Məhkəmə qərarları › İş №e-2-2(113)-3458/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3458/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3458/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə qanuni faizin tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, kredit müddətindən sonra qanuni faizin tutulması, ipoteka qoyanın məsuliyyətinin həddi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə qanuni faizin tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Qanuni nümayəndə2 qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 218 050 manat əsas borca illik 5 faizlə hesablanmış 7298,62 manat məbləğində pulun və ödənilmiş 92,99 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli MKX- 722835/23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% olmaqla 3 ay müddətinə 230 000 manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Cavabdehlərə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, bağlanmış xx.xx.2023-ci il tarixli MKX- 722835/23 saylı kredit müqaviləsi üzrə banka olan 218 050 manat əsas, 12646,67 manat faiz, 18897,88 manat cərimə borcu olmaqla cəmi 249 594,55 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 135 manat məbləğində rüsumun, 539,60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, həmçinin həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə2 məxsus ünvan 1vanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsi və ünvan 1vanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və s. birlikdə) yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2023-ci il tarixli MKX-722835/23 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 2.2. İş üzrə Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-3920/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə çıxararaq cavabdehdən qətnamə üzrə xx.xx.2023-ci il tarixli MKX-722835/23 saylı kredit müqaviləsi üzrə 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsum, 500 manat dövlət rüsumu, ümumilikdə 232 331,67 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh Qanuni nümayəndə2 məxsus ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və sairə ilə birlikdə) ilkin satış qiyməti ******* (iki milyon) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 232 331,67 manat məbləğində borcun tutularaq tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2.3. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, borcalanla bağlanmış xx.xx.2023-cü il tarixli №MKX- 722835/23 saylı kredit müqaviləsi 12 aylıq müddətə bağlanmışdır. Borcalan xx.xx.2024-cü il tarixdə sonuncu ödənişini etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə cavabdehin banka əsas borcunun qalığı 218 050 manat təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərdən və xx.xx.2024.-cü il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla ödəniş etməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında tam icra etməyən cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5% məbləğində hesablanmış 7298,62 manat borcu qalmaqdadır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda əsas borca illik 5 faizin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablandığını bildirdi.

6. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri müvafiq olaraq hüquqi ünvanına və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakları olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı (bank) və Cavabdeh2 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MKX-722835/23 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-yə 3 ay müddətinə, illik 18% olmaqla ilə 230000 manat məbləğində sahibkarlıq məqsədilə kredit verilmişdir. – İddiaçı ilə Cavabdeh2 MMC və cavabdeh Qanuni nümayəndə2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-3293 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı (bank) və Cavabdeh2 MMC (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MKX-722835/23 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (əlavə tikililər, qurğular və s. birlikdə) ipoteka ilə yüklü edilmişdir – iddiaçı cavabdehlər Qanuni nümayəndə2 və "xxxx" MMC-yə qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “MXD” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli MKX722835/23 saylı kredit müqaviləsi üzrə banka olan 218,050 manat əsas borc, 12,646.67 faiz borcu, 18897,88 manat cərimə borcu olmaqla, cəmi borcu 249594,55 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 135 manat məbləğində rüsumun, 539.60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borcalan - Cavabdeh2 MMC, ipoteka qoyan – Qanuni nümayəndə2) tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə2 məxsus ünvan 2 ünvanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsi və ünvan 1vanında mülkiyyətində olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və s. birlikdə) yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2023-ci il tarixli MKX-722835/23 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan - Cavabdeh2 MMC, ipoteka qoyan– Qanuni nümayəndə2) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3920/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 MMCdən xx.xx.2023-ci il tarixli, MKX-722835/23 saylı kredit müqaviləsi üzrə 218050 manat əsas borc, 12646,67 manat faiz borcu, 1000 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsum, 500 manat dövlət rüsumu, ümumilikdə 232331,67 (iki yüz otuz iki min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh Qanuni nümayəndə2 məxsus ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsi və ünvan 1vanında olan 0,30007 ha torpaq sahəsində yerləşən 655.0 kv.m ümumi, 538.2 kv.m əsas, 116.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə (əlavə tikililər, qurğular və sairə ilə birlikdə) - ilkin satış qiyməti ******* (iki milyon) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 232331,67 (iki yüz otuz iki min üç yüz otuz bir manat altmış yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. – Həmin qətnamə ilə xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu tutulmuş, cavabdeh Qanuni nümayəndə2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3920/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində” ləğv edilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 2.500.000 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(103)-343/2025 nömrəli qətnaməsi ilə cavabdeh Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3920/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Qanuni nümayəndə2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(103)-343/2025 nömrəli qətnaməsinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində” ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş hal-hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasının icraatındadır (№ 2-2(102)- 398/2025).

11. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3920/2024 nömrəli qətnaməsi ilə faiz borcunun tutulduğu dövr (xx.xx.2024-cü il tarixə) nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 7298,62 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmirlər.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Belə ki, Mülki Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).

19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

20. Məhkəmə qeyd edir ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. Mülki Məcəllənin 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.

21. Mülki Məcəllənin 399.3 və 399.4-cü maddələrinin tələblərinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

23. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).

24. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

25. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.

26. Belə olan halda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3920/2024 nömrəli qətnaməsi ilə faiz borcunun tutulduğu dövr (xx.xx.2024-cü il tarixə) nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mübahisələndirilməyən 218 050 manat məbləğində əsas borca illik 5 faizlə hesablanan məbləğ 7288,25 (218 050 *5% / 365 * 244 gün) manat təşkil edir.

27. İddia tələbinin qanuni faizin ipoteka qoyandan da tutulması hissəsində isə məhkəmə göstərməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

30. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

31. Göründüyü kimi, ipoteka müqaviləsi zamanı ipoteka qoyanın məsuliyyəti ipoteka predmetinin dəyəri ilə məhdudlaşmış olur. Bu mənada iddiaçının əsas öhdəlikdən irəli gələn hər hansı tələbi ümumi qaydada ipoteka qoyandan tələb etməsi mümkün deyildir. Bu hal yalnız ipoteka qoyanın əsas öhdəlik üzrə həm də zamin olduğu təqdirdə mümkündür. İddiaçı isə hazırkı halda tələbi birbaşa ipoteka qoyana yönəlmiş, tutma yönəldilməsi prosesindən kənara çıxmışdır. Bu isə cavabdeh Qanuni nümayəndə2 qarşı iddia tələbinin təmin edilməsini istisna edir.

32. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MKX-722835/23 nömrəli kredit müqaviləsi üzrə 218 050 manat əsas borca illik 5 faizlə hesablanmaqla 7288,25 manat Cavabdeh2 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. İddiaçı ödənilmiş 120,62 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.

34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 120,62 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MKX-722835/23 nömrəli kredit müqaviləsi üzrə 218 050 manat əsas borca illik 5 faizlə hesablanmaqla 7288,25 manat Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar