti bitdiyi üçün icarə müqaviləsinə xitam verilmiş və “icarəçi” Cavabdeh QSC icarə obyektlərini boşaldaraq “icarəyəverən” "xxxx" QSC-yə təhvil vermişdir. Lakin Sazişin 1.1-ci bəndində müəyyən edilmiş 30 117 (otuz min yüz on yeddi) manat puldan yalnız 26.822,54 (iyirmi altı min səkkiz yüz iyirmi iki manat 54 qəpik) manatı ödənilmiş, qalıq 3.294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “icarəyəverən” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, “icarəçi” Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti olmaqla tərəflər arasında arasında 24.09.2019-cu il tarixdə icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.953,7 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir. İcarəyə verən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tam hissə, 688 kv/m, icarəçi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 07.02.2021-ci il tarixədək müəyyən edilir və əgər ilkin müddətin və ya həmin müddətdən sonrakı hər növbəti üç ilin sonuna ən azı 1 (bir) ay qalmış müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında tərərflərdən hər hansı birinin ərizəsi olmadıqda o müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 4-cü bəndə əsasən əmlak bü müqaviləyə əlavə 1-ə əsasən ünvan 1 ünvanında yerləşən Bakı Dəmir Yolu Vağzalı binasının 15 və 16-cı mərtəbələrində yerləşən, hər bir mərtəbəsi 344 kv. m., ümumilikdə 688 kv. m. olan qeyri yaşayış sahəsidir. 5-ci bəndə əsasən icarəyə icarəyə götürən icarəyə verənə aylıq 9.742 manat 00 qəpik (doqquz min yeddi yüz qırx iki manat, sıfır qəpik) icarə haqqı ödəyir. 5.4-cü bəndə əsasən icarəçi icarə sahəsindən 01 yanvar 2018-ci il tarixinədək istifadə edir. İcarəçi 01 mart 2018-ci il tarixindən cari aylar üzrə hər ayın 10-dan gec olmayaraq bu əlavənin 1.2-ci bəndində qeyd olunan məbləğə uyğun olaraq icarəyə verənin təqdim etdiyi EQF əsasında icarə haqqını icarəverənin hesabına bank köçürməsi və ya nağd ödəniş yolu ilə həyata keçirir. Əgər icarəçi icarə haqqını vaxtında ödəməzsə, onun tərəfindən ödənilməli olan, ancaq ödənilməyən məbləğin üzərinə icraçı tərəfindən hər ödənilməyən gün üçün 0.1 % məbləğində dəbbə pulu əlavə olunacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən icarə haqqının ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər icarəçinin ödədiyi hər hansı məbləğ onun icarəyəverən qarşısında bütün borclarının bağlanmasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulunun ödənilməsinə yönələcəkdir. Sonra icarəçinin icarəyəverən qarşısında digər borclarına və daha sonra isə icarə haqqının ödənilməsinə yönələcəkdir. 24.09.2019-cu il tarixdə 3M-185 nömrəli icarə müqaviləsi üzrə imzalanmış 23.10.2019-cu il tarixli, 3M-202 nömrəli sazişin 1.2-ci bəndinə əsasən 24.09.2019-cu il tarixdə 3M-185 reyestrli icarə müqaviləsi üzrə 01 yanvar 2020-ci il tarixinə kimi yekun ödəniləcək icarə haqqının cəmi 30.117,04 (otuz min yüz on yeddi manat, dörd qəpik) manat olması razılaşdırılmışdır. 1.4,1.5, 1.6-cı bəndlərə əsasən tərəflər 01.12.2019-cu il tarixinədək ünvan 3 ünvanında yerləşən, Bakı Dəmir Yolu Vağzalı binasının 16-cı mərtəbəsini (344 kv.m) boşaldaraq təhvil verməyi öhdəsinə götürür. 01.01.2020-ci il tarixinədək ünvan 3 ünvanında yerləşən, Bakı Dəmir Yolu Vağzalı binasının 15-ci mərtəbəsini (344 kv.m) boşaldaraq təhvil verməyi öhdəsinə götürür. Tərəflər həmçinin razılaşırlar ki, 24 sentyabr 2019-cu il tarixli 3M-2020 reyestrli icarə müqaviləsinə 01 yanvar 2020-ci il tarixində xitam verilir. Cavabdeh QSC-yə aid dövriyyə məlumatlarından çıxarışdan məlum olur ki, ümumillikdə dövr ərzində 24.355,04 məbləğində ödəniş, 38.228,20 məbləğində isə öhdəlik olmuş, 3.294,46 məbləğində dövr sonuna qalıq olmuşdur. Cavabdeh QSC-nin icraçı direktoru Məmmədov Fuad tərəfindən "xxxx" MMC-nin direktoru X2 ünvanlanan ərizədə 24 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə ödənişlərində çətinliklər olduğu üçün 15.500 manat mövcud borc və 01 yanvar 2020-ci il tarixinədək hesablanacaq icarə haqqının həftəlik 4.000 azn olmaqla hissəli şəkildə ödənilməsi üçün ödəniş cədvəli müəyyən edilməsi, həmçinin 01 dekabr 2019-cu il tarixinə icarə obyektinin 16-cı mərtəbəsini (344 kv.m) 01 yanvar 2019-cu il tarixə isə icarə obyektinin digər hissəsini (15-ci mərtəbə 344 kv.m) qaytarılmasını nəzərə alaraq, sonuncu (01.01.2020) tarixdə icarə müqaviləsinə xitam verilməsi, 01 dekabr 2019-cu il tarixdə icarə obyektinin bir hissəsini qaytaracağları üçün icarə haqqınında həmin aya azaldılması xahiş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh QSC-yə ünvanlanan pretenziya məktubunda Cavabdeh QSC tərəfindən 2019-cu il 24 sentyabr tarixli 3M-185 reyestrli icarə müqaviləsi üzrə qalıq 3.294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat məbləğində əsas icarə haqqı borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər icarə müqaviləsi imzalanmış, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Daha sonra tərəflər arasında yuxarıda qeyd olunan icarə müqaviləsinə dəyişiliklər edilməsi barədə razılıq əldə edilmiş və müqavilə imzalanmışdır. Cavabdeh ikinci müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra edərək icarəyə verilmiş icarə obyektlərini boşaltmış, lakin icarə müqaviləsi üzrə borclarını ödəməmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Əlavə olaraq, iddia ərizəsindən məlum olur ki, iddiaçı 4 000 (dörd min) manat məbləğində dəbbə pulu və 10 000 (on min) manat məbləğində əldən çıxmış fayda tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə 330 manat məbləğində cərimənin tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməsi nəticəsində faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh QSC-dən 24.09.2019-cu il tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3.294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat əsas borc, 330 manat məbləğində dəbbə pulu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3.654,46 (üç min altı yüz əlli dörd manat, qırx altı qəpik) manat tutularaq, "xxxx" QSC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 24.09.2019-cu il tarixli, 3M-185 nömrəli icarə müqaviləsi üzrə 3.294,46 (üç min iki yüz doxsan dörd manat 46 qəpik) manat əsas borc, 330 manat məbləğində dəbbə pulu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3.654,46 (üç min altı yüz əlli dörd manat, qırx altı qəpik) manat tutularaq, "xxxx" QSC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar