Məhkəmə qərarları › İş №e-2-2(113)-3460/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3460/2025

13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3460/2025 13.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (daşınmaz əmlakın sökülməsi ilə əlaqədar ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 17 ünvanında yerləşən ona məxsus daşınmaz əmlakının dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq tikilinin 658,56 kv.m. hər 1 kv.m-nə 1000 manat hesablanmaq şərtilə ümumilikdə 658 560 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 948,56 manat pulun İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya № AA3687770, xx.xx.2022-ci il tarixdə Asan 6 tərəfindən verilmişdir) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 17 ünvanda yerləşən daşınmaz əmlak ona əmlak hüququ ilə məxsusdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 11 dekabr 1999-cu il tarixə əmlak barədə texniki passport tərtib edilmişdir. Ona məxsus daşınmaz əmlaka verilmiş Texniki pasportda ümumi sahə 658,56 kv.m. göstərilmişdir. O həmin əmlak vasitəsi ilə sahibkarlıq fəaliyyətini (avtomobillərin təmiri) həyata keçirmişdir. Qeyd edilən daşınmaz əmlak çəkilməsi ilə əlaqədar cavabdehlər tərəfindən sökülmüş, əmlakın yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. Lakin, bununla bağlı cavabdeh tərəfindən bu günədək onun əmlakına vurulmuş ziyana görə pul öhdəliyi icra edilməmişdir.

3. Məhkəmənin 24 aprel 2025-ci il tarixli e-2-2(113)-3460/2025 saylı qərardadı ilə işə cavabdeh "xxxx" MMC-yə dair hissədə xitam verilmişdir.

4. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri əsassız olmaqla rədd edilməlidir. Belə ki, Bakı-Ələt Yolunun 2-4 kilometr hissəsinin yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar yolun tikintisi altına düşən tikililər köçürülmüşdür. Həmin dövrdə vaxt məhdudiyyəti nəzərə alınaraq yolun tikinti və abadlaşdırma işlərinin layihəsi altına düşən tikililər müxtəlif təşkilat-müəssisə sahibləri tərəfindən sökülərək kənarlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi hal-hazırda altında yerləşir. Tikintinin hansı təşkilat tərəfindən sökülməsi barədə məlumat olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14) Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir və cavabdeh inzibati orqan isə, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İİİ. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının texniki passportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 17 ünvanında yerləşən ümumi sahəsi 658.56 kv.m təşkil edən daşınmaz əmlak sahiblik və istifadə hüququ üzrə İddiaçı məxsusdur.

10. n İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11-1/2-21xx-xx/2023 nömrəli məktubda müraciətdə qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin surətinin Azərbaycan Avtomobil X4nə təqdim edilməsi xahiş olunmuşdur.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 17 ünvanında yerləşən daşınmaz əmlak, əmlak hüququ (sahiblik hüququ) ilə İddiaçı məxsusdur. çərçivəsində sözügedən daşınmaz əmlak sökülmüş və onun yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır.

12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

13. “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski (Brorniowski) Polşaya qarşı” məhkəmə işi üzrə qərarında əks olunmuş hüquqi mövqeyə görə, "134.1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, Razılığa gələn Dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Lakin bu üç norma təcrid halında deyil, bir-biri ilə əlaqəlidir. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır”.

15. Göründüyü kimi, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin nəzərdə tutduğu ən mühüm şərt dövlət orqanları tərəfindən mülkiyyətin toxunulmazlığına yönəlmiş hər hansı bir müdaxilənin hüquqa uyğun olması tələbidir. Qeyd edilən maddənin 1-ci bəndinin 2-ci cümləsi mülkiyyətdən məhrum etməyə yalnız qanunla nəzərədə tutulmuş şərtlərə uyğun olduqda icazə verir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (maddə 386.1). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Beləliklə, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

18. Daşınmaz əmlakın bazar qiymətinin müəyyən olunması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X7 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir. Məhkəməyə daxil olmuş mütəxəssis Samir Əliyev tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 55 nömrəli mütəxəssis rəyinə əsasən, X2 əmlak hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 17 ünvanında yerləşən sahəsi 658.56 kv.m təşkil edən daşınmaz əmlakın 1 kv.m orta bazar qiyməti 1500 manat təşkil etməklə hazırkı bazar qiyməti 987840 manat məbləğində müəyyən edilmişdir.

19. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı sözügedən daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş real zərərin həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmışdır.

20. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi qanuna uyğun aparılmamış, idiaçının ona əmlak hüququ ilə məxsus olan əmlakından məhrum edilməsi, beləliklə iddiaçının əmlak hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçıya dəyən zərərin həcmi ümumilikdə 987840 manat məbləğində qiymətləndirilmişdir.

21. Daşınmaz əmlakın hər 1 kv.m üçün orta bazar qiymətinin 1500 manat təşkil etdiyi nəticəsinə gələn mütəxəssis rəyinə münasibətdə məhkəmə, iddiaçının tələbində hər 1 kv.m üçün 1000 manat tutulmasını xahiş etdiyini, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin mütəxəssis rəyində əmlakın hazırkı bazar qiymətinin cavabdehdən tələb edilən məbləğdən artıq olduğunu təsdiq etdiyini nəzərə alaraq mütəxəssis rəyi ilə qismən razılaşır və vurulmuş ziyanın məbləğinin hər 1 kv.m üçün 1000 manat hesablanmasını məqsədəmüvafiq hesab edir. Vurulmuş ziyanın məbləği ilə bağlı məhkəmə, iddiaçının daşınmaz əmlakdan avtomobil təmiri məqsədi ilə istifadə etməsini nəzərə alaraq hesab edir ki, vurulmuş ziyan ümumi sahəsi 229.2 kv.m təşkil edən 6 təmir sexi, sahəsi 18 kv.m təşkil edən iş otağı, sahəsi 118.76 kv.m təşkil edən qapalı dayanacaq və 6 ədəd boks otağından biri (sahəsi 30.9 kv.m) olmaqla, cəmi 396 kv.m sahə üçün hesablanmalıdır. Belə ki, qeyd edilən əmlakın qalan hissəsi (sahəsi 85.6 kv.m təşkil edən anbar və digər boks otaqları) ilə bağlı məhkəmə qeyd edir ki, texniki passport və iş materiallarına əlavə edilmiş digər hüquqmüəyyənedici sənədlər əsasında həmin sahələrin həqiqətən mövcud olub-olmaması və nədən təşkil olunmasını müəyyən etmək mümkün olmadığından iddia həmin hissədə təmin edilməməli və cavabdehdən tutulmalı olan maddi ziyanın məbləği 396000 manat olaraq müəyyən edilməlidir (229.2+18+118.76+30.9=396.860).

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 948,56 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. AR MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 17 ünvanında yerləşən əmlak (sahiblik) hüququ ilə İddiaçı məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 396000 (üç yüz doxsan altı min) manat pul tutularaq İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi verilmişdir) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar